Arif Hacıyev:
Sülhəddin, İbrahim qılınca getdi,
Adil və Qabil bəy dalınca getdi,
İsa xəstə düşüb qulunca getdi,
Onun ürəyinə yara gəlibdi,
O, yalandan deyir para gəlibdi,
Ağ Dovşan bunlara qara gəlibdi.
Nurəddin Məmmədli:
Cəbhədə səngimir qalmaqal, dava,
Ağızdan çıxan söz bir qaynar lava,
"Yurd"da yaranıbdı ağır ab-hava,
Əli bəy bu haldan zara gəlibdi.
Arif Hacıyev:
Özüyçün zirvədə qurubdu qala,
Həm bizim çox sakit Adil Qeybulla,
Həm Qabil Hüseynli qalmayıb dala,
Gözlər parıldayıb nura gəlibdi.
Nurəddin Məmmədli:
"Yurd" şefi son illər əyib qəddini,
Hamı da bilir ki, keçib həddini,
Keçibdi özünün cızıq xəttini,
Elə bil, Əli bəy bara gəlibdi.
Arif Hacıyev:
Deyir ki, mələyəm uduzsa belə,
Ağıldan cayıdıb tez azsa belə,
Birinci seçkidə uduzsa belə,
Sevinir, ikinci tura gəlibdi.
Nurəddin Məmmədli:
Almamış heç kəsdən izn bu Əli,
Silib-süpürübdü izin bu Əli,
Başını itirib bizim bu Əli,
Özü də anlamır hara gəlibdi?!
Arif Hacıyev:
Çox səhvə yol verib dərzində İsa,
Daim yanılıbdı fərzində İsa,
Ötən onilliklər ərzində İsa,
Bossların özünə fora gəlibdi.
Nurəddin Məmmədli:
İddia etməyib, olubdu uman,
Halı həmişə də bəxtindən yaman,
İsa münbit torpaq axtaran zaman,
Əli də nədənsə şora gəlibdi.
Arif Hacıyev:
İsa bəy olsa da çox aciz bir qul,
Fikrində-zikrində dolaşmaqda pul,
Mənəvi cəhətdən olsa da yoxsul,
Meyli-marağıyla vara gəlibdi.
Nurəddin Məmmədli:
Vursa da bolluca maska üzünə,
İnanan tapılmır onun sözünə,
Əməlli dəstəkçi tapmır özünə,
Əli bəy yamanca zora gəlibdi.
Arif Hacıyev:
İfşa etmək üçün çatıbdı bil, dəm,
Son vaxtlar altı da olmaqda gil, nəm,
Olmasa da cüzi səsində zil-bəm,
İsa elə bilir xora gəlibdi.
Nurəddin Məmmədli:
Əli bəy üzünü təmiz yusa da,
Getmədi üstündən xata, tasa da,
Bunu pudra ilə maskalasa da,
Üzünə qəribə xora gəlibdi.
Arif Hacıyev:
Əlləşir, yerindən heç qopa bilmir,
Nə qədər çalışır iş tapa bilmir,
Özünə xaricdə yer tapa bilmir,
İsa bəy çaşaraq bura gəlibdi.
Nurəddin Məmmədli:
O, qaynatmaq üçün qazan istəyir,
Əli bəy qazancı asan istəyir,
Xaricdən o, bollu qrant istəyir,
Nə çəki, nə ölçü, tara gəlibdi.
Arif Hacıyev:
Firavan yaşayış olmamış baxtda,
Onun ümidini dondurub şaxta,
Saqqız axtarmağa getdiyi vaxtda,
İsanın ümidi qıra gəlibdi.
Nurəddin Məmmədli:
Həmkarlardan güclü zərbə alıbdı,
Odur ki, qəmlənib, fikrə dalıbdı,
Əlacsız "Yurd" Əli çaş-baş qalıbdı,
Onun köməyinə şura gəlibdi.
Arif Hacıyev:
İsanı tanımır partiya iti,
Ağlı da işləmir son vaxtlar iti,
Dirənib dalana İsa ümidi,
Ən xırda nüans da kara gəlibdi.
Nurəddin Məmmədli:
Naümid Əlinin gözü səyirdi,
Odur ki, udqunub, bollu gəyirdi,
Oturub o, Qərbdən pul gözləyirdi,
Əvəzində çoxlu kora gəlibdi.
Arif Hacıyev:
Burada istefa axın-axındı,
Bu anda İsanı sardı sıxıntı,
lAy aman" İsaya daha yaxındı,
Qəflətən beyninə lura" gəlibdi.
Nurəddin Məmmədli:
Son vaxtlar görməyib Əli ciddi iş,
Həmkar liderlər də qoymamış qəmiş,
"Segah" bulağından heç su içməmiş,
Adlayıb "Cəngi"ni "Şur"a gəlibdi.
Arif Hacıyev:
Ondan həm qaynana, həm quda dönüb,
Çoxları sevinir ki, qada dönüb,
İsa bəy nazilib armuda dönüb,
Boğazı yamanca dara gəlibdi.
Nurəddin Məmmədli:
Göyə çəkilməsə qaynamış buğ tək,
Əgər sovrulmasa adi ovuq tək,
Tezliklə partlayar nazik qovuq tək,
Əli bəy püflənmiş şara gəlibdi.