Həsən Kərimov:
Müsavatda yaman çirkləndi hava,
Sülhəddin İsayla çox etdi dava,
İbrahim özü də verdi istefa,
Artıq Müsavatda qalmamış qanan,
Orda qarşıdurma yaradan insan,
Arif Hacıyevdi, sözümə inan.
Arif Hacıyev:
Yararlanıb dolu hər cibi ilə,
Yüklənib kini və qəzəbi ilə,
Oynarlar başqanın əsəbi ilə,
Bir mənəm İsaya ürəkdən yanan.
Həsən Kərimov:
Quru da çıxmadı bircə gün yaşlar,
Sanma daşdan-daşa dəyibdi daşlar,
Gedib Müsavatdan ağıllı başlar,
Bu qurum çevrilib olubdu banan.
Arif Hacıyev:
Çoxdan çıxıbdılar düz mövqeyindən,
Döndülər həm sifət, üz mövqeyindən,
Çəkilənlər çoxdu öz mövqeyindən,
Əksər gedənlərdi daxilən sınan.
Həsən Kərimov:
Yalan İsa bəyin nəfəsindəydi,
O, bossun filində, dəvəsindəydi,
İbrahim MSK həvəsindəydi,
Sülhəddin İsanı başqan tək danan.
Arif Hacıyev:
Bizə sataşmazdı bir adi Məmiş,
İstefa verənlər adi görməmiş,
Xarici maliyyə, bir boss görməmiş,
Olmuşdu özünü yek lider sanan.
Həsən Kərimov:
Heç vaxt İbrahimə qarşı gəlmədi,
Sülhəddini gördü üzü gülmədi,
Onların qədrini başqan bilmədi,
Tapılar onları dinləyib anan.
Arif Hacıyev:
Hər bir gedən kəslər düşünüb xəlvət,
Xəbər gətirərdi bir-birindən bəd,
Bizim partiyada çox olub, əlbət,
Siyasi yönünü donduran, donan.
Həsən Kərimov:
Liberal önündə ciddin əyilib,
Hüdudu bilinməz həddin əyilib,
İsa qulluğunda qəddin əyilib,
Başına kül töksün öz doğma anan.
Arif Hacıyev:
Bəzən İsa kimi bazlar qoşulur,
Siyasətdən uzaq qazlar qoşulur,
Sıramıza cavan qızlar qoşulur,
Çıxır istefaya onlarla canan.
Həsən Kərimov:
Uğursuz İsada sönübdü bəniz,
Sizin partiyada problem dəniz,
İstefa verənin məqsədi təmiz,
Bir sənsən İsanın cibinə qonan.
Arif Hacıyev:
İsa əyri deyil düzə baxanda,
Bizi qınamayın mizə baxanda,
Müsavat şükürdü sizə baxanda,
Məgər düz başına uçubdu binan?
Həsən Kərimov:
Boss cibinə girən İsa əlidi,
Bu gün elə bilmə, gəlhagəlidi,
Sülhəddin başqandan səviyyəlidi,
İsadı boss görüb, cibləri yonan.
Arif Hacıyev:
Xarici bosslardan gəlir parası,
İtirir, kiminlə yoxsa arası,
Açılıb qaysaqlı İsa yarası,
Qurumda çatışmır tənzifin, cunan.
Həsən Kərimov:
Üstünlük qazanır çilli kadrlar,
Düşür ixtisara dilli kadrlar,
Azalıb getməkdə milli kadrlar,
İstər ki, cəlb etsin fransız, yunan.
Arif Hacıyev:
Ziliniz tükənib, bəm vurursunuz,
Siz bizə nisbətdə qəm vurursunuz,
Saflıqdan, paklıqdan dəm vurursunuz,
Kimin aktivinə yazılıb zinan.
Həsən Kərimov:
Doğrular önündə enər tərəzi,
Nə qədər dost bilib kini, qərəzi,
İnanma azalsın İsa mərəzi,
Nə də sağalmağa meyilli ranan.
Arif Hacıyev:
Sənin Əlin ölüb, İsamız diri,
Müsavat üzünü çevirməz geri,
Hələ də möhkəmdi İsanın yeri,
Tərsinə oxunar karmatik runan.
Həsən Kərimov:
Elə zənn etmə ki, oyun olacaq,
İstefa verənlər qoyun olacaq,
Sən elə bilirsən toyun olacaq,
Tezliklə qaralar əlində xınan.
Arif Hacıyev:
İsada güclüdü siyasi ifa,
Əlidə xeyli boş düşüncə, qafa,
O qədər çox deyil bizdə istefa,
Qaçıb dağılışar ətrafa danan.
Həsən Kərimov:
Əbəs hücum etmə qaytağı üstə,
Qurum da dayanmır dayağı üstə,
İsa dura bilmir ayağı üstə,
Yoxdu Müsavatda sənin bir mənan.
Arif Hacıyev:
Sədrin də, özün də yolunmuş cücə,
Sənin aqibətin dalanlı küçə,
Sözsüz, verməyəcək nə bal, nə beçə,
Şəkərə qərq olub təbii şanan.