PDF Oxu

Köşə

  • 22

Rauf və Pənahın qarşılıqlı ittihamları

Rauf və Pənahın qarşılıqlı ittihamları

Rauf Arifoğlu:

İsa məşğul olub bir cinayətlə,
Çıxıb Müsavatda səmimiyyətlə,
Sədr seçilərdim tam qətiyyətlə,
Başqan daim olub siyasətdə baz,
Zaman etdi onu Həmzə kimi daz,
Ancaq qorxuram ki, fikrim alınmaz.

Pənah Hüseynov:

İstefa verənlər dinc qala bilmir,
Başqanda iştaha azala bilmir,
Bir çoxu Məclisə üzv ola bilmir,
Sənsə sədr postunu öz adına yaz.

Rauf Arifoğlu:

Oraya getməyin arsız hücumu,
Yıxdı AXP-ni qarpız hücumu,
Səni uduzdurdu "payız hücumu",
Ümidin, deyəsən, Dovşanlı bir yaz.

Pənah Hüseynov:

A sərsəm, gözündən götür sən toru,
Sənə hücumlar var, özünü qoru,
Özüm "ideyalar generatoru",
Orda da, burda da mənim kefim saz.

Rauf Arifoğlu:

Son zamanlar dilxor olmusan yaman,
Siyasət səninçün adi bir saman,
Götürsün özünə İsa bir kaman,
Sən isə əlinə götür telli saz.

Pənah Hüseynov:

Digərləri təpəl bir qaşqa kimi,
Sənsə tanınırdın bir çuşka kimi,
Meydanda getmişəm hinduşka kimi,
İsa bəyin özü səni sayır qaz.

Rauf Arifoğlu:

Sərsəm ideyanla hey qozu basdın,
Təsəvvür etdin ki, sən tuzu basdın,
Meydanda sən daim tormuzu basdın,
Mənim ayağıma tabe pedal, qaz.

Pənah Hüseynov:

Daim axtardığın hay-küy, davadı,
Elə rəftarın da kobud, qabadı,
Udduğum həmişə təmiz havadı,
"Yeni Müsavat"da havada var qaz.

Rauf Arifoğlu:

Sözdə olmamısan heç zaman qəti,
Güldürdün üstünə eli, milləti,
Mandatın əlindən düşdü əbədi,
Get indi İsaya, Əliyə sat naz.

Pənah Hüseynov:

Göy ilə gedirdin ara qatanda,
Səsin avazıyır şıllaq atanda,
Yüyürərəm ən iti qarışqadan da,
Sənin sürətinsə tısbağadan az.

Rauf Arifoğlu:

Sonda yıxılarsan, istər dan əvvəl,
İflasın başladı baxtından əvvəl,
Sındı generator vaxtından əvvəl,
Başına çevrildi çirkab dolu taz.

Pənah Hüseynov:

Çoxu hesab edir əhli-hal məni,
Sənin kimilərdi sayan mal məni,
Qrimsiz tanıyır radikal məni,
Qrimlənmək üçün əlində yox maz.

Rauf Arifoğlu:

Şimşəyə çevrilib, yağış tökərəm,
Pul üçün göz yaşı yaz-qış tökərəm,
Sənə daşdan keçən qarğış tökərəm,
Yazağzı qılanda növbəti namaz.

Pənah Hüseynov:

Əl-ayaq oynatdın bir çağa kimi,
Yerişin çox yavaş bir bağa kimi,
Çirkaba batmısan qulağa kimi,
Çirkini-pasını bir ton su yumaz.

Rauf Arifoğlu:

Batıb ürəyinə iti bir qəmə,
Qoymur ki, kükrəyib düşəsən dəmə,
Fərəhim-sevincim sığmır sinəmə,
Kədərin yüklənmiş ağır bir KAMAZ.

Pənah Hüseynov:

Artmaq istəsən də, yaman azaldın,
Dalana dirənib xəyala daldın,
Yolun yarısında dirənib qaldın,
On il bundan sonra Pənah yorulmaz.

Rauf Arifoğlu:

Saf məhsul daşımır səndəki boru,
Nə qədər cəhd etdin, göründün quru,
Mənim bulağımın gözü dupduru,
Əlbəttə, bulannıq suyun durulmaz.

Pənah Hüseynov:

İndi Müsavatın düşüb boynuna,
AXP qoşulur onun oynuna,
İsa ancaq məni çəkib qoynuna,
Qəti arxayınam ilqar qırılmaz.

Rauf Arifoğlu:

Sənin ziyanına işləyir zaman,
İsanın başını alıbdı duman,
İstefa birliyi çökdürdü yaman,
Sənin gəlişinlə blok qurulmaz.

Pənah Hüseynov:

Qalmısan kənarda divanə kimi,
Sürünsən İraqa, Livana kimi,
Başına dolansan pərvanə kimi,
İsa bundan sonra sənə vurulmaz.

Rauf Arifoğlu:

Əməli bir deyil İsa sözüylə,
Bir lider götürməz səni özüylə,
Sənə baxan yoxdu sevgi gözüylə,
Mənə güvənənlər mənsiz darıxmaz.

Pənah Hüseynov:

Bu yerdə nitqimi edirəm qısa,
Düşməz nəsibinə heç zaman masa,
Boynuna, nəinki Arif bəy, İsa,
Heç Nüşabə xanım belə sarılmaz.

Digər xəbərlər