PDF Oxu

Köşə

  • 12

AXCP (i) - ADP-AMİP birliyi yaranır

AXCP (i) - ADP-AMİP birliyi yaranır

Arzuxan Əlizadə:

Yeməkçün bizə də lazımdı qaşıq,
AMİP ətrafına saçmaqda işıq,
Yerimizdə sakit oturmamışıq,
Vaxt gələr yelimiz bloklar yıxar,
Bu hal liderləri yandırıb-yaxar,
Etibar yenidən qabağa çıxar.

Əli Kərimov:

İsa bəylə birlik tutmadı, nə qəm,
Sərdarla blokda birləşib bu dəm,
AMİP-lə sövdəyə qoyarıq qədəm,
Bu blok səmada şimşək tək çaxar.

Sərdar Cəlaloğlu:

Adam, de, nə qədər göz yaşı tökər,
AMİP-in özünə gərək atam zər,
Birləşə bilsəydim cəbhəylə əgər,
Bu addım İsanı lap yerə soxar.

Arzuxan Əlizadə:

Bir zaman siyasi meydana gəldik,
Yadlar ayağında çəkmələr sildik,
Elə ki, biz birlik yarada bildik,
Bir məclis verərik, qurular mağar.

Əli Kərimov:

Müsavata gəlmək mənə lağ gəldi,
Blok ideyası, düzü, ağ gəldi,
İsa mənə yaman badalaq gəldi,
Mənim də qismətim başıma yağar.

Sərdar Cəlaloğlu:

Nahaq mən su içdim İsayla tərli,
AMİP-də də olar bir töhfə fərli,
Əlinin cəbhəsi olar düşərli,
Mənə sülh gətirər hər axar-baxar.

Arzuxan Əlizadə:

Planlar qururam Sərdarla xəlvət,
Blokda ürəkdən edərəm, xidmət,
Özümü layiqli aparsam, əlbət,
Əli bəy sinəmə bir orden taxar.

Əli Kərimov:

Gərək mən Sərdarla danışam səssiz,
İstərəm düşmənim qalaydı gözsüz,
İsaya mən sübut edərəm, sözsüz,
Gücümü, bu üzə gələn yaz-bahar.

Sərdar Cəlaloğlu:

Gizli həmkarları eyləsəm agah,
Məni dəstəkləyər o zaman Pənah,
İsa başa düşər işlədib günah,
O zaman ADP səmtinə axar.

Arzuxan Əlizadə:

İstərəm getməsin heç kəs izimlə,
Gedərəm Əliyə doğru dizimlə,
Cəbhə və ADP olsa bizimlə,
Yolumun üstündə saf ulduz doğar.

Əli Kərimov:

Mənə maraqlıdı AMİP qayğısı,
Etibardan gələr dostluq sayğısı,
Yaşaram Sərdarla blok duyğusu,
Əli əsəbindən parlayar, qoxar.

Sərdar Cəlaloğlu:

Heç kəsi dost bilmir bu tip özünə,
Görüm, güllə dəysin sağlam gözünə,
Zəhərli ox dəyər İsa gözünə,
Məni həmkarlarım köksünə sıxar.

Arzuxan Əlizadə:

Bu gün yaxşı birlik, blok quran yox,
Etibar bəy kimi onluq vuran yox,
"Yurd"a, Müsavata yaxın duran yox,
AMİP-ə bir ABŞ, iki Qərb sığar.

Əli Kərimov:

Başqana yanaşsaq nəhs, qəlp edərik,
Yaxşıya qoşulsaq, xoş qəlb edərik,
Biz öz "Yurd"umuza dost cəlb edərik,
İsa kimiləri boss cibi sağar.

Sərdar Cəlaloğlu:

ADP bədxahın qusa, başında,
Sındırar bir neçə əsa başında,
Sonradan partlayar İsa başında,
Əvvəlcə pislərin əlindən yığar.


Arzuxan Əlizadə:

Qırıb yüz arzunu, diləyi bir vaxt,
Sındırıb çox zərif ürəyi bir vaxt,
Yeyib qazandığı çörəyi bir vaxt,
İndi Etibarın başına qaxar.

Əli Kərimov:

Xaric də bizlərdən agent yetirdi,
Çox lider verilən şeyi itirdi,
Ali Sovetə də cəbhə gətirdi,
İndi İsa yemi təklikdə tıxar.

Sərdar Cəlaloğlu:

Dağılmağa doğru gedir kürəsi,
Ucalmağa layiq deyil pöhrəsi,
Əgər qaradırsa İsa çöhrəsi,
Ona lazım deyil deyəsən ağar.

Arzuxan Əlizadə:

Vəzifə verəndə qapmadı İsa?
Yolundan həmişə sapmadı İsa?
O gün ki, duz-çörək tapmadı İsa,
Etibar gətirdi süfrəyə suxar.

Əli Kərimov:

"Yurd" üstə Əli bəy qan-tər tökəndə,
Elçibəy yanında bir "Yurd" tikəndə,
Müəyyən məqamda aclıq çəkəndə,
O İsa Əliyə vermədi nahar.

Sərdar Cəlaloğlu:

Çoxuna gizlicə mən mil qoyanda,
Gözünə mil çəkib həm şil qoyanda,
Rəsulu Nyu-Yorkda zəlil qoyanda,
İsa buraxırdı arxadan buxar.

Digər xəbərlər