Rəsul Quliyev:
Mən Nyu-Yorkdayam, orada kim var?
Tapmıram özümə münasib həmkar,
Olardı puluma yaxşı xiridar,
Artıq qədəmini atmaqda Dovşan,
Pələng ili getdi, axıtmayın qan,
Eybi yox, pul məndən, yeyin siz yovşan.
Əvəz Temirxan:
Məni öz qapında Rəsul, zəncirlə!
Mən qane olanam quru əncirlə,
Lalə boğazımı sıxır zəncirlə,
Ancaq mən olardım sizə yovuşan.
Rəsul Quliyev:
Bir blok qurmağı dəqiq qət etdim,
Bəyanat verməyə mən adət etdim,
Ağzımı ilk açıb müraciət etdim,
Yenə Əvəz oldu mənə qovuşan.
Əvəz Temirxan:
İştahan küsübsə, bizlərə diş aç,
Mən blok yaradım, sən mənə iş aç,
Sən öz ciblərini mənə geniş aç,
Bir mənəm həvəsi çox aşıb-daşan.
Rəsul Quliyev:
Yoxdu heç birinin dilinin qəndi,
Odur ki, keçməmiş ən cüzi fəndi,
Hər biri sənin tək pul gözləyəndi,
Yoxdu sənin kimi cib kəsən siçan.
Əvəz Temirxan:
Ağasına tabe quldu aludə,
Mənim bəd bəxtimə çuldu aludə,
Çoxları puluna oldu aludə,
Səninçün mən oldum ilk qucaq açan.
Rəsul Quliyev:
Pulsuzlar yalandı, pullular doğru,
Sərvəti talanan mənəm, siz oğru,
Pul üçün gəlirsiz siz mənə doğru,
Mənəm sərvətimlə od-alov saçan.
Əvəz Temirxan:
Gərək öz qınıma mən də sığam da,
Mən evli deyiləm, yoxdu çağam da,
Olmuşam, oluram, olacağam da,
Sənin kimilərin önündə qaçan.
Rəsul Quliyev:
Hətta brilyantdan qıl göndərərəm,
Gümüşdən, bürüncdən çul göndərərəm,
Nə qədər istəsən pul göndərərəm,
Blok düzəldərsən, söylə, sən haçan?
Əvəz Temirxan:
Öz var-dövlətini bazara verdin,
Sonra da xarici güzara verdin,
Pulunu Akifə, Sərdara verdin,
Səni pullarınla mən oldum qucan.
Rəsul Quliyev:
Sən orda liberal bir klan oldun,
Mənəvi cəhətdən bol, kalan oldun,
Lalənin yanında sən qalan oldun,
Nədənsə mən oldum xaricə uçan.
Əvəz Temirxan:
Sən mənə yönləndir ən geniş yolu,
Mənim ünvanıma göndər həm pulu,
Blok yaradaram nəhəng və ulu,
Çoxlu pul göndərsən, qəbuldu rican.
Rəsul Quliyev:
Dodağın altında zümzümə et şer,
Hər sözüm qoy sənə heç etməsin yer,
Hələ ürəyinə sən toxtaqlıq ver,
Həm də sakit otur, çay iç bir fincan.
Əvəz Temirxan:
Dedin blok yarat, keçdin bazara,
Qrant göndərməyi gömdün məzara,
Dedim çevrilərsən pulu həmkara,
Olmusan arı tək adamı sancan.
Rəsul Quliyev:
Bu saziş girdiyin kolun olacaq,
İsa da, Əli də qulun olacaq,
Mənə xidmət etsən, pulun olacaq,
Hələ ki, Lalədən gəlməkdə yoncan.
Əvəz Temirxan:
Kim arxanca getdi, qərq oldu selə,
Ya da urcah oldu amansız yelə,
Maneə görməmiş Koroğlu belə,
Çox Sərdarlar boğdu sənin sərt haçan.
Rəsul Quliyev:
Liberaldan sonra haraya köçdün?
Bizləməkçün bizi sancaq nə üçün?
Məni çağırırsan, ancaq nə üçün,
Ay Əvəz, görəsən, dolaşır qılçan?
Əvəz Temirxan:
Gəl sən də qaytarma məni yox deyə,
Avam hesab etmə məni lox deyə,
Dikbaşlıq edirsən, pulun çox deyə,
Bilmirəm, əynimə gələrmi parçan?
Rəsul Quliyev:
İstərdim ki, görəm mən vəfanı da,
İşlət, ən nəhayət, öz qafanı da,
İtilə bir müddət iştahanı da,
Mən viski süzərdim, dərindi dolçan.
Əvəz Temirxan:
Ay Rəsul, namərdə gəlsin qoy qadam,
Çox sərtdi İsanın dediyi "Madam",
Mən Lalə yanında bir kasıb adam,
Yəqin sevindirər məni də xonçan.
Rəsul Quliyev:
Laləni tərk etdin, səni öləsən,
Sən darda qaçırsan, demək, böyləsən?!
Əgər cəhd eyləyib, yalan söyləsən,
Olacaq qulağın boyda hər parçan.
Əvəz Temirxan:
Rəsul bəy, üzümə siz yaxşı baxız,
Ancaq mən bir sənə açmışam ağız,
Mən bədbəxt adicə bir parça kağız,
Görək nə çəkəcək yeddirəng fırçan?