İsa Qəmbərov:
Sədr qalacağam, nə qədər sağam,
Ətrafda seyrəltmə aparacağam,
Mənə yardım edər lütfkar dığam,
Siyasi meydanda yanıb-bişərəm,
Dramdan, qrantdan yeyib şişərəm,
Xaricin əlində oyuncaq şərəm.
Əli Kərimov:
Başıma son vaxtlar qafil yığılır,
Seyrək atmosferdən adam sıxılır,
Bir çox cəbhəçilər qaçıb dağılır,
Yetkili əlindən tutmuşam vərəm.
İsa Qəmbərov:
Söndün siyasətdə qəfil şam kimi,
Şöhrət qazanmadın heç "Madam" kimi,
Tanındın çox zəif bir adam kimi,
Başqanam, mən səndən fərqli bəşərəm.
Əli Kərimov:
Çox qədim olmayan soyun açılıb,
Get-gedə qısalan boyun açılıb,
Başıma o qədər oyun açılıb,
Bir qədər yumşalmış dəymədüşərəm.
İsa Qəmbərov:
Əli qəmə batır səviyyəsində,
Çürüyüb, kif atır səviyyəsində,
Düşüncən bir qatır səviyyəsində,
Yalan deyirəmsə, mən əsil xərəm.
Əli Kərimov:
Qurşaqdan yuxarı çıxsa qonorar,
Cibimi yandırıb-yaxsa qonorar,
Xaricdən sel kimi axsa qonorar,
Mən də siyasətdə köpüb şişərəm.
İsa Qəmbərov:
Beynimdən silmişəm ölüb-itəni,
Əlimlə boğaram naqis gədəni,
Yanımdan qovaram hər bir gedəni,
Başqan seçilməsəm, gözlər deşərəm.
Əli Kərimov:
İndi hər bir yetən nüvə toplayıb,
Xaricdən mal, öküz, dəvə toplayıb,
Özümə əlavə qüvvə toplayıb,
İnşallah, meydanda yenə bişərəm.
İsa Qəmbərov:
Ayağım meydana gərək sürüşə,
Hazıram yürüşdə yeni görüşə,
Qovuşmaq istərəm mitinq-yürüşə,
Necə Əslisinə can atır Kərəm.
Əli Kərimov:
Kəfənlənibdisə aylarım, ilim,
Artıq çalınısa öz son təbilim,
Dalana dirənsə avtomobilim.
Yetsə dayanacaq, enib düşərəm,
İsa Qəmbərov:
Mənim tək olmamış hər hədəf vuran,
Döşünə döyməsin Müsavat quran,
Məni hədəf seçir yerindən duran,
O qədər yorublar, artıq qan-tərəm.
Əli Kərimov:
Yoxsa əməlimdə ciddi bar-bəhər,
Dayanıb qarşımda bir gözəl səhər,
Mənə kürsüdən get desələr əgər,
Dalıma baxmadan gözdən itərəm.
İsa Qəmbərov:
Əlbəttə, kürsümdə durmuşam qayım,
Bu başqanlıq postu Tanrıdan payım,
Əgər desələr ki, başqan olmayım,
Atıb öz kürsümü izsiz gedərəm.
Əli Kərimov:
Puldan da keçərəm xatir kürsümə,
Ay da şəfəq saçır bədr kürsümə,
Aşiqəm öz doğma sədr kürsümə,
Sözsüz, bu sahədə səndən betərəm.
İsa Qəmbərov:
Önümə yel çıxıb, yelə etmişəm,
Coşqun sel çıxanda, selə etmişəm,
Belə et deyəndə, belə etmişəm,
Elə et desələr, elə edərəm.
Əli Kərimov:
Göz çıxsa, mənzilə gözsüz yetəmərəm,
Üz padoşa dönsə, üzsüz yetmərəm,
Əlim yetməyənə, sözsüz, yetmərəm,
Bağıma daş atsan, sənə yetərəm.
İsa Qəmbərov:
Yumruğun əzildi üz çapığımdan,
Başın şiş bağlayıb hər lopuğumdan,
Araz aşığımdan, Kür topuğumdan,
Coşqun çaylar kimi özüm də kürəm.
Əli Kərimov:
Əgər qovğa üçün genişsə eşik,
Sözsüz, axtarardım siçan tək deşik,
Güclü həmlə etsə adi bir pişik,
Zəiflər üstündə amansız şirəm.
İsa Qəmbərov:
Kənarda hay-küylü, ortada səyəm,
Qorxuram tezliklə qəddimi əyəm,
Etiraf edirəm, çürük meyvəyəm,
Vurar ürəklərə turşumuş şirəm.
Əli Kərimov:
İçi boşaldılmış kiçik burazam,
Sən çox natarazsan, mənsə tarazam,
Mən Xudafərinli coşqun Arazam,
Sən dedin mənsəbi killənmiş Kürəm.
İsa Qəmbərov:
Güngörməz yaralı, kiriş-kirişdi,
Demə ki, bu yerdə başqan ilişdi,
Kürsüm qurultayda saxlansa işdi,
Gərək Aya doğru üç ağız hürəm.
Əli Kərimov:
Saçlıyam, sən isə saçı yolunan,
Bosslar işlədiblər səni pulunan,
Başqansan, adi və əvəzolunan,
Mən əvəzolunmaz xalis liderəm.