PDF Oxu

Köşə

  • 9

AXCP (i)-çilər "KAXCP"-ni Müsavatla birgə yaradacaqları bloka buraxmırlar

AXCP (i)-çilər "KAXCP"-ni Müsavatla birgə yaradacaqları bloka buraxmırlar

Fuad Qəhrəmanlı:

Mirmahmud "DUİ"-də qoy çalsın dəfi,
Qorbaçovu vurmaq onun hədəfi,
Yaşasın, istəyir necə ki, kefi,
"DUİ"-ni bloka buraxmaq olmaz,
Terrorçu birliyə girsə, ağ olmaz?
Əliylə İsaya çox qınaq olmaz?

Pənah Hüseynov:

"Yurd"dan dəyə bilər İsaya xətər,
Yəqin ki, Müsavat "DUİ"-ylə gedər,
İsa da düşünüb-daşınıb əgər,
"DUİ"-yə üstünlük versə lağ olmaz.

Fuad Qəhrəmanlı:

Pənahın içini yeməkdədi qurd,
İsa "DUİ" ilə vurmayacaq mırt,
Blok yaradacaq Müsavatla "Yurd",
Yoxdu aramızda Mirmahmudla bağ.

Pənah Hüseynov:

Dostlar olmalıdı şahanə sirdaş,
"Yurd" Əli bizlərə biganə sirdaş,
"DUİ" Müsavata yeganə sirdaş,
İndi gəlib çatıb əlamətdar çağ.

Fuad Qəhrəmanlı:

İsa acıqlanar, sınar Mirmahmud,
Sonda yenə bizi qınar Mirmahmud,
Biz həmlə edərik, yanar Mirmahmud,
Pənahın köksünə çəkəcəyik dağ.

Pənah Hüseynov:

Bizim badəmizi içərsə İsa,
Dözərik xoş müjdə becərsə İsa,
"DUİ"-ni yox, "Yurd"u seçərsə İsa,
O zaman, güman ki, tapdalanar tağ.

Fuad Qəhrəmanlı:

Yanar açıq naqil nəhs toka girsə,
Uduzar "cırtdanlar" həm şoka girsə,
Mirmahmud çirmənib bloka girsə,
O vaxt zülmətlərdə ulayacaq vağ.

Pənah Hüseynov:

Qan itirər kimsə zəlini tutsa,
Özü dəli olar, dəlini tutsa,
İsa bizi atıb, Əlini tutsa,
İlin sonunədək qalmayacaq sağ.

Fuad Qəhrəmanlı:

Atlar utanardı qoyun oynasa,
Sümüyü sınardı boyun, oynasa,
İsa "DUİ" ilə oyun oynasa,
Onun ürəyində əriyərdi yağ.

Pənah Hüseynov:

Biz dərviş olardıq kəşkül olsaydı,
Birliyə yaraşıq üç gül olsaydı,
Blok yaranması müşkül olsaydı,
Tapmazdı bir çarə istedadlı maq.

Fuad Qəhrəmanlı:

Mirmahmud ağaya sözüm birdi: yan,
Nə "DUİ" gətirər, vallah, tab-tavan,
Nə də bundan sonra Pənaha inan,
Çünki mən əminəm bizimlədi haqq.

Pənah Hüseynov:

O, ilkin səhvədək dağılacaqdı,
Stola qəhvə tək dağılacaqdı,
Müsavat cəbhə tək dağılacaqdı,
"DUİ" ünvanına lüzumsuz qınaq.

Fuad Qəhrəmanlı:

Demədim Əliylə İsa olub pir,
İfratlar gizləyir əsrarəngiz sirr,
Blok yaratmaqda məramımız bir,
İstərik bossların cibinə qonaq.

Pənah Hüseynov:

Tezliklə dağıdar içinizi kin,
Mirmahmud sizlərdən səbirli, lakin
"DUİ" məmləkətdə, yerli bir sakin,
Cəbhəylə Müsavat fani bir qonaq.

Fuad Qəhrəmanlı:

Sizlər hədən artıq düşüncədən dar,
Bizim arxamızda böyük kütlə var,
Əlini çağıran Müsavat hamar,
Gəlin biz sizləri yaxşıca yonaq.

Pənah Hüseynov:

Sizlər arxasızsız, bizlər dayaqlı,
Müsavat ulduzsuz "DUİ" mayaklı,
İflas olarsınız əlli-ayaqlı,
Sizin başınızda çatlayar çanaq.

Fuad Qəhrəmanlı:

Pənah, adlandırma özünü ulu,
Mirmahmud sürüyə bilmir heç çulu,
Həmişə olubdu üzümüz sulu,
Sizin "DUİ"-nizdə padoşdu yanaq.

Pənah Hüseynov:

Mirmahmud tutubdu yolunu dəqiq,
Bizə sent də azdı, sizlərə əqiq,
Əbəsdi göstərmək bizlərə təzyiq,
"DUİ" poladdandı, çətin ki, sınaq.

Fuad Qəhrəmanlı:

Sən bu Mirmahmuddan öz əlini çək,
Çünki çox kövrəkdi "DUİ"-də bilək,
Siz yenə meydanda qalıbsınız tək,
Bizim birliyimiz olacaq sınaq.

Pənah Hüseynov:

Sizlər deyilsiniz bu gün əsla sağ,
Hamınız bir təpə, bizlər uca dağ,
Elçibəy üzünə siz oldunuz ağ,
Gərək böyük bəyi həmişə anaq.

Fuad Qəhrəmanlı:

Yalandan içməyə hazırsınız and,
Sizlərdə olmamış siyasi talant,
Alarıq çox böyük məbləğdə qrant,
Deyirsən, pul verən bossları danaq?

Pənah Hüseynov:

Necə verdi sizə torpaq üstdə yer?!
Başınız üstündə müsyö, mister, ser,
Sizlər aparırsız şıdırğı alver,
O zaman biz gərək şaxtadan donaq.

Digər xəbərlər