Pənah Hüseynov:
Radikal bloklar artıb çoxalır,
Təəssüf ki, keyfiyyət xeyli yoxalır,
İfrat namizədlər geridə qalır,
Təşviqat getdikcə faydasızlaşır,
Daxili intizam qaydasızlaşır,
Namizəd liderlər təntiyir, çaşır.
Həsən Kərimov:
Blokmu olubdu başına qəhət?
Deyəsən, səninçün qarışıb cəhət,
Əli də, İsa da görür məsləhət,
Deyirlir əlinə nə keçir, aşır.
Pənah Hüseynov:
Birliklər çoxaldı, çürüdü, qoxdu,
Həm də heç birinin faydası yoxdu,
Beş deyil, on deyil, on beşdən çoxdu,
Blok limitiniz həddini aşır.
Həsən Kərimov:
Lider çoxalanda zəhlə aparır,
Lüzum ideyan da haray qoparır,
Blok çox olanda iflasa varır,
Su da çox olanda gurlayıb daşır.
Pənah Hüseynov:
Fayda götürməniz mümkün deyil heç,
Digər blokların üstündən tez keç,
İsaya qoşulan Əli bir bivec,
Özün də İsayla əlaqəni qır.
Həsən Kərimov:
Nəsibin olmadı qadir tuz olmaq,
Sənin taleyindi narın toz olmaq,
Demokratlıq deyil bloksuz olmaq,
Blokçuluq eşqi yapışqan bir qır.
Pənah Hüseynov:
Sizin blokların hamısı quru,
Strateji xətt də olmadı duru,
Mənim taktikamın çoxdu uğuru,
İstəsən sən onu qamarlayıb cır.
Həsən Kərimov:
Çox az adam var ki, məsləki dana,
Sən gəl az sürüklə bizləri qana,
Bizi qurban verib puç ideyana,
Sonra da arxaya dön, uzaqlaş, cır.
Pənah Hüseynov:
Artıq çatlamaqda Əlinin goru,
İsa da səhv səmtə yönəldib toru,
Mən əla ideya generatoru,
Əfsus, sizin blok məhsulsuz bir cır.
Həsən Kərimov:
Soğan, vəzəri də, yarpız da satdın,
El mənafeyini arsız da satdın,
Baş nazir də oldun, qarpız da satdın,
Ayağın altında xışıldadı xır.
Pənah Hüseynov:
Yeni şəbəkələr aratmaq lazım,
Boss sifarişini yaratmaq lazım,
Müsavatla blok yaratmaq lazım,
Bu sözün üstündə durdun deyib tır.
Həsən Kərimov:
İsanın, Əlinin amalı kallıq,
Bunların felindən qrantsız qallıq,
Çoxlu blok ilə çox mandat allıq,
O zaman səsimiz çıxacaqdı gur.
Pənah Hüseynov:
Yabı sizin olsun, Qırat mənimdi,
Sent-ment sizə çatar, qrant mənimdi,
Elə bu dəfə də mandat mənimdi,
Çıxarsız qarşıma siz növbəti tur.
Həsən Kərimov:
İsanın Qərbdəki izi izimdi,
Rəqibə toxunan dirsək, dizimdi,
Milli Məclisdə də meydan bizimdi,
Əli, İsa, gəlir sən kənarda dur.
Pənah Hüseynov:
Heç bu seçkilərə getməyin hədər,
Yolunuza kərən dığırlar Qədər,
Siz mandat alsanız kifayət qədər,
Əli qılıncını al, başıma vur.
Həsən Kərimov:
Sən get düz yolunla, çıxma divara,
Girdaba düşərsən, çıxsan civara,
Qoy biz çox mandatla qalaq avara,
Sən bir mandatınla xoş xəyallar qur.
Pənah Hüseynov:
Boss da başınıza səpir az nemət,
Kütlələr də sizə verib pis qiymət,
Cari il sizinçün olub qiyamət,
İsrafil sizinçün çoxdan çalıb Sur.
Həsən Kərimov:
Nifrinlər söylənir sənə hər küncdən,
Xəyali heykəllər yapma bürüncdən,
Generatorun da düşübdü gücdən,
Zaman özü sizə yarlıqlar qoşur.
Pənah Hüseynov:
Liderlər maraqla baxır cibinə,
Daxildə qəpiklər axır cibinə,
Azca pul köçürsə bosslar cibinə,
Əli də, İsa da kükrəyib coşur.
Həsən Kərimov:
On səkkiz illikdə qalıbdı zorun,
Bir balıq cəlb etmir cırılmış torun,
Sınıbdı "ideya generatoru"n,
Hər iki gözün də gətirməkdə tor.
Pənah Hüseynov:
Üzsüzdü, onların üzü olsa da,
Dinləyici yoxdu, sözü olsa da,
İsanın, Əlinin gözü olsa da,
Onu da, bunu da saymaq olar kor.
Həsən Kərimov:
Nadansan, demə ki, aqil, elmisən,
Elə cəbhəni də özün bölmüsən,
Sən özün 20 il əvvəl ölmüsən,
Çox da zilə getmə, son yerindi gor.