Əhməd Orcu:
"DUİ" seçkilərə inamla gedir,
Müsavat beş-altı adamla gedir,
"Azadlıq" bu yolda lap damla gedir,
Burda Mirmahmudun reytinqi yüksək,
İsa da irəli gedərdi çəksək,
"Azadlıq" qaçardı, bizlər göz diksək.
Qabil Hüseynli:
Sən niyə özünü cırırsan böylə,
Blok tövləsində get keçi teylə,
"DUİ"-ni kim saya salacaq, söylə?
Əgər Müsavatda hamımız yüksək.
Əhməd Oruc:
"Yurd" Əli sizlərə mat verəcəkdir,
Lalə "MBH"-dən pat verəcəkdir,
Müsavat cırılıb çat verəcəkdir,
"DUİ"-nin adından dördnala səksək.
Qabil Hüseynli:
Xeyli qabaqdayıq sizdən biz axı,
Asta yerişiniz bir ilbiz, axı,
Siz bizə neyləyə bilərsiz axı?
Abrınızı dərhal ətəyə büksək.
Əhməd Oruc:
Tanıdıq sizləri cılız səsindən,
İsa da bilinir təng nəfəsindən,
Gözünü, çıxardı hədəqəsindən,
Siz köhnə, biz isə starlı meqsək.
Qabil Hüseynli:
Oynamışmı bir vaxt rol nəfəsiniz,
Adətən, çox görüb kol nəfəsiniz,
Ciyərdən çıxarmı bol nəfəsiniz,
Biz odu-alovu üstünə töksək.
Əhməd Oruc:
Bosslardan yadigar piyiniz qalar,
Bir də dost-tanışa iyiniz qalar,
Külünüzdən başqa nəyiniz qalar,
Küləşlərinizə bir kibrit çəksək.
Qabil Hüseynli:
Bədbəxtlik sizlərə yar olmazmı, de,
Bu olay sizlərə ar olmazmı, de,
Dərhal gözləriniz kor olmazmı, de,
Bizlər Müsavatda nazik bir tüksək.
Əhməd Oruc:
Bizlər yazılmazdıq üzv sıranıza,
Arzu yox qoşulaq göz sıranıza,
Bizi qoşarsınız öz sıranıza?
Əgər bilsəniz ki, sizlərə yüksək?
Qabil Hüseynli:
İsamız xas qızıl, Mirmahmud bir bez,
Sən ki, zır Əhmədsən, bunu özün sez,
Sizin "DUİ"-nizi çürüdərik tez,
Təpədən-dırnağa əgər çürüksək.
Əhməd Oruc:
Bosslar üzünüzə plov püskürüb,
Qış da analoji qırov püskürüb,
Sizin üzünüzə alov püskürüb,
Dərhal yandırardıq əgər görüksək?
Qabil Hüseynli:
"DUİ" ətrafına quyu dolanıb,
Sonra da quyunun suyu dolanıb,
Sizin boğazınız boyu dolanıb,
Dərhal öldürərək, əgər hörüksək.
Əhməd Oruc:
Canınız zəlzələ ikicə ballıq,
Oturub bucaqda dincimiz qallıq,
Alma, armud alsaq, süfrədə qallıq,
Sizə peşkəş olluq, əgər əriksək.
Qabil Hüseynli:
Bizi bizləsəniz, coşa bilərik,
Nədi əməliniz, haşa, bilərik,
Sizi sıramıza qoşa bilərik,
Sizlərlə bir müddət əgər şəriksək.
Əhməd Oruc:
Gəlin siz bilməyin kötükcə bizi,
Yeyin, qəbul edin, hədikcə bizi,
Siz bosslardan alıb yedikcə, düzü,
Şişər, yumsunarıq əgər yeriksək.
Qabil Hüseynli:
Üşüdər qış fəsli boran-qar bizi,
Edər el içində rüsvay, xar bizi,
Sizin kotanınız şamlayar bizi,
Bir parça torpaq tək əgər heriksək.
Əhməd Oruc:
Güman edirik ki, gəzdirərək əl,
Bizi qucaqlayıb edərsiz gəl-gəl,
Yəqin ki, bizlərə qoymasız məhəl,
Sizdən uzaqlaşıb əgər periksək.
Qabil Hüseynli:
Dərhal püfləyərsiz, əgər meh olsaq,
Yarpaqdan içərsiz, dadlı şeh olsaq,
Dərhal qovarsınız, biz səfeh olsaq,
"DUİ"-yə qoşarsız əgər müdriksək.
Əhməd Oruc:
Qovmazdı kənara düzləri yəqin,
Yuyub itirməzdiz izləri yəqin,
Sevib-əzizlərdiz bizləri yəqin,
Sizin həndəvərdə əgər görüksək.
Qabil Hüseynli:
Elə ki, səhnədə bahar durardı,
Nərtaxta üstündə çahar durardı,
Hər kəs uzaqlaşıb kənar durardı,
Onları görəndə əlbəhəl hürksək.
Əhməd Oruc:
Biz keçmişin buğda xirməni olsaq,
Çaşardıq farsların Kirməni olsaq,
Çağdaş edilərdik erməni olsaq,
Qabağa gedərdik, müsəlman, türksək.
Qabil Hüseynli:
Başımız üstündə Quran olmazdı,
Bizimlə əlaqə quran olmazdı,
Boş olsaq, yaxına duran olmazdı,
Heç zaman güdaza verməzdi bərksək.