Əli Kərimov:
İsa bəy işinə yorğun başlayıb,
İndi də manevrə Vurğun başlayıb,
Artıq Müsavatda qırğın başlayıb,
Başları qarışıb öz davasına,
Çoxu masa tutmaq, post havasında,
Ali Məclisə sədr iddiasında.
Arif Hacıyev:
Suda təknəmizi qayıq bilmişik,
Kimi seçəcəyik, ayıq bilmişik,
Arzunu bu posta layiq bilmişik,
Olsa da Qeybulla, başqan xosunda.
Əli Kərimov:
Hələ ki, səsimiz heç çatmır Qarsa,
Xəyallar can atır Aya və Marsa,
Müsavat daxildən parçalanarsa,
"Yurd" da möhkəmlənər öz yuvasında.
Arif Hacıyev:
İsa bir başqan ki, işləyir pula,
Posta əyləşərəm özüm, min yolla,
Bir çox başqaları, Arzu, Qeybulla,
Boğular Məclisin gur lavasında.
Əli Kərimov:
Sizdə həddən artıq problem vardır,
Çoxları özünü kənara dartır,
Məclisə namizəd gün-gündən artır,
Varmı bir ideya boş qafasında?
Arif Hacıyev:
Aqilsən, sən bossun cibinə getsən,
Düz olar, həyatın dibinə getsən,
Hansı yetkilinin evinə getsən,
Qızarar boss yemi öz tavasında.
Əli Kərimov:
Heyrətə gətirmək çətin bəşəri,
Salar ürəyinə kədəri, çəri,
Başqan öyrənərək yetkililəri,
Sonra yandıracaq öz sobasında.
Arif Hacıyev:
Bosslar tarlasında alağa getdik,
Biz sizdən xeyli çox uzağa getdik,
Narıncı paltarda qabağa getdik,
Sənsə boğulursan öz libasında.
Əli Kərimov:
Bossun əsarəti altındasınız,
Bədən xəsarəti altındasınız,
Başqan nəzarəti altındasınız,
O da ki, sizlərin küt yabasında.
Arif Hacıyev:
Müsavat yanında huri, mələyin,
Keçməmiş gözündən Cəbhə ələyin,
Xarici bosslardan imdad diləyin,
Bizlər yardımların ön sırasında.
Əli Kərimov:
Bizi çox geridə qoyur ehtiyac,
Neştərlə gözümü oyur ehtiyac,
Cəbhə boss sözünə duyur ehtiyac,
İsa şöbə açıb öz firmasında.
Arif Hacıyev:
Elçibəydən sonra keçməmiş sözün,
Yerini bilmədin əyrinin-düzün,
Onlarla cəbhəçi gözündə özün,
Həmişə olmusan şər formasında.
Əli Kərimov:
Gözünün yaşını silmir, boğulur,
Nədənsə, özünə gəlmir, boğulur,
İsa nəfəs ala bilmir, boğulur,
Erməni əsilli boss torbasında.
Arif Hacıyev:
Arabir xeyiri qoru, içində,
Nəfəsin təngiyib boru içində,
"Yurd" şefi cəhənnəm qırı içində,
Tuvin cənnət qurub öz Tuvasında.
Əli Kərimov:
Deyəsən, çatıbdı sonu səfərin,
Sənin Müsavatda yoxdu təpərin,
Başları işləyir cəbhəçilərin,
Qəbahət İsanın boş qafasında.
Arif Hacıyev:
Tünd içki Əlinin qəhvəsindədi,
Sədriniz qəzəbli dəvəsindədi,
İsa daim dostluq həvəsindədi,
Əvəz yox Əlinin iş burmasında.
Əli Kərimov:
Basıb Müsavatı kol-kos, ot-alaq,
Bosslar qarşısında "Yurd"un üzü ağ,
Digər ədviyyatlar, həm də kərə yağ,
Azalıb İsanın öz şorbasında.
Arif Hacıyev:
İsa bəy uzaqdı qurumda pisdən,
Ayıra bilməyir qızılı misdən,
Sürət alsın Əli bizim Məclisdən,
Lüzum yox özünü çox yormasında.
Əli Kərimov:
Ali Məclis deyib ötmə, ayıbdı,
Önümdə dərinə getmə ayıbdı,
İsa son zamanlar yavaşıyıbdı,
Barıtı azalıb öz qırmasında.
Arif Hacıyev:
Asıb boğazından böyük ip İsa,
Son vaxtlar xaricə açıb cib İsa,
İçkini biryolluq tərgidib İsa,
Hansı problem var çox vurmasında?
Əli Kərimov :
Cəbhə hamımızı sabaha səslər,
Bu cür həmkarlara İsa kin bəslər,
Məclisə sədr olmaq istəyən kəslər,
Pis ad çıxarıblar öz obasında.
Arif Hacıyev:
İşiniz irəli getməyəcəkdir,
"Yurd"un da sünbülü bitməyəcəkdir,
Şübhəsiz, Müsavat itməyəcəkdir,
Məclisə yeriyən sədr topasında.