Eldar Namazov:
Qalıb radikalın ancaq əyrisi,
Müsavat, ADP, Cəbhə, qeyrisi,
Qolunu çirməyib tez hər birisi,
Xaricə ver mənə deyirdi, payı,
Düşmən erməniyə həmçinin, dayı,
Rusu adlandırıb mehriban ayı.
Vurğun Əyyubov:
Söz deyən adamın olmalı üzü,
Atalar deməyi xoşlamış, düzü,
Danışma ağzına gələn hər sözü,
Çırmanıb keçməmiş ən dayaz çayı.
Eldar Namazov:
Kommersant olan var səməni ilə,
Gəzməkdə bossların çəməni ilə,
İsa sövdələşir erməni ilə,
Elə Əlinin də çıxıbdı zayı.
Vurğun Əyyubov:
Bossların yanına cığır salmaqçün,
Dığa pulu yeyib fikrə dalmaqçün,
Keçirdin, cüzi bir qrant almaqçün,
Xaricdə yeraltı ən dərin layı.
Eldar Namazov:
Xaricə işləyən asan qamarlar,
Lider bir erməni başı tumarlar,
Əli də, İsa da qrant qamarlar,
Var hər birisinin layiqli tayı.
Vurğun Əyyubov:
Dığanı oyuna tez qata bildik,
Bossla arzumuza həm çata bildik,
Payızda bir blok yarada bildik,
Fillər qulağında yatdıq biz yayı.
Eldar Namazov:
Cəbhəni dağıdıb qəsdən bir ara,
"Yurd" Əli susadı bir vaxt qanlara,
Baxıb göz altından manukyanlara,
Drama tuşladı İsa da yayı.
Vurğun Əyyubov:
Xaric pul verməsə qalarıq gözsüz,
Bosslar darıxardı qalsaydı bizsiz,
Avroya çevirib dramı, sözsüz,
Sevirik içməyi Yerevan çayı.
Eldar Namazov:
Edərək özünə çətir postundan,
Başqan da almadı ətir postundan,
Gedər liderlərin sədr postundan,
Mənə inanmasan, gözləyin mayı.
Vurğun Əyyubov:
Fırlatmaq çox çətin kiçik çarxı da.
Mitinqdə gözaltı eylə nırxı da,
Dəf edə bilmirsən kiçik arxı da,
İsa dənizlərin üstdə qağayı.
Eldar Namazov:
20 il oturdun adi masanda,
Yenə güləcəyəm sizlər qusanda,
Başqan Yerevana ayaq basanda,
Axçi təklif edər ona çarpayı.
Vurğun Əyyubov:
Gör necə bacardı İsa "Madam"la,
Boss da qarşı gəlir bir dolu camla,
Dil tapa bilmədin beş- üç adamla,
Nitqiylə susdurar başqan alayı.
Eldar Namazov:
Qəlbinin başından sən qopar közü,
Onlar xatırladır bir nimdaş bezi,
Yaxşı rəqs edərdi "Yurd" Əli özü,
Başqandan çıxardı yaxşı sərpayı.
Vurğun Əyyubov:
Bizə süfrə açar erməni Şamda,
Dimayla içmədim artıq qram da
Avro da, dollar da, hətta dram da,
Yağar başımızdan peydər havayı.
Eldar Namazov:
Dollar, avro, dram edib kor sizi,
Faciə, fəlakət qamarlar sizi,
İçindən yeyəcək həmkarlar sizi,
Əsla lazım deyil düşmən alayı.
Vurğun Əyyubov:
Sən çox eşələndin "ANİF" külündə,
Qədrini bilmədin biz tək gülün də,
Çimdi Əli, İsa qızıl selində,
Siz gümüş bildiniz adi qalayı.
Eldar Namazov:
Tərəddüd etdiniz siz neçə dəfə,
Çatmadı əliniz yaxın hədəfə,
Cəbhə hökumətə gələn ərəfə,
Doldura bilmədi sizlər sarayı.
Vurğun Əyyubov:
Asılıb qalmışdın sərt rif qulpundan,
Tez tuta bilmədin sən cib qulpundan,
Yapışdın sərsəm bir "ANİF" qulpundan,
Sən tapa bilmədin bundan qolayı.
Eldar Namazov:
Moskva zəhmindən xaric yatıbdı,
Başqan şadlığından şıllaq atıbdı,
O qədər qışqırıb, səsi batıbdı,
Bir qulağa çatmır indi harayı.
Vurğun Əyyubov:
"ANİF"-in kənarda bidətçi qalıb,
Dost daşnak bizlərə diqqətçi qalıb,
Əli bəy özü də millətçi qalıb,
İsa bəy andırır məşhur Gərayı.
Eldar Namazov:
Yaxşılar nitqində zayı deməzdi,
Putinə "moy milıy ayı" deməzdi,
Heç kəs erməniyə dayı deməzdi,
Əlidən, İsadan, sizdən savayı.
Vurğun Əyyubov:
Sən adi vətəndaş, bizlər bəy, ağa,
Yoxuşa enirsən, çıxırıq dağa,
Sizdən dəfələrlə gedib uzağa,
Bizim partiyanın adi tupoyu.