Mirmahmud Fəttayev:
İftira söyləyir bu gün Nurəddin,
Deyir ki, "DUİ"-də vəziyyət çətin,
Ancaq bu qurumda bizlər çox mətin,
Bu gün "Yurd" Əliyə sığınır İsa,
Mən də Mirmahmudam, deyirəm qısa,
Blok olmayacaq, "DUİ" olmasa.
Nurəddin Məmmədli:
Bossun yardımını tıxın, qoymarıq,
"Yurd"a, Müsavata axın qoymarıq,
Bloka biz səni yaxın qoymarıq,
Qocasan saçın ağ, əlində əsa.
Mirmahmud Fəttayev:
"DUİ"-nin ən yüksək post cibindədi,
Dima, Barak kimi dost cibindədi,
Gözünüz həmişə boss cibindədi,
Nə qida sizindi, nə dolu kasa.
Nurəddin Məmmədli:
Yalquzaq, çaqallar, lisa yanında,
Dilin liderlərin qısa, yanında,
Əlini görəndə İsa yanında,
Qəmə bürünürsən, batırsan yasa.
Mirmahmud Fəttayev:
Sizlər bildiyini verməz Məmişə,
Urcah olmusunuz daim qəmişə,
Gözünüz zirvəyə baxıb həmişə,
Bizə kifayətdi kiçicik masa.
Nurəddin Məmmədli:
Sənin ürəyində var bir kinli sirr,
Bacarığın varsa, get zəhər içir,
Qorbaçovun qətli beynindən keçir,
İstərsən bu adam daim qan qusa.
Mirmahmud Fəttayev:
Qorbaçov bu xalqın dostudu bəlkə,
Vaxtında qan qusdu məmləkət, ölkə,
Sizə çox lazımdı İsa tək kölgə,
Əlac eyləyərdi dərdinə lisa.
Nurəddin Məmmədli:
Müsibət içində onun həyatı,
Müsavata doğru çapdırıb atı,
Mirmahmud çağırır köhnə bayatı,
"DUİ"-nin başında hər xata, tasa.
Mirmahmud Fəttayev:
İndi moda minib çəpəl obrazı,
Əvvəllərsə qaşqa-təpəl obrazı,
İsa yaradacaq Keçəl obrazı,
Əli də Novruzda olacaq Kosa.
Nurəddin Məmmədli:
Mirmahmud "cırtdan"dı sonra yekəldi,
O, kəlçə olsa da, dedi ki, kəldi,
Biri, doğurdan da, başı keçəldi,
Elə o biri də qiyamət kosa.
Mirmahmud Fəttayev:
Sizə gətirmədi "Bi-bi-si" uğur,
Olubdu sizlərdən tən, asi uğur,
Əldə etmədiniz siyasi uğur,
Nə də ayağınız çatıbdı kosa.
Nurəddin Məmmədli:
Ağzı dirənibdi münbit heriyə,
Bundan sonra "DUİ" çətin yeriyə,
Qurumu Mirmahmud çəkir geriyə,
Sizin "DUİ"-nizin başında tasa.
Mirmahmud Fəttayev:
"DUİ" Müsavatdan, "Yurd"dan da üstün,
Nurəddin, orada ucalmaz büstün,
Əlinin qəlbində yaranıb bu gün,
Böyük bir ehtiyac İsa tək "as"a.
Nurəddin Məmmədli:
İtirdi Mirmahmud kimi fərdi o,
Gətirdi "DUİ"-yə kədər-dərdi o,
Bəlkə də mükəmməl iş görərdi o,
Əgər babalını bacarıb yusa.
Mirmahmud Fəttayev:
İndi problemlər çatıbdı minə,
Ancaq "as" liderlər verirlər gönə,
Çox bu cür sınağa gərmişik sinə,
Çətin ki, Mirmahmud sozalıb mısa.
Nurəddin Məmmədli:
Pul göndərən bosslar bizə meyilli,
"Cırtdan"lar dərəyə, düzə meyilli,
Bir çox şairlər də sizə meyilli,
Bəyənir birliyi Yaqubov Musa.
Mirmahmud Fəttayev:
O, cütləşmək istər, bizi qoyub tək,
Əliyə deyirik İsadan əl çək,
Bizi dirsəyilə itələyərək,
İlişmək istəyir "Yurd" Əli tuza.
Nurəddin Məmmədli:
Zaman aparmaqda bizi payıza,
Ümidimiz çoxdu, düzü, payıza,
Dikəlib gedirik üzü payıza,
Siz çıxa bilməzsiz heç gələn yaza.
Mirmahmud Fəttayev:
Radikal durumun öz şahı yoxdu,
Pulsuz liderlərin Allahı yoxdu,
"DUİ"-siz blokun sabahı yoxdu,
Qarşıda dalandı, bassan da qaza.
Nurəddin Məmmədli:
Ömründə görmədi bir faydalı iş,
Hər zərbə alanda itirdi üç diş,
Xeyirinə deyil siyasi gediş,
Özünü Mirmahmud qoysa da naza.
Mirmahmud Fəttayev:
Bosslar pul göndərməz, dəyişər durum,
Uçar bircə anda sizi uçurum,
Olmasa böyründə "DUİ" tək qurum,
İsa da, Əli də çevrilər qaza.
Nurəddin Məmmədli:
Ucalıb qarşıda siyasi barı,
Boss sənə yuxuda göndərər darı,
Ağzına söz alıb danışma barı,
Böyük bir cəbhəni verdin güdaza.