Tahir Kərimli:
Dedin el çəkdiyi ah-fəqan da pis,
"Yurd"u pis, "VİP"-i pis, həm "Madam" da pis,
Bu yerdə deyirsən Zəlimxan da pis,
A başqan, bir söylə, yaxşı kimdi bəs?
Səni qurdalayan hansı simdi bəs?
Yoxsa qrantverən Condu, Cimdi bəs?..
İsa Qəmbərov:
İsayam, yenilməz Müsavat qurdum,
Neçə cəbhələri vurdum uçurdum,
Neçə liderlərin fövqündə durdum,
Bilmirsənmi onlar mənə yemdi bəs?
Tahir Kərimli:
Nədən bədnamlara adam deyirsən?
Zəlimxana olsun qadam deyirsən,
Laləyə nə üçün "Madam" deyirsən?
Bu hansı eyhamdı, hansı himdi bəs?
İsa Qəmbərov:
Onların çoxunun düşüncəsi dar,
Yalnız mənim yolum yoxuşsuz, hamar,
Radikal cəbhədə məqsədləri var,
Çoxu qaraqulaq həm ağ Bimdi bəs?
Tahir Kərimli:
Elçibəy önündə bitib kök atdın,
Birinci olmaqçün aranı qatdın,
Şərab boçkasının yanında yatdın,
Özün rəqiblərə dedin dəmdi bəs.
İsa Qəmbərov:
Müsavat ucaldı, qayda görmədi,
Nə də liderləri payda görmədi,
Bosslardan "Yurd" Əli fayda görmədi,
Onlar nə göndərdi lələş əmdi bəs.
Tahir Kərimli:
Cəbhəni dəftərdən sildiyin gündən,
Özünü birinci bildiyin gündən,
Sən Ali Sovetə gəldiyin gündən,
Niyə tez itirdin, söylə, səmti bəs?
İsa Qəmbərov:
Sənin siyasətin cüzi bir işdi,
Adına çoxları əfəl demişdi,
Nərən çox beyini silkələmişdi,
İndi səsin çıxmır, hansı dəmdi bəs?
Tahir Kərimli:
Niyə işləyirsən, əgər, ayıbsa,
Sən gəlmə, burada yerin qayıbsa,
Boss daim cibini doldurmayıbsa,
Ağzın-burnun nədən belə cemdi bəs?
İsa Qəmbərov:
Deyirdin fısqırıq silahın, ordun,
Sən də özün üçün bir Vəhdət qurdun,
Oraya-buraya çox gediyordun,
Niyə sən yerində saydın şimdi bəs?
Tahir Kərimli:
Cəhd etdin çıxasan dəvə, fil üstə,
Hər dəfə də çıxdın zibil, kül üstə,
Kökləyə bilmədin bəmi zil üstə,
Məgər görmədinmi zilin bəmdi bəs?
İsa Qəmbərov:
Günəşdən danışdın, aydan oxudun,
Dağlardan, düzlərdən, çaydan oxudun,
Bizim Müsavata meydan oxudun,
Demədin yandıran səni, şəmdi bəs?
Tahir Kərimli:
Adını qoymusan əsil pələng, şir,
Özün bir xalis tir, ürəyində kir,
Həmkarların səni niyə bəyənmir?
Çünki deyirlər ki, ağlın kəmdi bəs?
İsa Qəmbərov:
Elə Tahir qaldı o asi adın,
Əzəldən birisən xalis bərbadın,
Dedin quzu əti siyasi dadın,
De, niyə ovqatın acı təmdi bəs?
Tahir Kərimli:
Bir qara tük yoxdu bu gün bığında,
Neylədin o dərin böhran lığında,
Sən batdın siyasət bataqlığında,
Kim cumub çirkaba lüm-lüt çimdi bəs?
İsa Qəmbərov:
Sən niyə edirsən, Nəsir etmirsə,
İfratlar Vəhdəti yesir etmirsə,
Əgər qışqırığın təsir etmirsə,
Bəs bizə yönələn bu nə çəmdi bəs?
Tahir Kərimli:
Yaman öləziyib səsindəki ton,
Tez ol get, bossların ciblərinə qon,
Səni qəbul etmir London, Vaşinqton,
Nəzərin dikələn nədən Rimdi bəs?
İsa Qəmbərov:
Mənə üz tutmasın, Tahir, hər yetən,
Mənəviyyat axtar, mən güdüm gödən,
Mənə qucaq açıb himayə edən,
Məgər bilmirdinmi Vanya, Semdi bəs?
Tahir Kərimli:
Kütlələrə yalan dedinsə, İsa,
Bossların pulunu yedinsə, İsa,
Əgər yaxşı lider idinsə, İsa,
De, çöhrənə çökən hansı qəmdi bəs?
İsa Qəmbərov:
Səni Vəhdətində saxladı kəbin,
Qov getsin, üzünə qonubdu çibin,
Şest isə, de, sənin tale nəsibin,
O zaman simvolun niyə semdi bəs?
Tahir Kərimli:
Ağıl əvəzinə başlarda saman,
Ayaqlar altına düşübdü siman,
Yağlılıq faizin azalıb yaman,
De, niyə deyirlər yağdı, çimdi bəs?
İsa Qəmbərov:
Cibimdə on minlik əla "Sim"im var,
Məni hirsləndirmə, başda cinim var,
Mənim "Mersedes"im, "Limuzin"im var,
Bəs niyə heç yoxdu "Volqa"n, "Zim"in bəs?