PDF Oxu

Köşə

  • 18

Mirmahmud Fəttayev İsa Qəmbərovun yeni həmkarını ittiham etməkdə davam edir

Mirmahmud Fəttayev İsa Qəmbərovun yeni həmkarını ittiham etməkdə davam edir

Mirmahmud Fəttayev:

Yenə də aləmə edirəm bəlli,
Budur həm sözümün axır-əvvəli,
Bizə dost olmayıb Kərimov Əli,
Gözü götürmürdü, inanın, məni,
Qəlbimə sancırdı iti qəməni,
Odur Elçibəyin əsil düşməni.

İsa Qəmbərov:

İstərəm siyasi çörək bişirəm,
Səni hirsli görüb gücdən düşürəm,
Əliylə təzəcə sövdələşirəm,
Təzyiq göstərirsən sən isə yeni.

Mirmahmud Fəttayev:

Əsil, əsil deyib ütüləmisən,
"Yurd"un əleyhinə itiləmisən,
Sən məni özündən itələmisən,
Əli Kərimovdan zəifəm yəni?

İsa Qəmbərov:

Qoy bunu mən rəsmən aləmə yayım,
Səninlə əlaqəm olub çox qaim,
Əliylə birliyə getsəm də daim,
Mən ondan çox üstün tutmuşam səni.

Mirmahmud Fəttayev:

Saldın sən əlimdən dolu camı da,
Qaçırtdın ağzımdan dadlı tamı da,
Basıb ayaqladın mandatımı da,
Mən sənin yolunda qoydum bu təni.

İsa Qəmbərov:

Sən küsdün, həmişə mən naza verdim,
Yalandan əlinə üç qoza verdim,
Əliylə sazişdə güdaza verdim,
Sən isə həmişə cırdın kəfəni.
Mirmahmud Fəttayev:
Mən tutdum, sən isə buraxdın quşu,
Putinə əl etdim, sən seçdin Buşu,
Qorxmadım getməyə eniş-yoxuşu,
Sənsə daim seçdin şehli çəməni.

İsa Qəmbərov:

Gəl sən az xatırla qart mandatını,
Əldən buraxmazdın, dart mandatını,
Sənə mən demədim at mandatını,
Özün öz əlinlə yıxdın küməni.

Mirmahmud Fəttayev:

Doldurdun səfehlə dörd bir yanını,
Şüşədə saxladın div tək canını,
Doldurun dollarla cibişdanını,
Uzatdın əlimə beş-üç tüməni.

İsa Qəmbərov:

"Cırtdan" tay-tuşlara güllər üfürdün,
Məni bişirib min dillər üfürdün,
Gözümə sən gendən küllər üfürdün,
Çəkdin yad gözlərə qara sürməni.

Mirmahmud Fəttayev:

Çox düzgün veribdi el qiymətini,
Gəl sən gözə dürtmə heç zəhmətini,
Talan eylədiniz bol sərvətini,
Yaxından sən İsa, gendən erməni.
İsa Qəmbərov:

Damağa dad verib mən meyə qoşdum,
Xaricdən alınan xoş iyə qoşdum,
Səni də siyasi dəstəyə qoşdum,
Batırıb buladın düzü, xirməni.

Mirmahmud Fəttayev:

Bossların nə verdi sən göydə qapdın,
Atını qranta dördnala çapdın,
Özünə yad pulla saraylar yapdın,
Yaxın dostlarına verdin türməni.

İsa Qəmbərov:

Tez-tez yıxılardın yeriyəndə bərk,
Odur ki, tez etdin sıraları tərk,
Qurumuna əsil cəbhə deyərək,
Məgər azmı dedim sənə gör məni?

Mirmahmud Fəttayev:

Məndən üz döndərdin, söylə, niyə sən,
Get-gedə enlənib verdin piyə sən,
Təamı yedirtdin "Yurd" Əliyə sən,
Mənə xəstə kimi atdın dərmanı.

İsa Qəmbərov:

Xaric dəstəyinə imanım yoxdu,
Bossdan çox almağa gümanım yoxdu,
Cibini doldurmaq imkanım yoxdu,
Gücüm doldurmağa çatırdı çəni.
Mirmahmud Fəttayev:

Araz əriyəcək Mil boyundasa,
Axar uzun illər Nil boyundasa,
Tapılar hər itki fil boyundasa,
İynə ilə tapmaq olmaz itəni.

İsa Qəmbərov:

İz keçmədən yola hücum çəkirsən,
Düzü qoyub, kola hücum çəkirsən,
Təəssüf, sən kala hücum çəkirsən,
Aqillər kal yeməz, yeyər bitəni.

Mirmahmud Fəttayev:

Pul lazım olanda qitələyirsən,
Dolların artanda ütüləyirsən,
Mənim tək sadiqi itələyirsən,
Özünə dost edib hər bir yetəni.

İsa Qəmbərov:

Uğurum hər iki gözünü oyub,
Onu bil, sərvətdən gözlərim doyub,
Müsavat pambığı kənara qoyub,
Çəkirsən altına məxmər kətəni.

Mirmahmud Fəttayev:

Sən də boss puluyla azıb qudurdun,
Özünə təmtəraq, min büsat qurdun,
Yaxşı kişilərdən kənarda durdun,
Çəkdin öz sinənə Əli gədəni.

İsa Qəmbərov:

Get Pənaha qoşul, Pənahkarsan sən,
Bosslardan yanıqlı tamahkarsan sən,
Təpədən-dırnağa günahkarsan sən,
Günahkar saysan da mən tək bəndəni.

Digər xəbərlər