PDF Oxu

Köşə

  • 10

AMİP-də AXCP (i)-Müsavat birliyinə inanan yoxdu

AMİP-də AXCP (i)-Müsavat birliyinə inanan yoxdu

Yusif Bağırzadə:

Mən AMİP-in yeni bir sədri kimi,
İfadə edirəm şəxsi fikrimi,
Kənara qoyuram siyasi qəmi,
Cəbhə və Müsavat birliyi, əlbət,
Həqiqət deyildir, ciddi bir qələt,
Etiraz etməkdə acizdir Ələt.

Vurğun Əyyubov:

Mənə xatırlatdın zır piyanı sən,
Gəl silmə çöhrəndən heç riyanı sən,
Çox da dürtmə gözə partiyanı sən,
Bir fayda görməyib AMİP-dən millət.

Yusif Bağırzadə:

AMİP indi durub dirənsə yenə,
Sərsəm elektorat irişsə yenə,
İsa Əli ilə birləşsə yenə,
Sizlərin hamısı çəkəcək zillət.

Vurğun Əyyubov:

İndi Etibardı birinci dayın,
AMİP-in sədrisən böhtandan yayın,
Sizlər İsanı az günahkar sayın,
Daim Etibardan gəlibdi illət.

Yusif Bağırzadə:

Xaric bəxş edibdi sizlərə azar,
Bu yandan hökmünü göstərir bazar,
Qazanc gətirirdi bir vaxt Etibar,
İndi bosslar sizə verəcək xələt.

Vurğun Əyyubov:

"Demkonqres", "Demblok" büküm verirdi,
AMİP Müsavata çöküm verirdi,
Əvvəl İsa sizə hökm verirdi,
İndi işinizi görürsüz xəlvət.
Yusif Bağırzadə:

Kim ölmək istərsə öz əcəliylə,
Üz-üzə oturar sərsəm, dəliylə,
Əgər birləşərsə İsa Əliylə,
Vermiş olacaqdır özünə töhmət.

Vurğun Əyyubov:

Elə ki, pis oldu azca vəziyyət,
AMİP-də bəd oldu o anda niyyət,
Versin qoy boss pulu bizə əziyyət,
Sənə Etibarla əbədi rəhmət.

Yusif Bağırzadə:

Müsavat çox bizim bostana girdi,
Bu, onu, o bunu yıxıb devirdi,
Sizə elektorat arxa çevirdi,
Bizə kütlə verib ən yüksək qiymət.

Vurğun Əyyubov:

Bizlərə xaric də verib oğru yol,
Bəsdi, daha verdi çoxlu ağrı yol,
Tutmaq istəyirik bizlər doğru yol,
Bəd olur, pis olan zamanlar niyyət.

Yusif Bağırzadə:

Etibar tutmuşdu bu kursu, bəli,
İsa bəyənmədi bu gəlhagəli,
Fərqi yox, həm İsa, həm də ki, Əli,
AMİP-in əlilə almışdı nemət.
Vurğun Əyyubov:

Onlar siyasətdə gendə olubdu,
Liderlərin çoxu göndə olurdu,
İsa Etibardan öndə olurdu,
Yəqin ki, xoşuna gəlməz bu cəhət.

Yusif Bağırzadə:

O zaman möhtəşəm idi hər cərgə,
İsa da, Əli də batmışdı çirkə,
Etibar olanda sizinlə birgə,
Pul da cibinizdən olmadı qəhət.

Vurğun Əyyubov:

O zaman aləm də oldu qarışıq,
İndi ölkəmizə düşüb gur işıq,
Cəhənnəm sizlərə olar yaraşıq,
"Yurd"da, Müsavata xoş olar cənnət.

Yusif Bağırzadə:

Həmişə alıbsız töhmət bu sayaq,
AMİP-də artmaqda vüsət bu sayaq,
Sizlərdə olmamış qüdrət bu sayaq,
AMİP radikala verir min zinət.

Vurğun Əyyubov:

Daim hörmət etdik, sizə, nədənsə,
Atdınız bizlərə nizə, nədənsə,
Məhəl qoymadınız bizə nədənsə,
Nə qədər göstərdik biz sizə diqqət.
Yusif Bağırzadə:

Dərhal qərargaha yığışıb cəmi,
Sizlər yar etdiniz mərəzi, qəmi,
Çöhrəniz qaraldı zülmətlər kimi,
Etibar sizlərə açdı xoş sifət.

Vurğun Əyyubov:

Bəsdi burnunuzu soxdunuz kola,
Sizlər kobudsunuz düzəltmir mala,
İstərik qəlbiniz təkrar yumşala,
Gərək qəlbinizdən silinsin nifrət.

Yusif Bağırzadə:

Gəzmə küçələrdə nadan abbat tək,
Göstərmə özünü pissən, babat tək,
İsa da, Əli də qabarır at tək,
Etibar istəyir azalsın hiddət.

Vurğun Əyyubov:

Siyasi meydanda AMİP naşıdı,
Etibar çox yerdə qarın qaşıdı,
Kütlə də həmişə bizə qarışdı,
Sizdə diqqət çoxdu, bizlərdə şəhvət.

Yusif Bağırzadə:

Kütlədən ibarət sipər qalmayıb,
Barılar uçubdu, çəpər qalmayıb,
"Yurd"da, Müsavatda təpər qalmayıb,
Ancaq AMİP-dədi bu günlər qüdrət.

Vurğun Əyyubov:

Ona dost olmuşdu müsibət, bəla,
Önünə çox geniş çıxmışdı çala,
Çünki uzun müddət gəlmədi yola,
Etibarı İsa etmişdi dəvət.

Digər xəbərlər