PDF Oxu

Köşə

  • 16

Hillari Klinton müxalifətçilərlə görüşmədi

Hillari Klinton müxalifətçilərlə görüşmədi

Elşən Manafov:

"Demokratik Sol"lar əmindi qəti,
Cəlb etmək istədi İsa diqqəti,
"Yurd" Əli güldürdü eli, milləti,
Gülüb səfərində hey acı-acı,
Onlara baxmadı Hillari bacı,
Düşdü ifratların başının tacı.

Qabil Hüseynli:

Biz yazda uduzduq, udarıq qışda,
Bizə dəstək verdi Reyqan da, Buş da,
Avropa Birliyi özü, ABŞ da,
Həmişə baxıbdı bizə qıyqaçı.

Elşən Manafov:

Çoxu götürdünüz, atdınız azı,
Ölkə əleyhinə yazdınız yazı,
Dandınız müsəlman olmağınızı,
Öpdünüz diz üstə siz də o xaçı.

Qabil Hüseynli:

Klintonla sözə yol vermədilər,
Bosslar da pulları bol vermədilər,
Ona Avropada pul vermədilər,
İsanın gəzməkdən qırıldı qıçı.

Elşən Manafov:

Hillari başqana baxaraq iti,
Dedi tap özünə başqa sənəti,
Qəbul eyləmədi İsanı qəti,
Xoşuna gəlmədi, yəqin ki, saçı.

Qabil Hüseynli:

Zaman radikala pəl eləmədi,
Ona gendən baxıb, əl eləmədi,
Hillari Klinton gəl eləmədi,
İsa üstün tutdu nədənsə qaçı.
Elşən Manafov:

Lider var, elmi də o, naşı bilir,
Lider var ayağı və başı bilir,
Hətta Hillari də çox yaxşı bilir,
İsada çatışmır kəsici qayçı.

Qabil Hüseynli:

Heç kəs bu meydanı anmaz İsa tək,
Siyasi meydanda yanmaz İsa tək,
Sollar siyasəti qanmaz İsa tək,
Onu dərk edirlər bir futbol matçı.

Elşən Manafov:

Radikal əkdiyi bitməyəcəkdi,
İsa arzusuna yetməyəcəkdi,
Vaşinqton da buna getməyəcəkdi,
Çatışmır İsanın siyasi maçı.

Qabil Hüseynli:

Siyasətdə artıb falçılar bu gün,
İfratda artıbdı yolçular bu gün,
Elə yalan deyir solçular bu gün,
Ondan baş çıxarmaz Hindistan racı.

Elşən Manafov:

Bitməkdə sol qüvvə bu gün hər yanda,
Müsavat qılıncı hələ də qında,
Solçular zirvənin yaxınlığında,
İsa bəy enməkdə artıq yamacı.
Qabil Hüseynli:

Ola bilməz bizə Hillari mane,
Radikal içində Müsavat bani,
İsa öz ovduğu umaca qane,
Qoy Elşən özünə ovsun umacı.

Elşən Manafov:

Heç kəs görməmişdir o, yenə kimi,
İsa gəlməmişdir heç önə kimi,
Məlum olmamışdır bugünə kimi,
Nə Əli nə, də ki, İsa amacı.

Qabil Hüseynli:

Ətrafda "cırtdanlar" köməkçi novçu,
Sollar qabağında işlər qanovçu,
Başqan siyasətdə yenilməz ovçu,
İsa bəy göylərdə vurur turacı.

Elşən Manafov:

Son günlər başqanın işi fırıqdı,
Odur ki, üzgündü, qəlbi qırıqdı,
Ətrafı İsanı sıxışdırıbdı,
Xaricə qaçardı, olsa əlacı.

Qabil Hüseynli:

Boss yaxşı yedirsə, başqan da doyar,
Harda boss görərsə, yerində soyar,
Nəğmə oxumaqda geridə qoyar
Vallahi, İsa bəy hindli Suracı.
Elşən Manafov:

Əliylə xaricə çox donos yazdı,
Nə qədər yazdısa, dedi ki, azdı,
İsa adicə bir siyasətbazdı,
Ona desəniz də ruhani, hacı.

Qabil Hüseynli:

Başqanın əlinə çox maya düşüb,
Rəqib başlarına dik qaya düşüb,
İndi solçu Elşən ortaya düşüb,
İsanın önündə çevirir sacı.

Elşən Manafov:

Müsavat bossları yolmaq istədi,
Onlardan çoxlu pay almaq istədi,
İsa bəy gücənib, olmaq istədi
Radikal içində yeganə qoçu.

Qabil Hüseynli:

Müsavat görübdü bundan yamanı,
Sollar üstümüzə yayır dumanı,
Bizlər istəmərik qarşıdurmanı,
İsa üstün tutur maç-maç, quc-qucu.

Elşən Manafov:

Adam var başı boş, zatı qırıqdı,
Elə adam da var dişi mırıqdı,
Qabil, Müsavatın işi fırıqdı,
Görünür dolaşıq kələfin ucu.

Qabil Hüseynli:

Solçular peşkadı, Lalə "Madam"dı,
Qrant buraxanın gözü badamdı,
5-10 qrant alan naqis adamdı,
Qızıl adlandırmaz müdriklər tuncu.

Digər xəbərlər