PDF Oxu

Köşə

  • 14

"Ümid"-"ANİF" qarşıdurması güclənməkdədir

"Ümid"-"ANİF" qarşıdurması güclənməkdədir

Eldar Namazov:

"ANİF" yaxşı qurum, "Ümid"ə gülləm,
Onun gicgahına sıxılar gülləm,
İqbala siyasi dərs verə billəm,
Əgər o gətirsə qarşımda duruş,
Deyərəm, "Ümid"ə, sədrinə bir quş,
Mənim xatirimə "ANİF"ə bir tuş.

İqbal Ağazadə:

Ölərsən, yarana mən yod olmasam,
At olsan, qarşında mən ot olmasam,
Əgər sükanına pilot olmasam,
Çətin olacaqdır səninçün uçuş.

Eldar Namazov:

Səndə yapışmaqçün yaxa münasib,
Sən ucuzluqdasan, baha münasib,
Özümün "ANİF"im daha münasib,
İstəməzdim gələm "Ümid"inə tuş.

İqbal Ağazadə:

"Ümid" çəmənində otla, quzulan,
İlkin sən olarsan qəbri qazılan,
Sənin mürəkkəbin adi, pozulan,
Mənim mürəkkəbim pozulmayan tuş.

Eldar Namazov:

Mən üzü yoxuşa diklənməkdəyəm,
Siyasi elmlə yüklənməkdəyəm,
Yüksək amallara köklənməkdəyəm,
Həyatda məqsədin sent, qəpik-quruş.

İqbal Ağazadə:

Bir karandaş olsan, yazmamış çərtil,
Cilalanmaq üçün bülövə sürtül,
Sən get o cinaha , bu yana dürtül,
Mənimki siyasi meydanda vuruş.
Eldar Namazov:

Ağlar sifətimsən, gülər camalım,
Niyyətindən üstün coşqun kamalın,
Qafa səviyyəni aşar kamalın,
Sən get tayını tap, onunla yarış.

İqbal Ağazadə:

Sənin kimiləri mən çox itirdim,
Səninlə piketə şəstlə gedirdim,
Küçə yürüşünə-mitinqə girdim,
İrəli getmədin sən bircə qarış.

Eldar Namazov:

Bossumu mən Smit, İvan eyləyim,
Sənin kimlərə divan eyləyim,
Qoy mən səmalarda cövlan eyləyim,
"Ümid"in ərisin, torpağa qarış.

İqbal Ağazadə:

Coşub çox olmusan yazıq, halbahal,
Bunu müşahidə etdim dalbadal,
İşindi daimi dava-qalmaqal,
Mənimki rəqiblə ünsiyyət, barış.

Eldar Namazov:

Sənə yürüşlərdə gələcək zaval,
Boşdu çiyininə asdığın çuval,
Piketə çıxanda ciddi görkəm al,
Az dişini ağart , həm də az mırış.
İqbal Ağazadə:

Səni qış soyuğu boyat çağırır,
Get öz süqutunu oyat, çağırır,
Məni ağuşuna həyat çağırır,
Ölümə aparır səni hər qırış.

Eldar Namazov:

Gözün onun-bunun gül bağındadı,
Niyyətin də məhşər ayağındadı,
"ANİF" həyatının yaz çağındadı,
"Ümid"in ümidi payız, qarlı qış.

İqbal Ağazadə:

Yolundan sapmısan sol yana doğru,
Daima getmisən şeytana doğru,
"Ümid"im üz tutub meydana doğru,
Nəsibin həmişə meydandan qaçış.

Eldar Namazov:

Sən gedib fillərin qulağında yat,
"ANİF" "Ümid"inə çoxdan verib mat,
Boğazdan yuxarı söhbətləri at,
Sən real bir iş gör, özün də az çaş.

İqbal Ağazadə:

Sən özün çəkmisən ətrafına sədd,
Gözünə tor gəlib, əyilibdi qədd,
Gərgin iş rejimi "Ümid"çün məqsəd,
Sən get "ANİF"inə şən nəğmələr qoş.

Eldar Namazov:

Siyasi savadı tulla, dan , yapış,
Meydan yerin deyil, bunu qan, yapış,
Bacardığın işin qulpundan yapış,
"Ümid"in qalıbsa, danışma boş- boş.

İqbal Ağazadə:

Pravoslavlardan, sözsüz, Rim yüksək,
Doğru de, meydanda bizdən kim yüksək?
Sənin reytinqindən reytinqim yüksək,
Sən özün adicə siyasətbaz, loş.

Eldar Namazov:

Cəbhənin yükləri belindən düşmür,
Lüzumsuz şüarlar əlindən düşmür,
Meydan ifadəsi dilindən düşmür,
Səni mitinqinə çağırmaqda Oş.

İqbal Ağazadə:

Gözaltı etdiyim bir zəfər cinah,
"Ümid" xeyir cinah ,"ANİF" şər cinah,
Adımı hörmətlə çəkir hər cinah,
Heç bir radikala gəlməmisən xoş.

Eldar Namazov:

Bilirəm, kürkünə düşübdü birə,
İftira ötürmə teleefirə,
Yalandan özünü bənzətmə şirə,
Qoyundan heç zaman çıxmayacaq qoç.

İqbal Ağazadə:

Hələ əməlindən saçılır ətir,
Müxalif duruma bir fayda gətir,
Ya fəallıq göstər, bu meydana gir,
Ya puç et "ANİF"i, ya qanadlan uç.

Digər xəbərlər