Vurğun Əyyubov:
Elə ki, seçkini çatdırdıq başa,
Əliylə İsa bəy verib baş-başa,
Birləşib, birlikdə gələrlər cuşa,
O zaman qurumda dəyişər əhval,
Bu iki liderə gəlməz bir zaval,
Dəyişmək də olar geniş, kardinal.
Həsən Kərimov:
Xoşuma gəlmədi bu mandat bölgün,
Lap sino gedirəm bir mandat üçün,
Seçkiyə son qoyub yarımcan, ölgün,
Qərargah taparıq kubvari, oval.
Vurğun Əyyubov:
20 il danışdıq nərliyimizdən,
Rəqib bol danışır şərliyimizdən,
Biz də sevinərik birliyimizdən,
Bossun səxavəti doldurur çuval.
Həsən Kərimov:
"DUİ" vurmaq istər mırt Müsavata,
Əli salacaqdır qurd Müsavata,
Elə ki, birləşdi "Yurd" Müsavata,
Biz şövqə gələrək çalarıq qaval.
Vurğun Əyyubov:
Yaxına qoymarıq, sözsüz, heç kəsi,
Olmaz aramızda bir umu-küsü,
Çətindi, birlikdə qış ərəfəsi,
O zaman bolluca yeyərik zoğal.
Həsən Kərimov:
Sözsüz ki, Əliyə verər masa bəy,
Bu yerdə sözümü etdim qısa bəy,
Bizlərə bir dostdu başqan İsa bəy,
"Yurd"da, Müsavatda bişirrik qoğal.
Vurğun Əyyubov:
Birlik qida olar, deyil xəlvət ki,
Əli sədr olar, birdi söhbət ki,
İsa prezident olar, əlbət ki,
Çünki Əlidən çox ondadı kamal.
Həsən Kərimov:
İndi Mirmahmud da girib min dona,
Deyir blok ömrü yetirib sona,
Əli sədr olar, razıyıq buna,
"Yurd"la Müsavatda eynidi amal.
Vurğun Əyyubov:
Mirmahmud, əlbəttə, batacaq yasa,
Əliyə sədr tək verilər masa,
Bloka başçılıq edəndə İsa,
"DUİ"-nin niyyəti olacaq pamal.
Həsən Kərimov:
Bədxah "DUİ"-çinin qəlbinə qadam,
Nədənsə Əvəzlə qaldı o "Madam",
İsa zabitəli, qürurlu adam,
Əli yaraşıqlı, sifəti şümal.
Vurğun Əyyubov:
Blokun zəhmindən qulaqları qut,
Çımxırır, deyəndə "DUİ"-ni unut,
Nə üçün bu yolu tutdu Mirmahmud?
Onu tərpətmirmi bu mübhəm sual?
Həsən Kərimov:
Birlikdən kənardı, Mirmahmud çaşır,
Əlini, İsanı görəndə qaçır,
İsanın xəyalı Qərbdə dolaşır,
Əlinin fikrindən keçir tək Şimal.
Vurğun Əyyubov:
"DUİ" də gözlərdən, könüldən itdi,
İsa tez Əlini quruma gətdi,
Elə ki, vəzifə bölgüsü bitdi,
Durulur çöhrələr, açılır camal.
Həsən Kərimov:
Mirmahmud ilişib "DUİ"-də qaldı,
Dostları bir görüb, üzü qaraldı,
Elə ki, qış fəsli günlər qısaldı,
Günəş qürub etdi, ay oldu hilal.
Vurğun Əyyubov:
Birlik xəbərinə sevinər dəli,
Mirmahmud sevinmir, qəmlidi, bəli,
Birlik başa çatar, sevinər Əli,
İsa bədənində çoxalar zülal.
Həsən Kərimov:
Nə qədər Mirmahmud etsə küy-kələk,
İsa birlik üçün etdi çoxlu səy,
Qışda Müsavata girsə Əli bəy,
"DUİ"-də artacaq dərd, kədər, məlal.
Vurğun Əyyubov:
"Yurd"da, Müsavatda hava çox sərin,
Mirmahmud dalıbdı qüssəyə dərin,
İsa bəy qazandı yağlı afərin,
Əli bəy, sənə də olsun qoy halal.
Həsən Kərimov:
Zahiri tüfeyli, dərisi başqan,
Balacası dələ, irisi başqan,
Biri prezident, birisi başqan,
Rəvan gedərlər yol, olsa da qumsal.
Vurğun Əyyubov:
"Tarixi-Nadir"i tökmə yanımda,
Rəqib yaxasına çökmə yanımda,
"DUİ"-nin adını çəkmə yanımda,
Mənə Mirmahmuddan gətirmə misal.
Həsən Kərimov:
Bizə dəstək duran axın adamdı,
Bizim dörd yanımız baxın, adamdı,
Əli həqiqətə yaxın adamdı,
İsa siyasətdə olubdu cığal.
Vurğun Əyyubov:
İsrail müntəzir Musa əmrinə,
Əli meyl etməyib tasa əmrinə,
Qulaq asarsa o İsa əmrinə,
Əlinin başına çəkərik sığal.
Həsən Kərimov:
Bəzən də şişirdib iki ord Əli,
Edər qərargahda vərəvurd Əli,
Tutar cilovunu möhkəm "Yurd" Əli,
Düzü, İsa bəydə yarıboş çuval.