Tahir Kərimli:
Qurumlar hamısı ağır durumda,
Müsavat, "Azadlıq" sərt uçurumda,
Əsəblər, billah ki, durub tarımda,
Biri barmaq atır, di gəl tanı da,
Çırpır bədəninə gicitkanı da,
Müsavat sancmaqda Zəlimxanı da.
Mirmahmud Fəttayev:
Demişəm, deyirəm, deyəcəm yenə,
Qoyaram hamını, vallah, pis günə,
"DUİ" ona görə lazım ki, mənə,
Dərhal qaraldıram duru qanı da.
Tahir Kərimli:
Bunlar cəmiyyətdən yığmaqdadı xal,
Sonra camaata çevirirlər dal,
Viranə qoyardı hər bir radikal,
Gəzib dolanmadan dörd bir yanı da.
Mirmahmud Fəttayev:
Mənimçün çox adi və tük qurumlar,
Olubdu çiynimdə bir yük qurumlar,
Təki dağılsınlar böyük qurumlar,
Bu yolda qoyaram adı-sanı da.
Tahir Kərimli:
Burda pul eşitməz qulaqları kar,
Proqramı ötür-ötür, həm apar,
Arı olsaydılar bu radikallar,
Xaricə satardı balı, şanı da.
Mirmahmud Fəttayev:
Nə olsa ətrafda, çevrədə olsun,
Qoy nemət erməni kirvədə olsun,
Təki öz qurumum zirvədə olsun,
Ayağa verərdim bəyi-xanı da.
Tahir Kərimli:
Bir beşlik ver, İsa desin neçə tuş,
Əlisi, Laləsi eyləyərdi nuş,
Heç biri müs-müftə verməz bir quruş,
İsa pul yolunda alar canı da.
Mirmahmud Fəttayev:
Bir dəfə də belə getməzdim sirkə,
Sürtərdim dilimə zəncəfil, sirkə,
Özüm də ölərdim onlarla birgə,
Vallah, keçirməzdim bircə anı da.
Tahir Kərimli:
Gözlərə görünməz nə nazir, nə mer,
Bunlara piketçün lazım cüzi yer,
İngilisdə mister, Vaşinqtonda ser,
Hər biri Polşada satar panı da.
Mirmahmud Fəttayev:
Bunlar itkiləri şota tullayar,
Düşmənə el-oba, oda tullayar,
Lalə "MBH"-ni oda tullayar,
Əli varlanmaqçün qırar qını da.
Tahir Kərimli:
Altından çıxarıb bala satardı,
Əlində olsaydı, qala satardı,
Hər biri dinməzcə pula satardı,
Əqidə, mətanət, məslək, kanı da.
Mirmahmud Fəttayev:
Bossların önündə bir mal olardı,
Hər biri qabaqda buz yal olardı,
Onlarçün xaricə siqnal olardı,
Toyuq qışqırığı, xoruz banı da.
Tahir Kərimli:
Bəylər boss önündə lap qəşş gedərdi,
Ya tabut içində bir nəş gedərdi,
Müs-müftə bosslara peşkəş gedərdi,
Məhsulun sentneri, hətta tonu da.
Mirmahmud Fəttayev:
Bəylər bağışlardı söz köynəyini,
Fəda da edərdi göz köynəyini,
İsayla Əlilər öz köynəyini,
Çıxarıb verərdi Lalə donu da.
Tahir Kərimli:
Daim diyirlənər dayanmaz koslar,
Bitib-tükənməzdi alqışlar, tostlar,
Alanda bazarı xarici bosslar,
Çatardı bəylərin o vaxt sonu da.
Mirmahmud Fəttayev:
Əlini, Laləni alqışlamazdım,
İsanı, Arifi naxışlamazdım,
Heç bir radikalı bağışlamazdım,
Satardım xaricə bunu, onu da.
Tahir Kərimli:
Zilə çevrilərdi, sözsüz, burda bəm,
Hər bir çöhrələrdən sezilərdi qəm,
Zülmətə dönərdi işıqlı aləm,
Hər biri qaranlıq edər onu da.
Mirmahmud Fəttayev:
Bizdən qalsa, bircə yazı qalardı,
Ya da ev pişiyi, tazı qalardı,
Əli öz işindən razı qalardı,
İsa doldurardı lap planı da.
Tahir Kərimli:
Onlar ötürmədən heç bircə anı,
Verərdi həmkarda çırpınan canı,
Bəylər əridərdi xırım-xırdanı,
Əhilləşdirərdi lap ilanı da.
Mirmahmud Fəttayev:
Tavara dönərdi meh üstə jalə,
Ona qatılardı Aydakı halə,
Əlində olsaydı, Əliylə Lalə,
İsayla satardı lap Milanı da.
Tahir Kərimli:
İndi radikalın əyilib beli,
Çünki gerçəkləşmir fitnəsi, feli,
İsadan geriyə qalmayıb Əli.
Satardı xaricə boş dalanı da.
Mirmahmud Fəttayev:
Onlar ağlaşanda çalardım çəpik,
Basardım ovcuna bir qara qəpik,
Radikal bəylərin ardından təpik,
Qoşardım onlara min yalanı da.