PDF Oxu

Köşə

  • 33

Salam, müəllim, salam!

Salam, müəllim, salam!
Yəqin bilirəm ki, bu yazıma görə bəzi "müəllimlər" məndən inciyəcəklər, amma nahaq yerə. Çünki mən müəllim adını şərəflə daşıyan bu müqəddəs insanların qarşısında min dəfə baş əyirəm. Bunun əvəzində isə, müəllim adını yerə vuran, gözlərini şagirdin biliyinə deyil, ciblərinə zilləyən, bununla da, Azərbaycana tam bir qaranlıq gələcək hazırlayan bir para "müəllimlər" barədə yazmasam, bu elə özü də bir cinayət olardı. Əvvəlcə gec də olsa, yeni tədris ilində müəllimlərimizi təbrik edirəm, onlara ölkə üçün, əsil mənada, vətəndaş və şəxsiyyət yetişdirməkdə böyük uğurlar diləyirəm. Çünki bizim xoşbəxt və ya bədbəxt gələcəyimiz bu gün utana-utana parta arxasına keçən, gələcəyin qatı canisindən tutmuş ən böyük elm xadiminə, musiqiçisinə, aliminə və "qanuni oğru"suna qədər hər cür sənət sahibi olacaq balaca uşaqları böyük və amansız həyat meydanına hazırlayan müəllimlərdən çox asılıdır.
Bizim camaatın uşaqlı-böyüklü "Kurtlar vadisi" filmini seyr etməsindən, çoxlarının Polat Ələmdar və İskəndər Böyükün obrazlarından ruhlanıb "vor-zakon" və "kriminal" olmaq həvəsindən də xəbərim var. Həm Allah üçün, həm də bəndə üçün deyim ki bu filmə baxandan sonra bizim əksər uşaqlar internet zallarındakı ədəbsiz pornolara və "ujas" filmlərə baxmaqdan çəkinib bir az bu kişi sayaq real macəralara üz tuturlar ki, bu da əladır. Məsələn, "Bu şəhərdə" "Parni iz Baku", nə bilim, başqa bu kimi insanlara ucuz və küçə-məişət təfəkkürü aşılayan, ucuz lağlağı "gülüş" və kütləvi manqurtlaşma şüuru yaradan bu "artistlər" gələcəyimizi gözlərimiz qabağındaca məhv edirlər...
Ona görə də dadımıza yenə "Kurtlar vadisi" çatır. Niyə? Çünki milli dəyərlərimizə düşmən kəsilən tərbiyəsiz maqazin verilişlərinin, ərindən boşanaraq min bir tərbiyəsizliklə məşğul olan, hələ bu azmış kimi, həmin tərbiyəsiz proqramlardan xalqa əxlaq və mənəviyyat tərbiyəsi keçən ləçər qadınların, özlərinin kişilik mənsəbini itirərək, qulaqlarına sırğa taxan, arvadlar kimi əzilib-büzülən "mavi kişilər"in təsiri altına düşüncə, qoy elə Polat Ələmdar və İskəndər Böyük olmağa üstünlük versinlər. Bu hara, o hara? Həm də bəsdir daha uşaqlarımızı nağıllar aləmindəki "cırtdan"larla, qırmızı köynəklərlə, nə bilim hansısa mifik qəhrəmanlarla böyütdüyümüz. Elə neçə əsrlərdir ki, belə tərbiyə və üsullarla böyümüşük ki, torpağımızı da alıblar əlimizdən, tariximizi də, hələ üstəlik, mənəvi dəyərlərimizi də. Daha körpələrimizi kiməsə qucaq açmaq, torpaqlarımızda yer vermək, torpağımızı "beynəlmiləlçilik naminə" kiməsə "peşkəş" etmək barədə, bundan sonra heç kimə yazıqlarının gəlməməsi və hədsiz qonaqpərvərlik etməmələri üçün onları balacalıqdan bu qəddar dünyanın gerçəkləri ilə böyütməliyik. Daha dağlara-düzlərə, bulaq çeşməsindən axan şeirlərə bəslənən laylalarla böyümək bizə lazım deyil əzizlərim, vallah, lazım deyil! Bu ideologiya ilə deyil, əsil həyat gerçəkliyi ilə böyütməliyik uşaqlarımızı. Uşaqlarımıza bələkdə ikən gül-çiçək, nə bilim, şırhaşır axan bulaqların musiqisi barədə deyil, əsil həyat gerçəkliyi barədə danışmalıyıq. Onlara yalançı deyil, əsil vətən sevgisi aşılamalıyıq, qardaşlarım!
Yeni dərs ili də başladı. Neçə-neçə körpə məktəb yolunu tutdu, neçə-neçə gənc isə on il sərasər getdiyi o məktəb cığırını geridə qoyub, böyük həyat yoluna üz tutdu. Həyat necə də qəribədir, deyilmi? Dünən məktəbə gedirdin, bu gün isə həmin cığırları geridə qoyub, həyatın bütün ağrılı-acılı döyüş meydanına atılırsan. Yəni bir həyat nağılı bitdiyi yerdə yeni əsil həyat və şəxsiyyət həyatı başlayır. Amma ...
Bilirsiniz niyə "amma" dedim? Çünki yenə şagird cibinə "boylanan", öz ad günlərini uşaqların hesabına keçirən, qarşısındakı partada əyləşən şagirdlərinə varlı-kasıb gözü ilə baxan, onları biliklərinə görə deyil, valideynlərinin imkanına görə "dəyərləndirən", ancaq "xüsusi hörmətlə" qiymət yazan müəllimlər gəlib durur gözümün qarşısına. Məhz belələri müəllim əzəmətini yerə vurur, bu müqəddəs və uca adı bəzi pulu gədə-güdənin ayaqları altına atırlar. Təsəvvür edin ki, belələri min bir haram yollarla milyonlar ələ keçirən həmin karlı "valideynlərin" qarşısında beş-on manat üçün elə günə qalırlar ki, gələcəyin böyük bir nəsli artıq öz uşaq yaddaşlarında müəllim olmağın necə nifrətli bir şey olduğunu və ən əsası isə bilik və bacarığın taleyini pulun həll etdiyini balaca şüurlarına həkk edirlər!
Adamın Allahı olar, hökumət müəllimlərin sosial təminatı üçün xeyli iş də görüb. Sadəcə, bu cür "müəllimlər" üçün tövbə deyilən şey yoxdur qardaşım.
Ona görə hər kəs bu işdə diqqətli olmalı, müəllim adına xələl gətirənlərin sinif otaqlarına ayaq basmamaları üçün əl-ələ verib, iş görməlidirlər. Çünki onlar siniflərə ayaq açsalar, onda bizim əvvəlkilərdən daha betər olacaq qaranlıq gələcəyimiz başlayacaq!

Digər xəbərlər