PDF Oxu

Köşə

  • 21

Rauf Arifoğlu mandat qazanmaq uğrunda mübarizə aparır

Rauf Arifoğlu mandat qazanmaq uğrunda mübarizə aparır

Rauf Arifoğlu:

Mən cəbhə- Müsavat namizədi tək,
Keçərəm qarşıma çıxan səddi tək,
Düzəm, İsa- Əli əyri qəddi tək,
Seçkidə vəkildən taxaram qanad,
Olaram sürətdə iti bir Qırat,
Rəqibin əlindən qaparam mandat.

Arif Hacıyev:

Nə balıq sayırıq, nə də ət səni,
Yolumuz üstündə gördük bəd səni,
Eylədik seçkiyə namizəd səni,
Bizdən ayrılsan da, deyilsən azad.

Rauf Arifoğlu:

Üstəlik, düşmüşəm həm blatdan da,
Aldıqca zərbəni dostdan, yaddan da,
Keçdim Nizamidə qeydiyyatdan da,
Ordan mandat alıb, çıxararam ad.

Arif Hacıyev:

Başqan İsa bəyi hey dolamısan,
Qərargahı çapıb, həm talamısan,
Bizim sıramızı çox korlamısan,
Sən bir alüminium, biz möhkəm polad.

Rauf Arifoğlu:

"Yurd" Əli olmadı ağır çəkili,
Xaricdə darandı İsa kəkili,
Olaram yerinə millət vəkili,
Sənsə qazanmazsan heç bircə mandat.

Arif Hacıyev:

Boss demiş, sığışmaz kulyoka milyon,
Qazandırmaz adi malako milyon,
Xaric buraxacaq bloka milyon,
Sən isə küncündə sentini sanat.

Rauf Arifoğlu:

Qaqaşın mandatı itirməyəcək,
Liderin tezliklə qəddi əyəcək,
Seçkidə bəxtiniz gətirməyəcək,
Öz tilsimbəndini xaricdə sınat.

Arif Hacıyev:

Son vaxtlar bossların çıxmayır səsi,
Dəymir qulaqlara qrant kəlməsi,
Əli də, İsa da mandat xəstəsi,
Yara qaysağına dəyib, az qanat.

Rauf Arifoğlu:

İzahın çox adi, səthi izahdı,
Bu ahlar Əlini, İsanı yıxdı,
Onların günahı sizin günahdı,
Xarici, bossları sən gəl az qınat.

Arif Hacıyev:

Hər yerdə seçici bizi öyəcək,
Sənə Nizamidə hamı söyəcək,
İsanı, Əlini dəstəkləyəcək,
Səndən uzaq qaçır indi hər fanat.

Rauf Arifoğlu:

Sizin blokun da akkordudu- son,
Sizə vəd olunan narıncı bir don,
Məni dəstəkləyir indi Vaşinqton,
Sizə sərt sözünü deyibdi Senat.

Arif Hacıyev:

İsa bəy, Əli bəy şöhrət yelində,
Sənsə üzməkdəsən süqut selində,
Biz mandat alarıq Qırat belində,
Səni mənzilinə aparmaz Bozat.

Rauf Arifoğlu:

Qorx ki, bu seçkidə blok qan qusa,
Nə sən, nə liderlər çıxmasın yaza,
Mandat görməyəcək nə Əli, İsa,
Yorğanına görə get ayaq uzat.

Arif Hacıyev:

Xoşa da gəlmədi bir hərəkətin,
Nə tərpənişin var, nə bərəkətin,
Zirvə görmək sənə olacaq çətin,
İrəli düşünüb, gedirsən nazad.

Rauf Arifoğlu:

Yavaş hərəkət et, girərsən kola,
Xarici bossları tez gətir yola,
İcraçı direktor, məni az dola,
Sən get başqanına blokda naz at.

Arif Hacıyev:

Bir də görməyəcən pendir dürməyi,
Kəndə get, baytar ol, dişlə gərməyi,
Gəl çıxar başından mandat görməyi,
Mənə yox, get sən də özünə mız at.

Rauf Arifoğlu:

Nə vaxt çox olubdu, de, tokun sənin,
Üzündən getməmiş heç şokun sənin,
Gözə kül üfürür blokun sənin,
Mandat həvəsini bir xeyli azalt.

Arif Hacıyev:

Şöhrət gətiribdi tost bizə daim,
Xaricilər olub, dost bizə daim,
Avro, dollar verib boss bizə daim,
Daimi qazancın vulkanik bazalt.

Rauf Arifoğlu:

Qoy sarsın könlünü yaz, bahar hissi,
Qəlbdə genişlənsin müdhiş, dar hissi,
Artsın qoy yalançı iftixar hissi,
Başqanın önünə yekə bir tuz at.

Arif Hacıyev:

Geyməyə narıncı çit danışmısan,
"Yest" düşünsən belə "net" danışmısan,
Uzun illər boyu şit danışmısan,
Duzsuz sözlərinə bir çimdik duz at.

Rauf Arifoğlu:

Hər sözü bişirib, isti yemişəm,
Müsavatda daim tüstü yemişəm,
Əvvəl isbat edib, sonra demişəm,
Sən sözü demisən etmədən isbat.

Arif Hacıyev:

Yat, gedib başını qoyub balınca,
Hazırıq çapmağa iti qılınca,
Gedirik seçkiyə uğur dalınca,
Get redaksiyanda altını islat.

Digər xəbərlər