PDF Oxu

Köşə

  • 7

Müxalifətin mitinqi bir bəlaya çevrilib

Müxalifətin mitinqi bir bəlaya çevrilib

Arif Hacıyev:

Süstlük və ətalət basıbdı bizi,
Cərgədə tapmırıq öz yerimizi,
Mitinq keçirmək də alınmır, düzü,
Güc birlikdə deyil, vallah, təkdədir,
Vahid namizədlik özü yekdədir,
BŞİH-sə ucqara göndərməkdədir.

Araz Əlizadə:

Yetkililər acdır, lider qarnı tox,
Qarnıtox liderlər başdan bir az lox,
Günah Müsavatda, "Azadlıq"da yox,
Bossun göndərdiyi mənhus çekdədir.

Arif Hacıyev:

Ayaz da özünü çox günə verdi,
Səni camaatın üstünə verdi,
Rusa çox yalmandın, sənə nə verdi?
Bizim can dərmanı Semdə, Cekdədir.

Araz Əlizadə:

Xilas edə bilməz onu güclü maq,
İsa çox üzlərə olmaqdadı ağ,
Müsavat gəlməkdə kəlləmayallaq,
Qurum var möhkəmdir, üzü dikdədir.

Arif Hacıyev:

Göylərdən yerlərə çaxılıb artıq,
Ayaz da inək tək sağılıb artıq,
Sizin partiyanız dağılıb artıq,
Biz mitinq keçirrik, İsa pikdədir.

Araz Əlizadə:

Alış-veriş edir qiymət çəkmədən,
Bir ucdan aşırır ləzzət çəkmədən,
Çoxları qazanır zəhmət çəkmədən,
İsa Müsavatda həlak-həkdədir.

Arif Hacıyev:

Bir xeyir gətirmir qaçı-qovu da,
Dərdə əlac etmir ahı-ofu da,
Bu yandan artıbdı mitinq xofu da,
Lalə də, Əli də səkəsəkdədir.

Araz Əlizadə:

Tutsa da özünü hamıdan üstün,
Qusub-bulayaraq batırıb üstün,
Adi piketi də baş tutmur bu gün,
İsanın çiyini ağır yükdədir.

Arif Hacıyev:

Hay-haray, qalmaqal salmasa belə,
Mitinqdə xəyala dalmasa belə,
Ayazdan bir rubl almasa belə,
Yeyib-içməkdədi Araz, tükdədi.

Araz Əlizadə:

Aclıqdan olubdu cüssəsiz, arıq,
Gözləri pis görür, dişləri mırıq,
Müsavat böhrana düşsə də artıq,
İsa bosslar ilə cükücükdədir.

Arif Hacıyev:

Gedir Moskvaya əyni kəfənnən,
Deyir dar ayaqda rusa güvənnəm,
O, müflis olubdu, mitinq cəhənnəm,
Demokrat Arazçün bu, son nöqtədir.

Araz Əlizadə:

Müsavat dumanı, çəni bəyənmir,
Mitinqi, yürüşü, yəni bəyənmir,
İndi adı Arif məni bəyənmir,
Elə bil, İsa bəy bollu ləkdədir.

Arif Hacıyev:

Ayaqqabıları qaytanda deyil,
Guya ki, ürəyi şeytanda deyil,
Elə bil, ASDP meydanda deyil,
Böyük arenada yekə sirkdədir.

Araz Əlizadə:

İş görə bilsəydi, bosslar ram idi,
Əriyib azalan yekə şam idi,
Mitinqdə olsaydı, toy-bayram idi,
Qulağına kimi İsa çirkdədi.

Arif Hacıyev:

Könül tarlasını biçirir Araz,
Ayaza mesajlar içirir Araz,
Şimal soyuğunu keçirir Araz,
Deyəsən, üşüdür qalın börkdədir.

Araz Əlizadə:

Gedib çıxa bilməz heç Nicə doğru,
Meyli dələduza, bic, gicə doğru,
Sürət götürübdü xaricə doğru,
Arif elə bilir İsa bərkdədir.

Arif Hacıyev:

Üzünü meydana tuşlamaq istər,
Sözünü mitinqlə başlamaq istər,
Dilini rakıyla yaşlamaq istər,
Onun Ayaz gözü daim türkdədir.

Araz Əlizadə:

Aksiya marağı içirə bilmir,
Kütləni meydana köçürə bilmir,
Nə mitinq, nə piket keçirə bilmir,
Bu gün İsanınkı paşol, sürkdədir.

Arif Hacıyev:

İtib şirinliyi, turş götürübdür,
Elə bil, çulunu fars götürübdür,
Ayaz Qərbə doğru kurs götürübdür,
Nədənsə Arazın gözü Şərqdədir.

Araz Əlizadə:

Bir şey çıxmayacaq, itsə də İsa,
Bossun yolu üstə bitsə də İsa,
Necə canfəşanlıq etsə də İsa,
Avropanın gözü ari irqdədir.

Arif Hacıyev:

Yerli araq içib, çox meylənsə də,
Dodaqucu piket lap söylənsə də,
Yalandan sağ-sola çox teylənsə də,
Deyirlər Arazın gözü bərqdədir.

Araz Əlizadə:

Saçı olubmu ki, olsun darağı,
Bir boçka olsa da, sökər arağı,
İbrət götürməyə yoxdu marağı,
Yenə də İsa bəy dərsdə, görkdədir.

Digər xəbərlər