PDF Oxu

Köşə

  • 14

AXCP (i)-Müsavat birliyi Rauf Arifoğlu və Pənah Hüseynovu yaxınına buraxmır

AXCP (i)-Müsavat birliyi Rauf Arifoğlu və Pənah Hüseynovu yaxınına buraxmır

Pənah Hüseynov:

Məni bəyənməsin İsaynan Əli,
Onların birliyi mənə şübhəli,
Başının üstündə Mirmahmud əli,
Onlar düz atmayıb dənizə toru,
Bunun seçkilərdə çıxacaq şoru,
Özüm "ideyalar generatoru".

Rauf Arifoğlu:

Pənah Hüseynovu kandarda qoyub,
Saysız bosslarını Kanarda qoyub,
Məni siyahıdan kənarda qoyub,
On dəfə göstərdim mən ona goru.

Pənah Hüseynov:

İfrata "Yurd" kimi fırfıra enib,
İsa Müsavatla lap qıra enib,
Artıq reytinqiniz sıfıra enib,
Get o itirilmiş nüfuzu qoru.

Rauf Arifoğlu:

Əli havalıdı, həddi aşıbdı,
Bilmir ki, neyləsin, yaman çaşıbdı,
"Yurd" Müsavat ilə qoşalaşıbdı,
İsa aralığa çəkəcək boru.

Pənah Hüseynov:

Cismini kütlələr budadı, görmür,
Artıq tərk edilmiş adadı, görmür,
Müsavat lövbəri sudadı, görmür,
Süzür təmtəraqla möhtəşəm doru.

Rauf Arifoğlu:

İştirak etsinlər, barı, seçkidə,
Uğur qazansınlar yarı, seçkidə,
İnşallah, görərik cari seçkidə,
Onlar ifa edir son süqut xoru.

Pənah Hüseynov:

Cibləri xarici mallarla dolsun,
Enən reytinqləri ballarla dolsun,
İstərlər cibləri dollarla dolsun,
Münasib sayarlar qrantlı çoru.

Rauf Arifoğlu:

Elin sərvətini qapıb dərdilər,
Yana bilmədilər, az közərdilər,
Bellərinə minsə boss, dözərdilər,
Bunlar üstün tutur sərtliyi, zoru.

Pənah Hüseynov:

Ortaya lüzumsuz xəritə qoydu,
Öpüşü ən gözəl pəridə qoydu,
Düzü, görməməkdə geridə qoydu,
Onlar iki gözdən məhrum hər koru.

Rauf Arifoğlu:

Yalnız özlərini ulu gördülər,
Xaricdə bir qalaq pulu gördülər,
Çimməmiş, bizləri sulu gördülər,
Özləri sudan da çıxdılar quru.

Pənah Hüseynov:

Danışa bilirlər boya etmədən,
İş görə bilmirlər riya etmədən,
Dedilər əsla ar, həya etmədən,
Biz aydan arıyıq, sulardan duru.
Rauf Arifoğlu:

Özlərinə zirvə və vışka deyir,
Raufa, Pənaha qaz, çuşka deyir,
Boss russa, hər biri çastuşka deyir,
Qərblisə rep üstə oxuyur "Şur"u.

Pənah Hüseynov:

Boss ianəsində niyazdadılar,
Fikrən Vəzirovda, Ayazdadılar,
Şübhəsiz, hər biri dayazdadılar,
Onları aparar suların guru.

Rauf Arifoğlu:

Radikal liderlər sərt mat olacaq,
Lüzumsuz qurumlar çox çat olacaq,
Seçkidə nə Əli mandat alacaq,
Nə İsa adlaya biləcək turu.

Pənah Hüseynov:

Bəzən dolduranda bosslar cibini,
Yaman kəsdiriblər bulaq dibini,
Necə ki, görmürlər qulaq dibini,
O cür görəcəklər ancaq uğuru.

Rauf Arifoğlu:

Sevdikləri viski, bir də çaxırdı,
Hər biri rəqibi sözdə yıxırdı,
Meydanda səsləri çox gur çıxırdı,
İndi hər birisi elin fağırı.

Pənah Hüseynov:

Bossu aldatmağa bicləri çatmır,
Əli, İsa kimi gicləri çatmır,
Bunların yüngülə gücləri çatmır,
Qaldırmaq istərlər bu gün ağırı.

Rauf Arifoğlu:

Nə bossun verdiyi kasa qadirdi,
Nə keçmiş o ifrat masa qadirdi,
Nə Əli, nə də ki, İsa qadirdi,
Gecə keçdiyimiz o dar cığırdı.

Pənah Hüseynov:

Demədik kütləni avara qoysun,
Qulağa zil səsli nağara qoysun,
Həm Əli, həm İsa kənara qoysun,
Boğazdan yuxarı çığır-bağırı.

Rauf Arifoğlu:

Get-gedə bağlanır ifrat bazarı,
"Yurd"un azalmaqda Qərbə güzarı,
Bihudə İsanın birlik azarı,
Artıq yetişməkdə onun axırı.

Pənah Hüseynov:

Sabiqlər zəifdi, biz xeyli zirək,
Onları keçmişə aparar xərək,
Meydana Raufla mən gələm gərək,
Apara bilməyir İsa naxırı.

Rauf Arifoğlu:

İndi ifratların yoxalıb riski,
İçəndə qradus da qalxır rezki,
Əlinin əlində bosslardan viski,
İsa da buraxmır suxoy çaxırı.

Digər xəbərlər