PDF Oxu

Köşə

  • 30

Keyfiyyətsizlik düsturuna çevrilənlərin mükaliməsi

Keyfiyyətsizlik düsturuna çevrilənlərin mükaliməsi

İqbal Ağazadə:

Eşitmişəm şölən xeyli sozalıb,
Közün sönüb, yerində külün qalıb,
Həm də bir az keyfiyyətin azalıb,
Şüursuzluq verir sənə əziyyət,
Ürəyini sarıb sənin bəd niyyət,
Pislik səmtə dəyişibdi vəziyyət.

Rauf Arifoğlu:

İşıq xeyli azalıbdı gözündə,
Kəsərlilik tükənibdi sözündə,
Ay İqbal bəy, axı sənin özündə,
Daha çoxdur çatışmayan məziyyət.

İqbal Ağazadə:

İsa pisdi dedin, qaldın avara,
Oldu yerin Razindəki mağara,
Sən özünü vurdun daşa-divara,
Qovdu səni Müsavatdan tam heyət.

Rauf Arifoğlu:

Başqan çıxdı mənə qarşı, həqiqi,
Hiss etmədim üzərimdə təqibi,
Yalan-doğru, asdım-kəsdim rəqibi,
Bir görmədik səndə olan qətiyyət.

İqbal Ağazadə:

Xoş xəbər yox, sığındığın komandan,
Azuqən də fərqlənmir heç samandan,
Müsavatda bina qoyan zamandan,
Sən yazığı düşündürüb maddiyyət.

Rauf Arifoğlu:

Sözüm yoxdur hər baxdığın klipsə,
Mən nə deyim, dostlar sənə gülübsə,
Sən deyibsən nə ağzına gəlibsə,
Bilməmisən nə bir ölçü, kəmiyyət.

İqbal Ağazadə:

Malalamaq çətin səni əliflə,
Müsavatdan səni çoxdan siliflər,
Yaxşı deyib ha özünü təriflə,
Qəbul etmir səni kütlə, cəmiyyət.

Rauf Arifoğlu:

Sizdə güclü, nə bayağı bilinmir,
Parlaq ulduz, nə mayağı bilinmir,
Sözlərinin baş-ayağı bilinmir,
Məntiqində çoxdu kəsir, ziddiyyət.

İqbal Ağazadə:

Görən atıb sənin kimi xitrini,
Heç İsa da istəməmiş xətrini,
Bilməmisən heç vaxt sərvət qədrini,
Ötürübsən yad əllərə çox nemət.

Rauf Arifoğlu:

Yaddaşından məni poza bilərsən,
Pis adını yaxşı yoza bilirsən,
Sən özünə əla yaza bilirsən,
Ayaz özü verib sənə pis qiymət.

İqbal Ağazadə:

Sayanlardan mənə minnət olubsa,
Öz qəzetim əsil cənnət olubsa,
Meydan mənə əgər sənət olubsa,
Siyasətdən çıxarmadın sən sənət.

Rauf Arifoğlu:

Sən yatıbsan, yazıq, ayıl röyadan,
Qamaşıbdı gözün güclü ziyadan,
Vaxtın çatıb köçüb getsən dünyadan,
Bir millətçi deməz sənə min rəhmət.

İqbal Ağazadə:

Bu dünyada yaxşı ömür sürmədin,
Bir məhsuldar kolluğa da girmədin,
Müsavatda bir tərif də görmədin,
Nəsibindi sənin əbədi töhmə

Rauf Arifoğlu:

Yeniliyin bircə divar aşmadı,
Ünvanına gələn tavar aşmadı,
Sədrlikdən deyən bir kar aşmadı,
Təqib edir səni əziyyət, zəhmət.

İqbal Ağazadə:

Müsavatı iflas həddə gətirdin,
Bədniyyətsən, ancaq bəddə gətirdin,
Sən başqanı elə səddə gətirdin,
İnanmıram, İsa göstərsin hörmət.

Rauf Arifoğlu:

Bəd işlərin bir özünü şad edir,
Tanışların yaxa cırıb, dad edir,
Səni hamı sərsəm kimi yad edir,
Sözsüz, səni dəstəkləmir heç Əhməd.

İqbal Ağazadə:

Dalı dirəməkçün qayan da yoxdu,
Xaricdə boss adlı hayan da yoxdu,
Səni siyasətçi sayan da yoxdu,
Hay-küyün özünə verib riyazət.

Rauf Arifoğlu:

Səndən üz çevirib səmada Qədər,
Hütüləyib tökmə, danışaq yetər,
Özün tanınmaqda məndən beş-betər,
Sən nə biləsən ki, nədir siyasət.

İqbal Ağazadə:

Əbədi qurumur gözünün yaşı,
Necə endiribsə təpənə daşı,
İsanı pislədin hər kəlməbaşı,
Beynində dolaşır yalnız cinayət.

Rauf Arifoğlu:

20 il əskilmir füzulluq səndə,
Deyirsən, müdriklik, fəzillik səndə,
Mən daim görmüşəm rəzillik səndə,
Səndə cəmləşibdi cəmi qəbahət.

İqbal Ağazadə:

Yaxşı danışırdın xeyli qabaq sən,
Özünü sanma heç gümüş tabaq sən,
Xainsən, xoflusan, qaraqabaqsan,
Hər gün aşkarlanır mənfi keyfiyyət.

Rauf Arifoğlu:

Bağlıdı üzünə artıq bənd-bərə,
20 il fırıldaq etdin min cürə,
Ayaz özü soxdu başını yerə,
Sənə həmdəm olub kədər, qəm, afət.

Digər xəbərlər