Fuad Qəhrəmanlı:
İsanı pisləyən nakəs Raufdu,
Əlini odlayan əbəs Raufdu,
Bloku sevməyən o kəs Raufdu,
Can qurtarmaq üçün bu cür gödəndən,
Uzaq olmaq üçün qarın güdəndən,
Onu kəsib atmaq gərək bədəndən.
Rauf Arifoğlu:
Məni məngirləyir hər tələ quran,
Əvvəl İsa idi yolumda duran,
İndi Əli olub başımdan vuran,
Xoşum gəlməz yolum üstə bitəndən,
Fuad Qəhrəmanlı:
Həmişə danışdı İsayla qaba,
Özü barəsində basardı gopa,
Bilməz belələri nədir el-oba,
Beləsi getməli doğma vətəndən.
Rauf Arifoğlu:
Əli Müsavatda çaşıb itibdi,
Buraya gəlməkdə çox səhv edibdi,
İsa siyasətdən çoxdan gedibdi,
Lider düzəltməyin ölüb-itəndən.
Fuad Qəhrəmanlı:
Ona bir söz desən, söz döndərəcək,
Gözünü ağrıtsan, göz döndərəcək,
Lazımi məqamda üz döndərəcək,
Köynək geydirsən də ona kətəndən.
Rauf Arifoğlu:
Əvvəl yetkiliyə çox sərt baxır ki,
İsa adamları belə sıxır ki,
Bunun deməyindən elə çıxır ki,
Mərhəmət umaydım məni didəndən.
Fuad Qəhrəmanlı:
Daim əl uzatdın, İsa da ətək,
Müsavat olmuşdu sənə bir pətək,
İsaya yalmandın məzlum qulan tək,
Çox qan-yaş axıtdın sən öz didəndən.
Rauf Arifoğlu:
Radikal cinahda adım itməyib,
Onun sözü ilə Rauf getməyib,
İsa heç vaxt mənə güzəşt etməyib,
Mən pul ummamışam hər yol ötəndən.
Fuad Qəhrəmanlı:
Şirin söz çıxmadı, əsla, dilindən,
Çoxu yararlandı fitnə-felindən,
Əli dad eyləyib sənin əlindən,
Xeyir görməyibdi İsa gedəndən.
Rauf Arifoğlu:
İstəsən, pul verib mən bossu alım,
Ya da nərddə udub, üç tası alım,
Deyir qoşabarmaq fiqası alım,
İsa yaralansın sonsuz mədəndən.
Fuad Qəhrəmanlı:
Sən elə bilmə ki, sirr yazındadı,
Ya da boss ağalar tamarzındadı,
Sənin natiqliyin mız-mızındadı,
İsanın verdiyi gəlsin mədəndən.
Rauf Arifoğlu:
Çox xoşuma gəlir mənim bu oyun,
Başqan çox deyibdi mənə ac qoyun,
Onun özü mənə əyibdi boyun,
Boyun əyməmişdir İsaya bəndən.
Fuad Qəhrəmanlı:
Səz özün az aşın suyu olmadın,
Başqan istəsə də ayı olmadın,
Heç zaman İsanın tayı olmadın,
Eşitməyi səndən, deməyi məndən.
Rauf Arifoğlu:
Düzü, az məhsul var bomboş tabaqda,
Mən bişə bilmədim siyasi qabda,
İsa siyasətdə məndən qabaqda,
Adama tay olmaz onu ötəndən.
Fuad Qəhrəmanlı:
Yanında sözünü edərdi qısa,
Sən də siyasətdə batardın yasa,
Siyasətdə güclü adamdı İsa,
Həmişə baxmısan sən ona gendən.
Rauf Arifoğlu:
Böhranlar içində çalxandı ölkə,
Çox çətinlik çəkdi nə qədər bölgə,
Mən bura arxadan gəlmişəm bəlkə,
Sənsə siyasətə gəlmisən öndən.
Fuad Qəhrəmanlı:
İsa bir başqandı, sən adi düşgün,
Dedin ki, siyasət səninçün beş gün,
O gün ki, İsadan sən ayrı düşdün,
Dərhal əlin çıxdı boss verən dəndən.
Rauf Arifoğlu:
Mən türməyə düşdüm, sən durdun gendə,
Mitinqlərdə daim olmuşam öndə,
Mən İsaya qarşı manevr edəndə,
Sən gödək tumanda baxırdın tindən.
Fuad Qəhrəmanlı:
"Yeni Müsavat"da çovdar çantanı,
"DUİ"-dən mandat al, qaytar çantanı,
Sən at bir tərəfə baytar çantanı,
At aqronomluğu, yapış fitindən.
Rauf Arifoğlu:
Demədim olmusan dilavər, dilli,
Tərpənə bilməzsən mənim tək əlli,
Nihilist mövqeyim İsaya bəlli,
Təlimat almıram mən hər yetəndən.
Fuad Qəhrəmanlı:
Heç səndən adi qığ gözləməmişəm,
Götür dördəlli tıx, gözləməmişəm,
Mən səndən qızğınlıq gözləməmişəm,
Bunu gözləməzlər donub sitəndən.
Rauf Arifoğlu:
Olub partiyada mənim hər şeyim,
Səndə olan kimi çatışmır neyim,
Əynimdə görəsən narıncı geyim,
Sən get bir örtük tax adi çətəndən.