İqbal Ağazadə:
Gördüm qaş-göz əyir, İsa bəy mənə,
Əli bəy də döymək istəmir çənə,
Dedim hər ikisi qaniçən gənə,
Dedim Sərdar bəyə canın olsun sağ,
Gəl yeni bloka verək biz ayaq,
Blokun adını lQarabağ" qoyaq.
Sərdar Cəlaloğlu:
Heç biri fərqlənmir qafası ilə,
Boğaq biz zəncirin halqası ilə,
Bizim bu birliyin dalğası ilə,
Əlinin, İsanın gözünü oyaq.
İqbal Abazadə:
Onlar bizə qarşı olubdu kəskin,
Biz də arzulayaq onlara pis gün,
Hamıya deyək ki, Əlidi miskin,
İsanın üstünə yaxaq tünd boyaq.
Sərdar Cəlaloğlu:
Bu qənim dostların gözü nəm olsun,
Onların nəsibi kədər-qəm olsun,
Bu müdhiş liderlər cəhənnəm olsun,
"Qarabağ" olacaq bizlərə dayaq.
İqbal Ağazadə:
Onların qəlbini daşdıran kindi,
Onu da, bunu da rəzalət yendi,
İsa Əli ilə didişir indi,
Gəzir ikisi də dəlilər sayaq.
Sərdar Cəlaloğlu:
Boss pul göndərəndə danır özünü,
Paytaxtda yeganə qanır özünü,
Özləri bir aqil sanır özünü,
Bizsə rəqibləri naqislər sayaq.
İqbal Ağazadə:
Kütlələr inanmır indi felinə,
Əli satqın çıxıb doğma elinə,
İsası qərq olub yuxu selinə,
Bizsə lQarabağ"da durmuşuq oyaq.
Sərdar Cəlaloğlu:
Əli, İsa kimi sədr ola bilməz,
Başqan da Əlidən zövq ala bilməz,
Cəbhə Müsavata qoşula bilməz,
Üstünlüyümüzü hər yerdə yayaq.
İqbal Ağazadə:
Yeni birliyimiz götürməzdi çirk,
Son vaxtlar başımız olmaqdadı dik,
İsadan, Əlidən yaxşı liderik,
Bunu sübut etdik fakt ilə bayaq.
Sərdar Cəlaloğlu:
Çoxlu qüsurlar var oyunlarında,
Sağalmaz xəstəlik qoyunlarında,
Blokun babalı boyunlarında,
Demədim yalandan biz babal yuyaq.
İqbal Ağazadə:
Çox mənfur Əliylə İsa nəfəsi,
Bu gün zəif çıxır onların səsi,
Çox sönük onların nəzəriyyəsi,
Pis olar onların vədinə uyaq.
Sərdar Cəlaloğlu:
İsa da, Əli də verməkdə məzə,
Onlardan uzağıq, sözümüz kəsə,
Bizə münasibət dəyişilməsə,
Mümkündür onların canına qıyaq.
İqbal Ağazadə:
Elə ki, dağları aşdıra bildik,
İsanı, Əlini qaçdıra bildik,
Yaxud da rəqibi çaşdıra bildik,
Mümkün ki, biz işdən o zaman doyaq.
Sərdar Cəlaloğlu:
Bizi yenə bilməz yüz kələkbaz, bic,
Bayaq dediyimiz rəqiblərsə gic,
Elə zənn edirlər toplayırıq güc,
Bəlkə də onların mülkünü soyaq.
İqbal Ağazadə:
Mən də Sərdar kimi inanıram tam,
lQarabağ" edəcək rəqibləri ram,
Sərdarı bilmirəm, mən inanmıram,
Nə vaxtsa İsanı, Əlini duyaq.
Sərdar Cəlaloğlu:
Biz bu rəqiblərdən bir qədər önük,
Kütlələr çıxıblar bunlara dönük,
İsanın, Əlinin taleyi sönük,
Başımız üstündə parlayır mayak.
İqbal Ağazadə:
Bizə doğru gələn getməsin geri,
Sıramızda vardır layiqli yeri,
Qəbul eyləyərik fədailəri,
Gəlsin sıramıza əsgərlər, maryak.
Sərdar Cəlaloğlu:
Keçmişlər bizləri əvvəl qoxurlar,
Sonra da lüzumsuz boyun soxurlar,
Bizim yanımızda cəsur oğullar,
Onların yanında avara, varyaq.
İqbal Ağazadə:
Yalançı xəyala dalmasın deyə,
İsaçı, Əliçi qalmasın deyə,
Daxilə təfriqə salmasın deyə,
Bijənək budağı kəsib, darayaq.
Sərdar Cəlaloğlu:
Qoşsun bir-birinə onlar tərifi,
Bizlər artırarıq ləşkəri, səfi,
Atıb bir kənara düşmən tərəfi,
Özümüzə sadiq dostlar arayaq.
İqbal Ağazadə:
İstərik rəqiblər qan-yaş ağlasın,
İsalar, Əlilər qara bağlasın,
Demədim yaramız qaysaq bağlasın,
Dedim yaraları möhkəm sarıyaq.
Sərdar Cəlaloğlu:
Biz öz dərdimizi blokda bölək,
Bizi ayırmasın yağış, qar, külək,
Dedim biz sevinək, şadlanaq, gülək,
Daha rəqib kimi niyə zarıyaq?