PDF Oxu

Köşə

  • 47

Öz ayranına turş deməmək mərəzi

Öz ayranına turş deməmək mərəzi

Sərdar Cəlaloğlu:

Rəsul mil durardı qarşımda mənim,
İlyasa mən özüm olmuşam qənim,
İflas həddindədi artıq məskənim,
Rəsul, İlyas üstə o qanad gərdi,
İndi susqunlaşıb, qəribə sirdi,
Bir zaman ADP göylə gedirdi.

İqbal Ağazadə:

İlyası incitdin, utan, öl indi,
Rəsulu eylədin çolaq-şil indi,
ADP-n tam iki yerə bölündü,
"Ümid"im indi də lap təzə-tərdi.

Sərdar Cəlaloğlu:

Eşqin bir qrantdı, başda yox kamal,
Get sən "Ümid"ini öz adına sal,
Ayazlı gününü bir yadına sal,
Qəmim onsuz da çox, artırma dərdi.

İqbal Ağazadə:

Kiçiklər getdilər, biz iri qaldıq,
Yaxşılar öldülər, biz diri qaldıq,
Siyasi meydanda çox geri qaldıq,
Guya bu, bağçadan qızılgül dərdi.

Sərdar Cəlaloğlu:

Sənin ayağına yazaq namərdi,
Eyləmə özündən uzaq namərdi,
Simamda görmüsən ancaq namərdi,
Nahaq yapışdırma özünə mərdi.

İqbal Ağazadə:

Hətta etməyə də ham, yararsızsan,
Siyasi meydanda xam, yararsızsan,
Kollektiv işlərə tam yararsızsan,
Hərəkət etməyə məhkumsan fərdi.

Sərdar Cəlaloğlu:

Sən necə düşünsən Şəki, Qax uzaq,
Niyyətin gerçəlməz, çək ah, bax uzaq,
Xəyalın gerçəkdən, sözsüz, çox uzaq,
Yarat "Ümid"ində, sözsüz, çox uzaq.

İqbal Ağazadə:

"Ümid" yararlanıb bahardan yaxşı,
Yararlanmadın sən nahardan yaxşı,
Rəsulun əhvalı Sərdardan yaxşı,
Dayandığın məkan gör necə yerdi?!

Sərdar Cəlaloğlu:

Unut pis keçmişi, önünə ağla,
Üzünü dalayan hökmünə ağla,
Sən get "Ümid"inin gününə ağla,
Sərdar ADP-də yaxşı liderdi.

İqbal Ağazadə:

İsayla Rəsula bir vaxt hambaldın,
Sonra öləziyib, yanıb-azaldın,
Öz sədr postunda ilişib qaldın,
Yəqin görəcəksən İqbalda meri.

Sərdar Cəlaloğlu:

Səndən xeyli fərqli ağ günlər gördüm,
Hər səni görəndə mən yerə girdim,
Mən daim doğruya üstünlük verdim,
Səninki yalandı, böhtandı, şərdi.

İqbal Ağazadə:

Bir ADP olub sənin tam mülkün,
Üzə çıxacaqdı tezliklə tülkün,
Səni başa düşmək deyildi mümkün,
Başa düşən varsa ulağı, xərdi.

Sərdar Cəlaloğlu:

Mən qəm aşiqiyəm, sənsə xürrəm, şən,
Arsızam, başıma bələnibdi dən,
Utanmazlıq damır sir-sifətindən,
Tapmaq çox çətindi mənimtək pərti.

İqbal Ağazadə:

Zilim çox möhkəmdi, kəkələmə bəm,
Cəhalət, miskinlik səndə olub cəm,
Mən sənə baxanda, adil hakiməm,
Edam hökmü verdim mən sənə şərti.

Sərdar Cəlaloğlu:

Sən naqisi görüb, aqil olmuşam,
Rəsulsuz, İlyassız mən şil olmuşam,
Sən az, mən çox şeyə nail olmuşam,
Əlindəki alət adi bir xerdi.

İqbal Ağazadə:

Özünü özün pis yola soxmusan,
Murdar kiridarı dala soxmusan,
Başını çox qalın kola soxmusan,
Deyirlər bu qorxaq haraya girdi?

Sərdar Cəlaloğlu:

Deyəsən, Ayazdan şirə çəkirsən,
Qərbə getmək üçün bərə çəkirsən,
Tahir Kərimli tək nərə çəkirsən,
Baxan güman edər, pələngdi, şirdi.

İqbal Ağazadə:

Keçə bilməmisən yalandan bəri,
Bossdan bollu qrant alandan bəri,
İlyassız, Rəsulsuz qalandan bəri,
Kənardan baxanlar deyirlər tirdi.

Sərdar Cəlaloğlu:

Sən oldun yadlara ələk eyləyən,
Sənin günündədi fələk eyləyən,
Mən bilən "Ümid"ə kömək eyləyən,
Tersiz Sarkisyandı, Petrosyan-Terdi.

İqbal Ağazadə:

Qərb də üz döndərib blatı kəsib,
A yazıq, Allah da talantı kəsib,
Bossların pul vermir, qrantı kəsib,
Qəlbini qarsayan azardı, çərdi.

Sərdar Cəlaloğlu:

Kəsərsiz xəncər tək qaldın qında da,
Səndən kənar qaçır adi cında da,
Bir adam qalmamış ətrafında da,
Demə ki, seyidsən, "Ümid"in pirdi.

İqbal Ağazadə:

Uzağa getməmiş sənin tək dazlar,
Artdı simanızda meydanda qazlar,
Aləmi tutubdu siyasətbazlar,
Sizin siyasətbaz adınız birdi.

Digər xəbərlər