Əhməd Oruc:
Seçkidə radikal maraqlar bitdi,
Bol boss yardımları zülmətdə itdi,
İsa da Əli də iflasa getdi,
"DUİ"di bizlərə göstərən qayğı,
Ona yönəlibdi kütlə marağı,
Artıq yetişibdi Mirmahmud çağı.
Rauf Arifoğlu:
Bu yerdə gücsüzdü bərəçi, bəndçi,
Fərqi yox şəhərli, ya da ki, kəndçi,
Bizi hər istəyən müxalifətçi,
"Yeni Müsavt"da görərdi sayğı.
Əhməd Oruc:
İndi Mirmahmudda böyük dözüm var,
Kütləyə verməyə alma, üzüm var,
Mənim liderlərə bircə sözüm var,
"DUİ"də axtarsın gəlib dayağı.
Rauf Arifoğlu:
Sən özün "DUİ"də get qoyun teylə,
Bir özündən desən, on məndən söylə,
İsa da, Əli də gedirdi göylə,
Çoxu danışmaqda indi bayağı.
Əhməd Oruc:
Gün-günorta çağı əlində çıraq,
Cırdın İsa bəyin ömründən varaq,
"Yeni Müsavat"ı qamarlayaraq,
Qaçdın sən "Vosmoy"a fərsizsayağı.
Rauf Arifoğlu:
Çevirib bosslara kürəklərini,
Keçirdi həyata diləklərini,
Yandırdı bizlərin ürəklərini,
İsanın seçkidə yandı ayağı.
Əhməd Oruc:
Radikal nüfuzu düşdü kələyə,
Çox blok əbədi düşdü küləyə,
Mirmahmud üzünü tutdu kütləyə,
Yandı ürəyində "DUİ" mayağı.
Rauf Arifoğlu:
Seçki məyus etdi radikal bəyi,
Çox uğurusuz oldu onların səyi,
İsanın, Əlinin sərsəm birliyi,
Əbədi yatırtdı bir çox oyağı.
Əhməd Oruc:
İfratların özü düşübdü işə,
Zaman ifratları vurdular dişə,
İsanın uğuru getdi keçmişə,
İndi Mirmahmudda uğur bayrağı.
Rauf Arifoğlu:
Düzdü, indiyədək vurduq-uçurduq,
Bəlkə gələcəkdə şən həyat qurduq,
İsalar üstündə ayağa durduq,
Artıq radikalın söndü çırağı.
Əhməd Oruc:
Radikal ümiddən cücərməz qoza,
İsa da, Əli də bələndi toza,
Çox blok paytaxtda getdi güdaza,
"DUİ" fəth etməkdə Rumu, İraqı.
Rauf Arifoğlu:
Radikal dodaqlar donub büzüldü,
Əlinin, Lalənin canı üzüldü,
Seçkidə İsanın suyu süzüldü,
Qaldı əllərində saqqal darağı.
Əhməd Oruc:
Sanki bu ifratlar mifdi, nağıldı,
Ümidlər kuzə tək sınıb-dağıldı,
Seçkidə radikal küncə sıxıldı,
Mirmahmud sındırdı çəkic, orağı.
Rauf Arifoğlu:
Apara bilmədik işi bu fonda,
Uğur bizim olar, şübhəsiz, sonda,
İsa çıxarılar başqanlıqdan da,
Qoy gedib bir küncdə vursun arağı.
Əhməd Oruc:
Qulun sayəsində dönüb mer olar,
Xarici ölkədə adı ser olar,
Mirmahmud yeganə bir lider olar,
Hamı ondan alar ifrat sorağı.
Rauf Arifoğlu:
Çökübdü radikal başlara duman,
Ay Əli, başına uçubdu koman,
İşləyir bizlərə indi vaxt, zaman,
İsa bəy çevirsin dala varağı.
Əhməd Oruc:
Radikal bloklar ilan-qurbağa,
Bir mandat düşmədi, əsla, tabağa,
Mirmahmud "DUİ"si çıxdı qabağa,
İslandı sularda İsa balağı.
Rauf Arifoğlu:
Ən böyük birliklər verdi sınıq, çat,
İfrat radikallar uduzdu on qat,
Son anda əlindən çıxanda mandat,
İsalar eşitdi yalnız qınağı.
Əhməd Oruc:
Sözsüz, radikallar düşmüşdü həkdən,
"DUİ" üzvləri əl çaldı bərkdən,
Mirmahmud sevinib-güldü ürəkdən,
İsanın, Əlinin sındı çanağı.
Rauf Arifoğlu:
İfrat azad oldu ağır yükündən,
Çünki asılmışdı tülkü tükündən,
Yeni bloku da sındı kökündən,
İsa pis keçirdi, sözsüz, sınağı.
Əhməd Oruc:
İfratlar yenidən qoşuldu şərə,
Bəlkə doqquzuncu, onuncu kərə,
Özü üzüqoylu yıxıldı yerə,
Yükünü boşaltdı İsa ulağı.
Rauf Arifoğlu:
İfratlar bosslardan saziş görmədi,
Radikal arxada bərk diş görmədi,
Xarici qrant da bir iş görmədi,
Əlinin, İsanın sancdı dalağı.