PDF Oxu

Köşə

  • 35

Sərdar Cəlaloğlu Rəsul Quliyevin təkliflərini rədd edir

Sərdar Cəlaloğlu Rəsul Quliyevin təkliflərini rədd edir

Rəsul Quliyev:

Ay Sərdar, deyirəm, gəl xoş gün görək,
Pulumla kef çəkib, biz səfa sürək,
"ACP"-ADP birləşsin gərək,
O zaman olardı radikal bizim,
Ölkədə baş verən qalmaqal bizim,
Dağ bizim, düz bizim, yamac, yal bizim.

Sərdar Cəlaloğlu:

Deyirlər Rəsul bəy qəmə batmayır,
Ancaq gecə-gündüz yuxu yatmayır,
Xaricdə heç nəyə gücün çatmayır,
Birləşsək, olardı hər zaval bizim.

Rəsul Quliyev:

Sənin-mənim gücüm, şeytan-cin gücü,
Bu güc əvəz edər beş yüz, min gücü,
Mənim pulum, sənin səsinin gücü,
Olardı onlarla qilü-qal bizim.

Sərdar Cəlaloğlu:

İnanma, pulunla biz qaza gedək,
Adi selektorlu avaza gedək,
Razı olmadıq ki, güdaza gedək,
Pul sənin olsa da, hal-əhval bizim.

Rəsul Quliyev:

Göndərdiklərimi ötür içəri,
Sıravi kütlələr axıtsın təri,
Sən önə diyirlə yetkililəri,
Olsun göndərdiyim mülkü-mal bizim.

Sərdar Cəlaloğlu:

Heç nə istəmirəm, bar-bəhər sənin,
Çox istərsən olsun al səhər sənin,
Deyirsən, yetişmiş meyvələr sənin,
Əsla, yetişməmiş qora, kal bizim.
Rəsul Quliyev:

Sənə göndərərəm, burdan yağ-ət çox,
Çevirib kababa sən çək ləzzət çox,
Mənim "ACP"-mə burda rəğbət çox,
Saçlı sənin olsun, ancaq çal bizim.

Sərdar Cəlaloğlu:

Orada oturub, yüz mif edirsən,
Asırsan-kəsirsən, təltif edirsən,
İndi bizə kabab təklif edirsən,
Yəqin bir az keçsə, olar yal bizim.

Rəsul Quliyev:

Kim bizə qoşlmur ona ar olsun,
Yerimiz restoran, geniş bar olsun,
Qoy sıravilərin yeri dar olsun,
İri iqamətgah, nəhəng zal bizim.

Sərdar Cəlaloğlu:

Sənin "ACP"-nlə, əsla, yox aram,
Doğrudur, azalıb cibimdə param,
Pul üçün mən sənə ağız açmaram,
İnkişaf sənindir, nəhs pamal bizim.

Rəsul Quliyev:

Qoy çatsın rəqibə göl çiçəkləri,
İstəyirsən yarı böl, çiçəkləri,
Olsun digərinin çöl çiçəkləri,
Qalsın ikimizə şanı bol, bizim.
Sərdar Cəlaloğlu:

Səni yumşaltmışıq, olsan da dəmir,
Yəqin etdirirsən özünü təmir,
Sosdemlər, nəhayət, səni istəmir,
Qabaq sənin olsun, müdhiş dal bizim.

Rəsul Quliyev:

Siyasi fikrimi həm yaymasan sən,
Məni öz liderin heç saymasan sən,
Yenə ADP-yə qaytarmasan sən,
Yaxşı boğulmaqçün ipək şal bizim.

Sərdar Cəlaloğlu:

Yoxdu ehtiyacım sənin puluna,
Bir də qayıtmaram köhnə yoluna,
Çevirə bilməzsən məni quluna,
Pul sənin, mal sənin, bir kamal bizim.

Rəsul Quliyev:

Verdin bir zaman sən çat, ideyanla,
Çıxardın yarıtmaz ad, ideyanla,
Sən qal öz mücərrəd, yad ideyanla,
Pozulmaz o köhnə saf amal bizim.

Sərdar Cəlaloğlu:

Bizim partiyaya bəla gətirdin,
Bütün qazancı da özün götürdün,
Xaricdə sən neçə sifət itirdin,
Həmişə dəyişməz tək camal bizim.
Rəsul Quliyev:

Böyüdüb qarını hamarladınız,
Bossların cibini tumarladınız,
Qərbi bütövlükdə qamarladınız,
Dəryanın o tayı, həm Şimal bizim.

Sərdar Cəlaloğlu:

Saldın çoxlarını pulun sehrinə,
Çıxdın sən o tayda Nyu-York seyrinə,
Hesab oldu yenə sənin xeyrinə,
Mənasız-lüzumsuz min sual bizim.

Rəsul Quliyev:

Əlbəttə, mənimdi adi şər məqam,
İstəsəm, pul verib, olaram ağan,
Xırda kənd-kəsəklər sənə ərməğan,
Dünyada çox nəhəng el-mahal bizim.

Sərdar Cəlaloğlu:

Orda əllərini vurubdu şaxta,
Qalmısan qürbətdə amanda-ahda,
İndi yetkililər iki cinahda,
Fərsizləri sizin, cəld, fəal bizim.

Rəsul Quliyev:

Keçmiş tox vaxtını, Sərdar, sal yada,
Mənim yardımımdan düşmüsən cida,
Yola gəl, birləşək bir partiyada,
Birləşən olmasa, lap babal bizim.

Sərdar Cəlaloğlu:

Sən zəhər verəndə, dedin bal yedik,
Meyvəni yumadan, hətta kal yedik,
İllərlə səninlə haram mal yedik,
Haram sənin olsun, qoy halal bizim.

Digər xəbərlər