PDF Oxu

Köşə

  • 15

Müsavat Zəlimxan Məmmədli ilə münaqişəni davam etdirir

Müsavat Zəlimxan Məmmədli ilə münaqişəni davam etdirir

Nurəddin Məmmədli:

İsa Müsavatda olub şoqərib,
O öz əsəbini, kinini gərib,
Zəlimxan ox olub gözünə girib,
Nədənsə bu adam tuşuna gəlmir,
Elə buna görə xoşuna gəlmir,
Necə ki, pis əsgər qoşuna gəlmir.

Vurğun Əyyubov:

Onunla birlikdə kölgəsi gedir,
İsa çox qışqırır, həm səsi gedir,
Onun Zəlimxandan zəhləsi gedir,
Həm də ona doğru boşuna gəlmir.

Nurəddin Məmmədli:

Nisgil xılt ürəkdə tam şırım olub,
Zəlimxan lap köhnə həmkarım olub,
İsanın əsəbi çox tarım olub,
Nədənsə qaşına-qaşına gəlir.

Vurğun Əyyubov:

Onun "KXCP"-də sonsuz payı var,
O, elə bilir ki, onun tayı var,
Zəlimxanın elə gödək boyu var,
Boyu lap İsanın qaşına gəlir.

Nurəddin Məmmədli:

Müsavat başqanı rəvayət, roman,
Zəlimxanı görüb xəyala cuman,
İsa bəy başını dik tutur yaman,
Həm də nə gəlirsə, başına gəlir.

Vurğun Əyyubov:

Zəlimxan qızışıb nahaqdan yenə,
Özünü salıbdı daim pis günə,
O, güllər düzərək heykəl önünə,
Tiflisdən yüyürüb Xaçına gəlir.

Nurəddin Məmmədli:

Zəlimxan göy altda müstəqil bəndə,
Çoxları səhv edib, düşüb kəməndə,
İsanın pisliyi xörək yeyəndə,
Onun pitisinə, xaşına gəlir.

Vurğun Əyyubov:

Çoxu siyasətdən olub gileyli,
Yaraşmayan kimi Məcnuna Leyli,
Bir vaxt İsa bəyin çəkirdi meyli,
İndi Zəlimxanın yaşına gəlir.

Nurəddin Məmmədli:

İsa boss axtarır qurtarsa pulu,
Özünü də sayır möhtəşəm, ulu,
Zəlimxan birbaşa getdiyi yolu,
İsa bəy yaşına-yaşına gəlir.

Vurğun Əyyubov:

Bu gün Müsavatda dəbdə mey, məzə,
Zəlimxan yolunu eyləyir kəsə,
O, kilometrə, metrə gedirsə,
İsa bəy hələ də arşına gəlir.

Nurəddin Məmmədli:

Birisi missiya başa çatdırıb,
Zəlimxan işini qoşa çatdırıb,
İsa bəy yazını başa çatdırıb,
İndi də ömrünün qışına gəlir.

Vurğun Əyyubov:

Zəlimxan uduzur və şərə çıxır,
O, enir yoxuşa və dərə çıxır,
Buldozer götürüb səfərə çıxır,
İsa əvvəlki tək maşına gəlir.

Nurəddin Məmmədli:

Qırğında bədəndən neçə can çıxıb,
Biri uzaqlaşıb, biri yan çıxıb,
Vaxt olub İsa bəy Laçından çıxıb,
Əldə gül Zəlimxan Laçına gəlir.


Vurğun Əyyubov:

Bədnam adamların üstünə qadam,
Müsavat zirvədə, mən buna şadam,
Siyasətdə İsa çox böyük adam,
Zəlimxan başqanın qıçına gəlir.

Nurəddin Məmmədli:

Siyasətdə kəsən dişi olmayıb,
O, çox da nüfuzlu kişi olmayıb,
İsanın bir yaxşı işi olmayıb,
Siyasi yoxluğa, puçuna gəlir.

Vurğun Əyyubov:

Daim adamını yaxşı tanı sən,
Həm də sən qaraltma bu gün qanı sən,
Çox da tərifləmə Zəlimxanı sən,
O, sözsüz, İsanın tacına gəlir.

Nurəddin Məmmədli:

Nədənsə bəyənmir həsiri indi,
Yaman gözə çarpır kəsiri indi,
Azalıb sözünün təsiri indi,
İsa Zəlimxanın maçına gəlir.

Vurğun Əyyubov:

Siyasi nüfuzu solubdu, düzü,
Ayaqlar altında olubdu, düzü,
Qabı viski ilə dolubdu, düzü,
Dostun əlindəki parçına gəlir.

Nurəddin Məmmədli:

Olubdu qəlbiniz Parij, London, Rim,
Onun əqidəsi sizlərdən qaim,
Zəlimxan pürrəngi çay içir daim,
İsa da o zərif darçına gəlir.

Vurğun Əyyubov:

Ömründə fırıldaq, bic görməyibdi,
Nə də siyasətdə gic görməyibdi,
Mirmahmud yanında güc görməyibdi,
Odur ki, İsanın moşuna gəlir.

Nurəddin Məmmədli:

Müsavat tapmamış heç zaman çörək,
Başqan seçilmədi siyasətçi tək,
Bişirə bilmədi İsa bir xörək,
Zəlimxanın ləziz borşuna gəlir.

Vurğun Əyyubov:

İsa mat qoymaqda Qərbi və Şərqi,
Yalnız mükəmməllik onun baş fərqi,
İşıqlı dünyada onun Simurğu,
Gələn onun pərvaz quşuna gəlir.

Digər xəbərlər