PDF Oxu

Köşə

  • 14

İsa Qəmbərov 31 iyul mitinqinin möhtəşəm olacağını deyir

İsa Qəmbərov 31 iyul mitinqinin möhtəşəm olacağını deyir

İsa Qəmbərov:

31 iyulda böyük aksiya
Keçirib, bir bəzək vurarıq yaya,
Bosslara işləyən Müsavat qaya,
Ötüb üzümüzdən keçdi kədər, qəm,
Kütlələr, axışın, yetişibdi dəm,
Mitinq keçirərik nəhəng, möhtəşəm.

Tahir Kərimli:

Cüt səbir gətirib asqırsan da sən,
Boss pulunu yeyib hıçqırsan da sən,
Boğazdan yuxarı qışqırsan da sən,
Kütlələr o yerə olmayacaq cəm.

İsa Qəmbərov:

Dünyanı güldürüb qəhər tökməyək,
Mitinqdə ağızdan zəhər tökməyək,
Kütlələr, siz gəlin, biz tər tökməyək,
Meydanda altımız olmamalı nəm.

Tahir Kərimli:

Kütlələr önünə belə çıxmısan,
Lazımi məqamda çölə çıxmısan,
Başqan, sən həmişə zilə çıxmısan,
Mitinqdə işlərin yenə olar bəm.

İsa Qəmbərov:

Tahir, sən özün də oldun pis şaman,
Hər boş məsələdən çıxarırdın qan,
Sənə biz vəzifə verdik bir zaman,
Təəssüf, sən yeyib-içib oldun dəm.

Tahir Kərimli:

Adını batırdın sən, əhsən, özün,
Pis günə düşmüsən indi sən özün,
Mən hüquqşünasdım, bilirsən özün,
Olmuşdun, əslində, özün ağlı kəm.

İsa Qəmbərov:

İsaya çevirdim Qazan adımı,
Atdım həm üstümdən asan adımı,
Soxdum yerdən-yerə başqan adımı,
Başaşağı etdi özümü məzəm.

Tahir Kərimli:

Bosslar tərəfindən bağlandı toçkan,
Qaraldı gözlərik, yarıldı qaşqan,
Üstünə çox çirkab axdı, a başqan,
Sən onu həmişə sayırdın Zəmzəm.

İsa Qəmbərov:

Udaram bir zaman dəyirmi ildə,
O zaman bilərəm xeyirmi ildə,
Uğur qazanmadım iyirmi ildə,
Köhnəm köhnə qaldı, köhnəldi təzəm.

Tahir Kərimli:

Sanırdım ki, haqdan tərifləmişəm,
Görərkən uzaqdan tərifləmişəm,
Vaxtilə nahaqdan tərifləmişəm,
Səni pisləməkdən, inanma, bezəm.

İsa Qəmbərov:

Qaçaram pul verən "as"ın dalınca,
Qaçan rəqiblərin, dostun dalınca,
Pulumu azaldıb, bossun dalınca,
Gərək mən ABŞ-ı və Qərbi gəzəm.

Tahir Kərimili:

Bəsdi, mən nümayiş etdirdim dözüm,
Sən tərəfə baxsam, kor olsun gözüm,
Sənin kimisilə, söz verdim, özüm,
Hər cür əlaqəni gərək mən kəsəm.

İsa Qəmbərov:

Heç əmin deyiləm toxluğuna mən,
Əsla, inanmıram haqlığına mən,
Narahat olmaram yoxluğuna mən,
Sənin sağlığına həm dolmaz kuzəm.

TahirKərimli:

Səndən çox uzağam,bayaq dedim tam,
Şərabdan, çaxırdan əksik olmaz cam,
Üstüm unlu isə dəyirmançıyam,
Ocaqçıyamsa mən üzümdən hisəm.

İsa Qəmbərov:

Nəyim çatışmırsa, dostlar göndərir,
Sənin kimi lüt yox, "as"lar göndərir,
Gündəlik xərcimi bosslar göndərir,
Xaricdən dolmaqda bu gün də kisəm.

Tahir Kərimov:

Başını dik tutdun, aqil olmadın,
Nə də xeyir verən bir qıl olmadın,
Necə siyasətdə qızıl olmadın,
Tutalım gümüş yox, mən də lap misəm.

İsa Qəmbərov:

Ari irqindəki göndə dərim var,
Liderlər içində söz kəsərim var,
Uca bir zirvəyəm öz nəzərim var,
Sənin nəzərində, nə olsun pisəm.

Tahir Kərimli:

Məndədi dəyanət, məndədi əzm,
İstərəm səninlə dostluğu kəsim,
Koroğlu nərəsi gurlayan səsim,
Sanma qabağında titrəyəm, əsəm.

İsa Qəmbərov:

Nəsibin pulsuzluq səmtə gömülər,
Bossun olmaması sənə qəm elər,
"No" olmağa layiq sənin kimilər,
"Mən isə rusca "da", ABŞ-ca "yes"əm.

Tahir Kərimli:

Öz həmkarlarına söyürsən, utan,
Sən xalqa iftira deyirsən, utan,
Haram boss pulunu yeyirsən, utan,
Qoy burnumdan gəlsin, mən haram yesəm.

İsa Qəmbərov:

Sən gəl kül üfürmə mənim gözümə,
Malikəm, əlbəttə, böyük dözümə,
Böyük siyasətçi deyim özümə,
Ancaq sən deyirsən guya mən bicəm.

Tahir Kərimli:

Ay İsa, demişəm udarsan qan sən,
Siyasət elmini bilmə asan sən,
Eşitsəm, süquta uğramısan sən,
O zaman mən gərək möhkəmcə içəm.

Digər xəbərlər