PDF Oxu

Köşə

  • 30

Qarabağın açarı kimdədir?

Qarabağın açarı kimdədir?
Hər dəfə ATƏT-in Minsk Qrupunun turist çantalı bu üç həmsədrini görəndə, yadıma yenə uşaq vaxtı dürmək üstündə savaşmağımız gəlir. Uşaq idik də, sanki bu dürməkdən başqa daha bir də dürmək üzü görməyəcəyikmiş kimi davranırdıq və sonda da dalaşdığımızı görən böyüklər axırda dürməyi də əlimizdən alırdılar ki, savaşmayaq. Nə qəribə günlər idi o günlər. Adam bəzən böyüdüyünə, böyüyüb də problemlər məngənəsinə girdiyinə görə bir az təəssüflənir. Niyə? Çünki insan övladı üçün uşaqlıqdakı qədər məsum və gözəl, qayğısız və xoşbəxt ömür səhifəsi heç vaxt təkrarlanmır! Həyat belədir. Bu onun qanunlarıdır, istəsək də belədir, istəməsək də. Niyə yenə uşaqlıq səhifələrinə əl gəzdirdim? Hə, bu misalı ona görə çəkdim ki, ABŞ və Rusiya, demək olar ki, Ermənistanla Azərbaycanı dürmək üstündə mübarizə aparan uşaqlar kimi bir-birinə vuruşdurmaq, sonra da ara bir balaca qızışan kimi böyürdən çıxıb "sülhün keşikçisi" rolunda çıxış etməyə başlayırlar. Bununla da bütün dünyaya və əsasən də, torpaqları erməninin ayaqaltısına çevrilən, balaca körpələri və qadınları diri-diri erməni süngüsünə çəkilən, odda yandırılan, təbii sərvətləri və YUNESKO-nun siyahısında olan mədəni irsi, tarixi abidələri məhv edilən bizlərə göstərməyə çalışırlar ki, guya bunlar sülh üçün çapalayırlar. 1992-ci ildə Helsinkidə ATƏT-in Minsk Qrupu adlı havayı yeyənlər qurumu yaradıb, Mario Rafaello kimi bir arvadbaz italyanı da onun sədri qoydular, nəticəsi nə oldu?. Bu M. Rafaello da eləmə tənbəllik, neçə əsrlərdir ki ... adətkar erməni qızlarına "əl qoy" və başla onların tərəfini tutmağa. Bu erməni qızları çar Nikolaydan bəri kimləri ram etmədi ki, hələ qalsın arvadbaz Berluskoninin yerlisi. Bu vaxt o vaxtlar idi ki, hələ avropalıların nəfəsi bu yanlara təzə-təzə dəyirdi və buralar onlar üçün "açılmamış səhifə" idi. Nə isə, ta ordan başlayaraq avropalılar başladılar bizlərin başını öz diplomatik alçaqlıqları ilə qatmağa və erməniyə dəstək olmağa. İndi o illərdən ən azı 18-20 il keçib və yenə də biz bu diplomatiyanın qara piarının "altını" çəkirik. Yenə həmin Minsk Qrupu, yenə də həmin ABŞ, Rusiya, Fransa, nə bilim kimlər, kimlər. Yenə də həmin havayı yeyənlər turist kimi erməni işğalı altında olan Azərbaycan torpaqlarını- Şuşanın, Kəlbəcərin, Zəngilanın gözəl və səfalı yerlərini gəzir, Turşsu yaylağında dincəlir, erməni tut arağından içir, gözəl istirahət də edib, Parisə, Moskvaya və Vaşinqtona dönürlər. Dağlıq Qarabağ müharibəsi bunlar üçün əsl çörək ağacıdır. Dəhşətə bir bax, faciəmiz də dünya üçün bir qazancdır...Dünya siyasətində aktyorlar dəyişir, amma rollar eynidir, a kişilər! İndi də başlayıblar "süründürmə" diplomatiyasını "xoda" salmağa. Bu dövlətlər və bu adamlar açıqca deyirlər ki, biz sizə haqq-ədalət filan gətirib, verəsi deyilik nimçədə. Yəni aparılan danışıqlar və ATƏT deyilən oyuncaq turist qurumun alçaq bir diplomatiya ilə baş aldatması da sadəcə vəziyyəti nəzarətdə saxlamağa xidmət edir. Açıq danışaq, Qarabağ düyününün əsas və daha çox hissəsi məhz Rusiyanın əlindədir. Rusiya ona görə məsələnin həll olunmasını istəmir ki, regiondakı prosesləri tam nəzarətində saxlamaq, Azərbaycana lazım olan anda təzyiq göstərmək, habelə, Ermənistanın özünü Qarabağ kartı ilə əldə saxlamaq ona çox vacibdir. O, Gürcüstanla bağlı buraxdığı tarixi "oşibka"nı bir də buraxmaz! Çünki qırmızı meydandakı Moskva daima bu kartdan yararlanıb və bunu ta çar Nikolaydan bəri yürütdüyü siyasətlə sübuta yetirib. Bəs Vaşinqton? Bu ölkənin ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi, ayıb olmasın, heç harasına da deyil. Niyə? Birincisi ona görə ki, ABŞ-da uzun illərdir ki, oturuşmuş və ABŞ-ın daxili və xarici siyasət konsepsiyasına nəzarət edən erməni lobbisi var. Üstəlik, ABŞ-ın əksər siyasi dairələri hələ də erməni dividendi ilə seçkilərə qatılırlar ki, bu da onların kor olmuş gözlərini açıb düzgün mövqe tutmalarını tamamilə əngəlləyir. ABŞ-dakı siyasi dairələr üçün neft maraqları və üstəgəl iqtisadi, siyasi qazanc əldə etmək hər şeydən üstündür. Demokratiya isə sadəcə onların öz cəmiyyətləri üçün lazımdır. Bu ideya, əslində, onların maraqları naminə başqalarının gözünə soxmaq üçün bir şüardır, vəssalam! Onlar demokratiyanı nələrə dəyişmədilər ki? Özü də dəfələrlə! Bəs Qarabağı bizə kim qaytaracaq? Heç şübhəsiz ki, elə özümüz. Amma sırğalı gədələrlə, öz ana dilinə lağ edib tarixindən bixəbər olan, efirdəki əxlaqsız şou "ulduzlarının tərbiyəsi" ilə böyüyən bir çox gənclərimizlə, Bakının "Torqovı" küçəsində, erməni kilsəsinin divar dibində fanta butulkası ilə siqaret sümürən 14-15 yaşlı "potensial gələcəyimiz" olan, "patsan" həyat tərzi keçirən yeniyetmələrimizlə, vətən anlayışından belə bixəbər olan vətəndaşlarımızla VƏTƏN XİLAS EDİLMƏZ! Təəssüf ki, indi cəmiyyətimizin mənzərəsi budur... Biz bütün gücümüzü əsl vətənpərvərlik ruhu qanına və canına hopmuş Azərbaycan üçün əsl ümid yeri olan bir gələcək nəsil formalaşdırmağa yönəltməliyik. Təbii, əgər istəsək. Çünki bütün dərdlərimizin çarəsi ancaq özümüzdədir. Biz istəsək də, istəməsək də!

Digər xəbərlər