PDF Oxu

Köşə

  • 34

“KQB" planı

“KQB" planı
Dmitri Medvedev Amerikada səfərdə olanda, elə gülməli vəziyyətə düşdü ki... A kişi, o boyda Kremli qoyub sənin Obama ilə qamburger yeməkdə nə işin var ki, bu da başına gəlməsin. Qarabala Obama da eləmə tənbəllik, bu boyda Rusiya rəhbərinə qonaqlıq əvəzinə.. QAMBURGER yedizdirib. Sənə mən nə deyim qarabala..
İndi gəl Moskva olma ki, bu yetim qarabalanın qamburgerini özünə yedirib Amerikanın kürəyini yerə çırpmayasan. Müharibə vaxtı da Ruzvelt Stalinə bahalı siqaretlər yollayırdı, o da cəbhədə fərqlənən əsgərlərə paylayırmış.
Amma məsələnin başqa bir mətləbi var. Medvedevin Amerikada qamburger yeməsi bir yana qalsın, keçək ƏSAS MƏSƏLƏYƏ.
Yaxşı yadıma gəlir, uşaq vaxtı bizdən yaşca böyük olanlar bizi bir-birimizlə vuruşdururdular, sonra da kənara çəkilib deyirdilər ki, biz heç birinizin tərəfini tutmuruq, kim qalib gəlsə, onu da təbrik edəcəyik. Nə isə... Bu faktı beynimin uşaqlıq yaddaşından bilirsiniz niyə qurcalayıb çıxardım? Hə yadıma düşdü, çünki bu yaxınlarda İstanbulda keçirilən beynəlxalq konfransda az qala Rusiyanın baş naziri və əsas söz sahibi olan Vladimir Putin elə mənim uşaqlıq xatirələrimə bənzər bir şəkildə Dağlıq Qarabağla bağlı açıqlama vermişdi. Deyirdi ki, bəs biz tərəflərin heç birinə münaqişənin həll olunması barədə nəsə bir təzyiq edə bilmərik. Sonra deyərlər ki, bəs Moskva kiməsə təzyiq edir. Deyəsən, bu açıqlamanı verən zaman Vladimir Vladimiroviçin "əla vaxtına" düşüb. "KQB"-şnikdir e, zalım oğlu. Mənim Rusiyaya çox böyük hörmətim var. İçində kreml rəhbərləri də olmaq şərti ilə ruslar məndən inciməsin, elə neçə əsrlərdir ki, ermənini qapıdakı köpək kimi bəsləyən və Qafqazda "siyasi tryapka" kimi istifadə edən elə Moskva deyil? İnciməyinə qalsa, sözsüz ki, biz sizdən daha çox inciməliyik, hörmətli Vladimir Vladimiroviç, Dmitri Anatolyeviç!
Elə rusların sözü olmasın, "kstati", (Bu camaatın da ağzında söz qalmır ki. O saat nəyəsə bir "nırx" qoymalıdırlar, ya yox. Guya deyirlər ki, bəs Rusiyada V.Putin nə dedisə, deməli, əsas odur, vəssalam! Dmitri Medvedev də elə-belə də... Yəni ki, Rusiyanın prezidenti D.Medvedev də Putinin kadrıdır, ağsaqqalına qarşı çıxası ha deyil. Bəs Putin özü onu yerində əyləşdirib ki, özü bir az istirahət eləsin, sonra qayıdıb yenə Kremldəki otağında iş başına keçəcək. Guya indi hərdənbir də D.Medvedevə zəng edir ki, bəs ay aşna, kreslom nətəhərdir, xoşuna gəlir, ya yox? Hətta bizim bu müsəlman camaatı dükan-bazarda da danışırlar ki, bəs V.Putinin kreslosu Dmitri Anatolyeviçin o qədər xoşuna gəlib ki, heç ordan durmaq da istəmir... Bizim bu camaatın dilinə düşmə də, düşdün, vəssalam, sənin kitabın gözəlcə "bağlanacaq"!)
Nə isə gələk mətləbə. Məsələ burasındadır ki, Rusiya sonuncu İstanbul sammitində açıq şəkildə bir faktı ortaya qoydu ki, artıq Moskva Şərqi öz tərəfinə çəkməyə və Kremlin SSRİ dövründəki mövqelərini geri qaytarmağa hazırlaşır. Özü də bunu yerləşdiyi regionda ən az Rusiya qədər söz sahibi olan Türkiyə ilə birlikdə reallaşdırmağı hədəfləyib. Özü də bu Vladimir Vladimiroviç yaxşı bilir ki, Türkiyənin Qərbdəki müttəfiqləri ilə, xüsusilə, ABŞ-la münasibətləri son dərəcədə pis durumdadır və İstanbulda Ağ Evə qarşı bir qıcıq var hər kəsdə. Üstəlik də, İsraillə münasibətlərin açıq müharibə vəziyyətində olması, Anadolu türklərinin Amerikaya açıq şəkildə inamsızlıq göstərmələri Kremlin planları üçün "yaşıl işıq" yandırır. Həm də, bir həqiqət də var ki, Rusiya gec-tez öz tarixi qonşuları ilə dialoqa keçməlidir, ya yox. Onsuz da, Moskvanın qonşularından başqa, dirsək qoyacağı bir yer də yoxdur. Qərb? camaatın sözü olmasın, ta Nikolayın dövründən bəri daima Rusiyaya siçan-pişik kimi baxan avropalılar üçün Rusiya daima sadəcə ARZUOLUNMAZ olub, belədir və bundan sonra da belə olacaq. İndi də SSRİ yoxdur ki, SSRİ olmağına SSRİ yoxdur, amma Rusiya ki, həmişə var. Açıq şəkildə bir fakt ortadadır ki, Ağ Ev Moskvanın Ankaranı öz tərəfinə çəkməsindən çox, amma çox narahatdır. Özü də budəfəki inciklik tamam başqa xarakter daşıyır. Bu, Türkiyənin adi bir küskünlüyü deyil. Artıq Ankara üzünü Şərqə çevirib. Çünki İsrailin son davranışlarına ABŞ-ın heç bir reaksiya verməməsi və üstəlik, Təl-Əvivə haqq qazandıran açıqlamalarla çıxış etməsi Türkiyəni əlli ildən çox davam etdirdiyi Qərb müttəfiqliyindən üz çevirməyə vadar edir. İndi də PKK-nı salıblar Türkiyənin üzərinə. Açıq danışmaq lazımdır, Türkiyə çox, amma çox ağır bir dönəmdədir. Ankaranın bu durumdan necə çıxacağı çox müəmmalıdır. Çünki hər yandan onu DÖVRƏYƏ ALIBLAR! Türkiyəni SINDIRMAQ İSTƏYİRLƏR!
Qərb, başda ABŞ olmaqla, Türkiyəyə dikbaşlılığı müqabilində "yerini göstərirlər". Bu faktor isə Türkiyənin üzünü Rusiyaya tutmasına və son nəticədə V.Putinin nəzərdə tutduğu planın İŞƏ DÜŞMƏSİNƏ rəvac verir. Düzdür, bu, çox ağrılı məsələdir. Amma getdikcə də reallaşan İŞDİR! Artıq V.Putin də anlayır ki, Moskvanın öz keçmiş tərəfdaşlarına üz tutmaqdan başqa yolu qalmayıb. Rusiya məhz Şərqdə yer tutanda MÖHKƏMLƏNİR. Bu məsələdə Turkiyə Rusiya üçün önəmli faktordur. Baş verənlər fonunda, yəni terrorun alova çevrilməsi nəticəsində Türkiyənin də sərt addımlar atacağı gözləniləndir. Kanadadakı görüşdə Ərdoğanla Medvedev arasında əsil müzakirələr də aparıldı və belə görünür ki, hər şey tərəflərin istəyi əsasında sürətlə reallaşacaq. Rusiyanın indiki və qarşıdakı dönəmlərdə Türkiyəyə böyük EHTİYACI VAR! Aradakı Ermənistan məsələsinə görə, Kreml ermənilərin ayağını basmasa da, öz BÖYÜK PLANLARI naminə daşnakların başından vurub "erməni kartını" arxa plana da ata bilər və elə bu məsələ olduqca real görünür. Moskva artıq öz strateji planları naminə ermənilərin qulağından tutub dala çəkə bilər. Amma Qərbdəki daşnakların da Avropanın əliylə bu işə əngəl törədəcəkləri gözləniləndir. Burda bir iş də var ki, Rusiya daşnakların yox, məhz Moskvanın ƏLİNDƏDİR, vəssalam! Ax, Putin, Putin!..

Digər xəbərlər