PDF Oxu

Köşə

  • 17

ADP və “Ümid” “Qarabağ” siyasi partiyalar birliyində birləşəcək

ADP və “Ümid” “Qarabağ” siyasi partiyalar birliyində birləşəcək

Sərdar Cəlaloğlu:

Təklik əldən salıb bezdirib məni,
Rəsul görkəmində əzdirib məni,
Həmkarlarsız qurum çezdirib məni,
Qorxuram tükənəm vaxtından qabaq,
Həmişə boş qala ciblərim, tabaq,
Təcili yarana gərək "Qarabağ".

İqbal Ağazadə:

Siyasi partiya birliyi binə,
Çoxu "cırtdan" deyir, vururlar tənə,
Sərdarla birləşmək vacibdi mənə,
Yoxsa xəstələnib olaram dabaq.

Sərdar Cəlaloğlu:

Dayaqsız qalmışam, dirəyim qızmır,
Radikal saçlarda çörəyim qızmır,
Başqa həmkarlara ürəyim qızmır,
Bir İqbal edərdi üzümü apağ.

İqbal Ağazadə:

Bossun cəlbedici piş-pişi bəsdi,
Bizi dəstəkləyən min kişi bəsdi,
İsayla Əlinin gərdişi bəsdi,
Uğuru onların əlindən qapaq.

Sərdar Cəlaloğlu:

Bosslar ayı atıb, ili qaynadar,
İfrata vurduğu pəli qaynadar,
Qazanı üsullu Əli qaynadar,
İsanın əlində qalacaq qapaq.

İqbal Ağazadə:

Hazırda dəbdədi modlu partiya,
"Ümid" və ADP dadlı partiya,
Yaradaq "Qarabağ" adlı partiya,
İçində belədən-beləyə çapaq.
Sərdar Cəlaloğlu:

Bizləri tutdurub məhbus salsalar,
Üzvlərin qəlbinə kabus salsalar,
Rəqiblər daxilə casus salsalar,
Bədxahlarımızın üzünü çapaq.

İqbal Ağazadə:

İstərəm hirsimi onlara tökəm,
İsa da, Əli də qoy olsun zökəm,
İstərdim birləşəm Sərdarla möhkəm,
Bu fikir ağlıma gəlməmiş qabaq.

Sərdar Cəlaloğlu:

Radikal liderlər çıxıbdı haqlı,
Nədənsə qalmışıq üzü danlaqlı,
İqbal da anlaqlı, mən də anlaqlı,
Bizə rişxənd edən əsil balqabaq.

İqbal Ağazadə:

Digər bloklarda gedirlər çorta,
Blok var yığışıb xarici porta,
"Qarabağ" elə bir təndir ki, orda,
Gərək ikiəlli biz çörək yapaq.

Sərdar Cəlaloğlu:

Sındırar qabını tünd olsa sirkə,
İsa da, Əli də batıblar çirkə,
Gərək fikirləşib İqballa birgə,
Bir gözəl siyasi partiya yapaq.
İqbal Ağazadə:

Sərdar Əli deyil, durub bağıra,
Hazırıq yüngülə, həm də ağıra,
Nail olmaq üçün ciddi uğura,
Çətini odur ki, biz yerdən qopaq.

Sərdar Cəlaloğlu:

Bloklar bloka calanan alaq,
Münasib birlikdə biz lövbər salaq,
Dedim radikala nümunə olaq,
Demədim İqballa biz yoldan sapaq.

İqbal Ağazadə:

Biz rəva bilmədik gül tək solmağı,
İstərik həmişə nikbin qalmağı,
Qoyub biz onlara bədbəxt olmağı,
Külli-"Qarabağ"da xoşbəxtlik tapaq.

Sərdar Cəlaloğlu:

İsanın, Əlinin üzü ziyilli,
"Qarabağ" cavanlı, yaşlı, ceyilli,
İqbal da, özüm də Qərbə meyilli,
Əlaqə qurubdu onlarla "ŞABAK".

İqbal Ağazadə:

Bossların cibini təmiz soyublar,
Siyasətbazlıqdan çoxdan doyublar,
Onlar başlarına kepka qoyublar,
Biz qeyrət rəmzli abırlı papaq.
Sərdar Cəlaloğlu:

Biri-birimizi yarıda bilsək,
Öz iddiamızı sırıda bilsək,
"Qarabağ" birliyi yarada bilsək,
De, hansı radikal edər bizə lağ?

İqbal Ağazadə:

Verməməkçün əgər rəqibə cürət,
Bizə kifayətdi, sözsüz, tək surət,
Birlik götürəndə çox yüksək sürət,
Bizim işlərimiz gedəcəkdi cağ.

Sərdar Cəlaloğlu:

Bizi yönəldiblər fağıra doğru,
Həmişə getmişik ağıra doğru,
Deyib gedirsiniz uğura doğru,
Bizə gələcəkdən xəbər verib maq.

İqbal Ağazadə:

İfrat gələcəyə bəsləyir ümid,
"No"lardan əl çəkir, "Yes"ləyir ümid,
Məni gələcəyə səsləyir "Ümid",
Sərdarın arzusu verəcəkdi tağ.

Sərdar Cəlaloğlu:

Bir yerə kül töküb, mıxlaşacağıq,
İndi "Qarabağ"da tıxlaşacağıq,
Birlik ətrafında sıxlaşacağıq,
Kimlərsə olsa da üzümüzə ağ.

İqbal Ağazadə:

İqbal da, Sərdar da sail olmayıb,
ADP, nə "Ümid" zail olmayıb,
Çoxları heç nəyə nail olmayıb,
Öz məqsədimizə çatacağıq sağ.

Digər xəbərlər