Lalə Hacıyeva:
Mənə bizim Əvəz Temirxan dedi,
Bloka qoşubdu ALP "VİP"-i,
Həm də mən olmalı yek namizədi,
Bu cür mandatları istəmir ürək,
Kütlə alqışları nəyimə gərək?
Qışadək gözləyək, nə olur görək?
Əvəz Temirxan:
Yenə aslan kimi yerə qoyun diz,
Dərhal qabağında səcdə edək biz,
Yenə də siz olun namizədimiz,
İsaya, Əliyə, ulduza hürək.
Lalə Hacıyeva:
Beş ildi bitibdi dilimdə mandat,
Xalçada, palazda, kilimdə mandat,
Vacibdi mən tutam əlimdə mandat?
Sizlərə həmişə "MBH" dirək.
Əvəz Temirxan:
Dolduraq səninlə piyalə, xanım,
Dalaq bir anlığa xəyalə, xanım,
Sən bizə him eylə, ay Lalə xanım,
Biz də yerə doğru vermərik kürək.
Lalə Hacıyeva:
Açın başınızı, "Cəngi" çaldırın,
Killerlər saxlayın, qisas aldırın,
İsaya, Əliyə üsyan qaldırın,
Mitinqdə, yürüşdə tərpənin zirək.
Əvəz Temirxan:
Biz başqa bloka etmirik meyil,
Elə özümüz də olmadıq veyil,
Yemək dizimizin üstündə deyil,
Sən bizə vermisən həmişə çörək.
Lalə Hacıyeva:
Sizlər müştərisi mən tək vəkilin,
"MBH" adlanan yerə tökülün,
Yaxşı bir yer tutub küncə çəkilin,
Biz də üstünüzə tez qanad gərək.
Əvəz Temirxan:
Gəlmişik Laləli imana, dinə,
O gündən çıxmışıq, sözsüz, ağ günə,
Çevril sən bizlərin namizədinə,
Bizlər də şəst ilə yuvana girək.
Lalə Hacıyeva:
Daim zillət çəkib, mən od udmuşam,
Hətta özümü də mən unutmuşam,
Özümə güc gəlib diet tutmuşam,
Əvəzə vermişəm ən yağlı xörək.
Əvəz Temirxan:
Açdıq əlimizi Laləyçün göyə,
O da basıb bizi ancaq hay-küyə,
Dərimiz yapışıb sürə-sümüyə,
Bizim beşimizə çatır bir xərək.
Lalə Hacıyeva:
Sığmaz ordunuza bir dovşan çullu,
Siz boss sorağında cibləri pullu,
Namizəd düzəldib məndən üsullu,
Heç vaxt yaxa cırıb, olmayın sülək.
Əvəz Temirxan:
Tərəzi həddidə gözdə namizəd,
Qəbul et bir qərar, tezdə namizəd,
"VİP"-ALP blok, siz də namizəd,
Siz öz lütfünüzlə xalis bir mələk.
Lalə Hacıyeva:
Bir sümük qalmısız bircə də dəri,
Siz üzü o yana, mən üzü bəri,
Yığşırın lüzumsuz məsələləri,
Gərək biz bir amal naminə ölək.
Əvəz Temirxan:
Biz qılman, siz isə cənnətdə pəri,
Gəlin bu qərara, verin siz həri,
Bizlər hüzurunda miskin müştəri,
Sən lider tərlansan, özün də tülək.
Lalə Hacıyeva:
Siz lal sulardasız, axınlıqda mən,
Siz arpa həddində, dənli buğda mən,
Durmuşam mücərrəd yaxınlıqda mən,
Sizləri uzağa aparıb külək.
Əvəz Temirxan:
Məclisdə deyilən tostdan pul alıb,
Həm yaddan pul alıb, dostdan pul alıb,
Namizəd olsanız, bossdan pul alıb,
Deyirəm, ikimiz tən yarı bölək.
Lalə Hacıyeva:
İndi çoxlarının artıbdı dərdi,
Radikal qovğası, sözsüz, hədərdi,
Namizəd sevdası gəldi-gedərdi,
Ayaqda durmaqçün möhkəmdi bilək.
Əvəz Temirxan:
Sevincdən daha çox kədər yemişəm,
Mən səndən ayrılmaz sadiq qəmişəm,
Sənə mən əbədi lider demişəm,
İstərəm səninlə birlikdə gülək.
Lalə Hacıyeva:
Mandat almayacam, eyləmişəm qət,
Bloka qoşulmaq mənə qəbahət,
Əsla bilməmisən nədir sədaqət,
Sadiq-sadiq deyib, gəlmisən kələk.
Əvəz Temirxan:
Qalibsən, seçkiyə get, qələbə çal,
Çoxları nahaqdan salıb qalmaqal,
Nikbinsən, beləcə siyasətdə qal,
İstərəm ki, ortaq məxrəcə gələk.
Lalə Hacıyeva:
Özün də dövrəmdə çalış az döyük,
Qoyma boynuma da sən çox ağır yük,
Xəlbirsən, əlbəttə, deşiyin böyük,
Mən isə xudmani zərif bir ələk.
Əvəz Temirxan:
Bizim çəkimizdə qramlar ayrı,
Halallar bir ayrı, haramlar ayrı,
Bir çox bloklarda məramlar ayrı,
Həmişə bir olub bizlərdə dilək.