Sərdar Cəlaloğlu:
Açaram İqballa dedim əl-ayaq,
Blok yaradaram adı "Qarabağ",
Gedərik seçkiyə şaraqqaşaraq,
İsadan, Əlidən önə çıxarıq,
Cəbhə-Müsavatı yerə yıxarıq,
Biz öz sinəmizə mandat taxarıq.
İqbal Ağazadə:
Blok yarananda dedim bitdi iş,
Bilmədim qıcardar Sərdar özü diş,
Bu adamdan Rəsul gör nə çəkirmiş,
Mən özüm kök idim, oldum çox arıq.
Sərdar Cəlaloğlu:
İqballa birliyin heç ki zamanı,
Bizlər birinciyik içki zamanı,
Yüksək mövqe tutub seçki zamanı,
İsaya, Əliyə göydən baxarıq.
İqbal Ağazadə:
İndi də aşkarca Sərdar goplayıb,
Bundan sonra yalan məlumat yayıb,
Düşündüm, biz çoxlu mandat toplayıb,
Rəqiblər üstündə od tək çaxarıq.
Sərdar Cəlaloğlu:
İqbal göstərməkdə sayı yuxarı,
Bosslar da etmirlər payı yuxarı,
İfratlar üzürlər çayı yuxarı,
O zaman lazımi yerə axarıq.
İqbal Ağazadə:
Bizim əlimizdə viskili badə,
Bu əməl sizlərə gəlməsin sadə,
Əliylə,İsayla müqayisədə,
Sərdarla mən özüm adi buxarıq.
Sərdar Cəlaloğlu:
Biz qiymət qoyuruq sözlərimizə,
Padoş da vurmuşuq üzlərimizə,
Digəri kül vurar gözlərimizə,
Biz isə lalə yox, saman qoxarıq.
İqbal Ağazadə:
Olub gözmuncuğu, ocaq, pir mandat,
Kimlərçün bir hədəf, yaxud tir, mandat,
Əldə edə bilsək əgər bir mandat,
Onu biz şəst ilə gözə soxarıq.
Sərdar Cəlaloğlu:
Dedim "Qarabağ"ı hala gətirrəm,
Bilmədim qəm yeyib, bəla gətirrəm,
Düşündüm İqbalı yola gətirrəm,
Birlikdə mandatlı qrant tıxarıq.
İqbal Ağazadə:
Sərdarla birləşib qurruq tamaşa,
Əfsus ki, vermədik heç də baş-başa,
Əli ilə İsa hələ şeş qoşa,
Sərdarla biz yalnız qoşa çaharıq.
Sərdar Cəlaloğlu:
Düzgün başlamadıq, deyəsən, xodu,
Alındı İqbalın gözünün odu,
Əli ilə İsa bizdən yaxşıdı,
İqballa birlikdə bossa naharıq.
İqbal Ağazadə:
Kimlə dostlaşıram, dərhal çıxır lox,
Yaşaya bilmədik əməlli bir şok,
Dedim Sərdar ilə qurub mən blok,
Şəstlə bildirərdik, bizlər də varıq.
Sərdar Cəlaloğlu:
Dedim Əhrimən tək o, mifik olsun,
Mandat da əlçatar adi pik olsun,
İstədim dağlar tək başı dik olsun,
Dedim ki, İqbaldı, yaxın həmkarıq.
İqbal Ağazadə:
Düşdük təbiətin səmum yelinə,
Batmışıq ifratın dərin gilinə,
Qalxarkən Hörmüzün xeyir zilinə,
Sərdar badalağı dedi qəmxarıq.
Sərdar Cəlaloğlu:
Radikal durumda at oynadır şər,
İsanı, Əlini yıxmaqdadı çər,
Bu üsulla getsək İqballa əgər,
O zaman olacaq işimiz fırıq.
İqbal Ağazadə:
Münasib adamdı, doğrusu, "Madam",
Çətin nə zamansa mən ona çatam,
O qədər nahamvar olub bu adam,
Əbəsdi Sərdarla yeyəsən moruq.
Sərdar Cəlaloğlu:
Kütlələr çoxunu seçib, yarıdıb,
Lazımsız budaq tək bizi daradıb,
Çoxları münasib zoopark yaradıb,
Bizim qurumumuz lüzumsuz qoruq.
İqbal Ağazadə:
İsa da, Əli də xalis yağdı-çim,
Bizdən üz döndərib, Dima, Barak, Çim,
Yüksək mövqedədi, sözsüz, "Ümid"im,
Sərdarla olmuşuq ümidi qırıq.
Sərdar Cəlaloğlu:
Qısa vaxt ərzində açırdım min fal,
Həmkarım çevirdi yenə mənə dal,
Məni başa düşmür nədənsə İqbal,
Mənası budur ki, siyasi koruq.
İqbal Ağazadə:
Son vaxtlar blok da qurduq Sərdarla,
Çəkilib bir yarım vurduq Sərdarla,
Nə qədər yanaşı durduq Sərdarla,
Simi qırıq sazıq, çalınmış tarıq.
Sərdar Cəlaloğlu:
Siyasi meydana çıxır hər məlun,
Bir xeyir gətirməz naqis, şər məlun,
Uğursuzluğun da səbəbi məlum,
Seçkiyə gedirik ayaqda çarıq.
İqbal Ağazadə:
Qəzetlər al-əlvan boyağa keçib,
Təam paylayan boss tabağa keçib,
İsa ilə Əli qabağa keçib,
Sərdarla qalmışıq yaxası cırıq.