Gülən ispanlar və ağlayan Maradona
Qoy elə ilk sətirdəcə bir anons verim ki, ardını maraqla oxuyasınız. Bütün pan polyaklar bizə həm borcludurlar, həm də minnətdar! Bəli, bəli, düz oxudunuz. Düzdür, biz rəhmətlik Lex Kaçinskini və silahdaşlarını Rusiya torpaqlarında ölümdən qurtara bilməmişik ki, polyaklar bizə minnətdar olsunlar. Amma onlar tanınmalarında və futboldakı ad-sanlarına görə birinci növbədə bizə BORCLUDURLAR, vəssalam! Niyəsini bir az sonra oxuyacaqsınız.
Dünya çempionatı da başa çatdı. Amma onun gözəl anları, yaddaqalan məqamları neçə onillər boyu tarixin və insanların yaddaşında qalacaq. Nələr qalmayacaq ki yaddaşlarda...
Dieqo Maradonanın Almaniyaya rüsvayçı məğlubiyyətə uğraması və ağlaya-ağlaya dünya çempionatından getməsi də, güclü Braziliya, Argentina, Fransa, İtaliya və İngiltərə kimi komandaların erkən diz çökmələri də, almanlarla oyunda ingilislərin təmiz qollarının hesaba alınmaması da, çempion olduqdan sonra sevincindən milyonlarla insanın gözü qarşısındaca jurnalist sevgilisini qucaqlayıb öpən İker Kasilyas da, mundial boyu qulaqları lərzəyə gətirən Afrika zurnaları da əbədi tarixin yaddaşına köçdü, bu dünya çempionatına "rəng qatdı". Həm də ona görə yaddaqalan olacaq ki, heç vaxt dünya çempionu olmamış iki komandanın savaşında İspaniya MÖHÜRÜNÜ VURDU! Amma bu möhür, həm də dünya çempionatına ona görə möhür vurdu ki, İspaniya ardıcıl ikinci dünya səviyyəli çempionatda qızıl ilahəni başı üzərinə qaldırdı. 2008-ci ildə Avropa çempionluğunu yaşayan ispanların ardıcıl ikinci dəfə bu işi bacarmaları çox önəmli məsələdir. Bu, həm də Del Boskenin, "buğalar ölkəsi"nin və gözəllikləri barədə ağızdolusu danışdığım cazibədar ispan qızlarının qələbəsidir. Onlar artıq qalibdirlər! Ardıcıl həm Avropa, həm də dünya çempionatlarının qızıl medalını başı üstünə qaldırmaq hər kəsə nəsib olmur. Öz aramızdır, iş-gücləri qırmızı yaylıqla öküz qovdurmaq olan bu ispanların bəxti artıq ardıcıl iki ildir ki, GƏTİRİR! Bu cod bığlı Del Boske son üç ildə ardıcıl ikinci dəfədir ki, başlarının tükü tökülən Luis Araqoneslə birlikdə İspaniyaya qitə və dünya birincliklərini "bəxşiş" edir. Belə yerdə adamın paxıllıqdan gözləri bərəlir, əsəbləri oynayır. Hə, gəldik yazının başındakı mövzuya. Niyə PANLAR bizə minnətdar olmalıdırlar? Bax, indi deyəcəyəm.
A kişi, 25-30 milyon dollar büdcəsi olan klublarımız acından ölən Moldovanın heç yüz min dollara çatmayan klublarına boyun əyirsə, Polşanın "Lex" klubu bizim klublar üçün əməlli-başlı Əzrayıla çevrilibsə, onda mənim kimisinin və minlərlə gözəl futbol azərkeşinin köks ötürməkdən başqa bir yolu da qalmayıb axı. Bizim futboldan danışmağa haqqımızın olmaması cümlə aləmə bəllidir. Buyurun, dünən Polşanın "Lex"-i "İnter"-i rüsvay edib rahat-rahat Poznana getdi. Bu da sənə xərclənən milyonlarla dollarların külə çevrilməsi, klub rəhbərlərinin dollar maxinasiyalarının pik "zirvəsi"!
Onsuz da, hələ püşk atılan andan avrokuboklarda oynayan klublarımız saçlarını yolurdular ki, bəs qoymayın, dünyanın ən supernəhəng klubları Bakıya gəlir! Aman Allah, bunlar necə göz yaşları tökürdülər. Təcrübəli Ağasəlim Mircavadov isə elə günə qaldı ki... Hə, yadıma düşdü, iki - üç il əvvəl bu "Lex" Bakıya gələndə və Mübariz Mənsimovun milyonlarla dollar pul tökdüyü "Xəzər-Lənkəran"ı "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımın gözü qarşısındaca "sındırıb" bir kənara atanda, Ağasəlim müəllim "öyünürdü" ki, bəs biz gör kimə uduzmuşuq, "Lex"-ə?! Bununla da təcrübəli, saçı-saqqalı ağarmış futbol mütəxəssisi özünə haqq qazandırmağa çalışırdı. Elə bu "Lex" də özünün Azərbaycanda Əzrayıl kimi qəbul olunmasına və belə mifə sahib olduğuna görə, həm də bu "ideyanın" müəllifi olan Ağasəlim Mircavadova "minnətdar" olmalıdır. Adam gərək haqq üçün danışsın. Bəs nə? Amma "minnətdar" olmadı. Məhz bu oyundan sonra Mircavadov istefaya yollandı. Ümumiyyətlə, son bir neçə il ərzində Polşa yığması başda olmaqla polyak klubları bizim üçün Əzrayıl rolunda çıxış edirlər. Sanki bunlar bizə futbolu peşman etmək və Əzrayıl olmaq üçün yaranıblar. Əvvəlcə Polşa yığması bizim Torresli, Ponamoryovlu, hətta Diniyevli yığmamızı 0-8, 0-7, ən yaxşı halda 0-5 hesabı ilə rüsvay etdilər, sonra da bu "Lex" ortaya çıxdı. Polyakları Avropada bizi üzərimizdəki qələbələrə görə adam yerinə qoymağa başladılar. Görünür, biz hələ ƏSİL FUTBOLA həsrət qalacağıq və onu-bunu xoşbəxt edəcəyik. Çünki nə vaxta qədər ki, futbol klublarımızın başında duranlar çirkli milyonları "raspisat" edib ciblərinə qoyacaqlar, bizləri aldadıb Braziliyanın və Avropanın küçə və məhəllələrində özfəaliyyət futbolu oynayan küçə uşaqlarını "super-transfer" adı ilə bizə sırıyacaqlar, hansısa pullu bir məmur ayaqlarını sürüyə bilməyən, gününü alkaqollu içkilərlə bar-restoranlarda qızlarla keçirib, futbolun nə olduğundan bixəbər olan bacıoğlularını, qohum- əqrəbasını milli komandaya sırıyacaqsa, onda bizim ƏSİL FUTBOL arzumuz saralmış gözlərimizdə qalacaq. Həyat, sən nə qəribəsən, indi mənə qayıdıb deyəcəklər ki, bəs Diyeqo Maradona da Almaniyaya 0-4 uduzub, biz də. Nə fərqi var? Heç nə! Nə qədər istəyirsizsə uduzun, onsuz da uduzmaq "alnımıza" yazılıb, elə deyilmi?