Rəhmətlik Qabil "Qiyamət oluruq biz, səhv düşəndə yerimiz" deyəndə, nahaq yerə deməyib yəqin bunu. Elə keçən əsrdə yaşamış böyük-böyük şairlərimiz də bu mövzuda az şeirlər yazmayıblar. O, kişilər neçə əsrdən sonra yaşadığımız günlərdə hansısa mənfi qüvvənin milli-mənəvi dəyərlərimizi ayaqlar altına atıb, kökündən kəsəcəyini əvvəlcədən görürdülər yəqin... Bunun indiki adı "şou-biznes"dir!
Amma bilmirdilər ki, vaxt gələcək bugünkü nəsillərimiz heç elementar mənasını belə anlamadıqları "şou-biznes" rüsvayçılığının mənəvi baxımdan QİÇS və xərçəng xəstəlikləri qədər qorxulu daşıyıcıları olacaqlar. Yaza bilmirəm. Çünki o qədər dəhşətlidir ki, bu mövzu, haradan başlayıb haradan qurtaracağımı heç müəyyənləşdirə də bilmirəm. Bütün dövlət rəhbərləri, ziyalılar, cəmiyyətin öndə gələnləri nə qədər çalışsalar da, bu məsələyə əncam tapa bilmirlər. Yaxud bu insanların və cəmiyyətin gələcəyini düşünən elitanın çapalamaları da bunlarla mübarizəyə, belə görünür ki, YETMİR!
İndi Azərbaycan səhnəsindəki "ulduz"ların elementar hərfi mənasını belə anlamadıqları bu "şou-biznes", sözün müstəqim mənasında, gənclərimizi və bununla da içərisinə mədəniyyətimiz təhsilimiz və mənəviyyatımız da daxil olmaqla, GƏLƏCƏYİMİZİ sunami kimi qabağına alıb məhv edir göz görə-görə. Özü də bu "işi", artıq milli mənəviyyatımız üçün erməni işğalından da dəhşətli təhlükəyə çevrilən "şou-biznes" proqramlarının əliylə görürlər...
Dövlətin ən yüksək ranqlı nümayəndələri, cəmiyyətin aparıcı ziyalıları, bir sözlə, ağır-batman insanlar nə qədər dedilərsə, yenə xeyiri olmadı. Dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunması üçün bütün dünyanın gözü qarşısında nəhəng layihələr həyata keçirir, hər kəs çalışır ki, yeni yetişən nəsillərimiz milli kök üzərində böyüsünlər, təfəkkürləri, dünyaya baxışları ilə zəngin milli dəyərlərimizdən qidalansınlar. Amma üzdəniraq maqazin proqramları isə bir başqa yandan milli kimliyimizi və gələcəyimi baltaqalmaqla məşğuldur. Musiqi savadı olmayan, yağlı "sponsor"ların dəstəyi ilə maqazin proqramlarına qatılan bu "ulduzlar", özlərini "qiymətə mindirmək" üçün ən ağlasığmaz yollara əl atırlar. Gələcək nəsillər isə, bunları prioritet nümunə kimi görürlər. Bu "şou-biznes" musiqimizi, mədəniyyətimizi və mənəviyyatımızı kökündən elə kəsir ki, mənəviyyatımızı bir neçə əsrlik şikəst etməyə tam "namizəddir"! Bu "şou-biznes"in içində pul, hədsiz sərvət, alt pal-paltarların, xörək bişirən "zərif kişilərin" reklam olunduğu düşük televiziya proqramları, nə bilim, karlı "sponsorlar" və sairə və sairə var. Beləcə, yenicə yetişən on dörd-on beş yaşlı uşaqlarımız, fərqi yoxdur, ya qız olsun, ya oğlan, bu yolla varlanmağa, özlərini qulağı sırğalı "oğlanlara", bütün mənəviyyatını ayağının ucu ilə bir yana atıb, tam mənasında, sırtıqlaşan həyasız "xanımlara" bənzəmək üçün dəridən-qabıqdan çıxarsa...
Dəhşət, min dəfə dəhşət! 28 May Respublika Günü ilə bağlı yerli telekanallarımızdan birində "şou- biznes" aləminin "şir-pələngləri" olan bəzi "ulduz müğənillər"indən və xalq artistlərindən tutmuş əməkdar artistlərə qədər bir çoxları ilə sual-cavab aparılırdı.
Fəlakət! Dahi Üzeyir Hacıbəyovdan, Qara Qarayevdən, Xan Şuşinski, Seyid Şuşinskidən, Rəşid Behbudovdan, Şövkət Ələkbərovadan və başqa böyük sənətkarlardan sonra gör musiqi mədəniyyətimiz kimlərin əlində qalıb. Yenə də dəhşət!
Bu dəfə, ona görə ki, bunlar Azərbaycanın müstəqillik günü olan Respublika Gününün nə anlama gəldiyindən belə xəbərsiz imişlər. Bu adamlar özlərinin sırtıq gülüşü və hədsiz bisavadlılıqları ilə Azərbaycan mədəniyyəti üçün əsil FƏLAKƏT olduqlarını artıq efirlərdən belə səsləndirməyə başlayıblar. Özü də sırtıq və riyakar gülüşləri ilə. Sanki acıq verirlər onları qınayanlara...
Açıq danışaq, "şou-biznes" və "maqazin" proqramları artıq qarşısıalınmaz mənəvi repressiyaya çevrilib. Artıq o, cəmiyyətin bütün sahələrində HAKİM QÜVVƏDİR! Daha bunu danmağın yeri də yoxdur. Əgər evdə valideyn, məktəbdə müəllim uşağının düşüncəsinə və tərbiyəsinə hakim ola bilmirsə, bunun əvəzində, yeniyetmə uşaqlar bir nəsil əvvəlki ata-babasının şəcərəsi bir yana, öz doğma əmi və bibisini tanımayıb "yüz dona girən" , efirlərdə görünmək və "sponsor" tapmaq üçün ərindən boşanıb "şou-biznes"ə gələn "ulduz"ların iyrəncliklə dolu həyatını əzbər bilirsə, milli musiqimizə potoloji şəkildə nifrət edib düşük və əttökən "klip"lərə can atırlarsa, bu, HAMIMIZIN FACİƏSİDİR! Bir sözlə, yaşadığımız günlərdə bu "şou-biznes" əsil Əzrayıl rolunda mənəviyyatımızı və gələcəyimizi məhv edir. Bəli, əsil ƏZRAYIL KİMİ!