Tahir Kərimli:
Radikalda elektorat azalıb,
Liderlərin çöhrələri sozalıb,
Hər birinin ömür yolu qısalıb,
İfratların yüzü rəzil, şər biri,
Birləşməyi vacib sayır hər biri,
Demək çətin yüzü gümüş, zər biri.
Əvəz Temirxan:
Vaxt yetişər onlar bossu bişirər,
Öndə gedir bu gün anaş dişilər,
Gendə qalıb artıq lider kişilər,
Qadınların içində var nər biri.
Tahir Kərimli:
Hər birisi üzdən xeyli həyalı,
Deyirsən ki, bunlar əsil ziyalı,
Liderlərin göydə süzər xəyalı,
Diqqət etsən, meymun, qaban, xər biri.
Əvəz Temirxan:
İş görməzlər doldursan da heriyə,
Baxsalar da matdım-matdım geriyə,
Heç biri də atmaz addım geriyə,
Azı yüzü köhnə-küşkül, tər biri.
Tahir Kərimli:
Fantan vursa gözlərindən irini,
Vallah, verməz bir kimsəyə sirrini,
On liderdən tutsan əgər birini,
Heç fırlatmaz içlərində pər biri.
Əvəz Temirxan:
Hamısına qəhr eyləyib o qədər,
Hər birisi yaşamaqda puç, hədər,
Radikallar xain-xoflu o qədər,
Tutacaqdır hər üçündən çər biri.
Tahir Kərimli:
Qoşa atar cütləyib zər radikal,
Uduzanda axıdar tər radikal,
Kölgəsindən hürməkdə hər radikal,
İnanma ki, olsun xalis ər biri.
Əvəz Temirxan:
Tanrı töksün başına şər külünü,
Bu layihə diriltməkdə ölünü,
Qoy qoxlasın Lalə cənnət gülünü,
Qismətinə qoy saçmasın fər biri.
Tahir Kərimli:
Qərargahda saralıbdı-solubdu,
Parlamamış bomba kimi dolubdu,
Radikallar al mollası olubdu,
Verməz, ancaq qazanmaq istər biri.
Əvəz Temirxan:
Xoş bir sözü sayta girib söyləməz,
Öz adına ifrat hərif söyləməz,
Radikalın yüzü tərif söyləməz,
Ancaq durub Laləmi pislər biri.
Tahir Kərimli:
Radikallar cırmaqlayır ayını,
Hər biri də alıb bollu payını,
Bilməyirlər miqdar, sıra sayını,
Beş deyəcək, hərifə göstər biri.
Əvəz Temirxan:
Artsa bir az radikalın əkizi,
Azalacaq on beşinin çəkisi,
Qızıllasa ciblərini ikisi,
Qalaq-qalaq bürünclər, mislər biri.
Tahir Kərimli:
Radikallar özlərini sanar fil,
Bir qarışqa on beşini edər şil,
Beşi tüstü buraxmasa naqafil,
Sulu qaz tək, vallah ki, hislər biri.
Əvəz Temirxan:
Ayaq altda atar xalqı, milləti,
Hər bir kəsə nəsib edər zilləti,
Çoxusunun kütləşsə də aləti,
Ağız atıb rəqibi dişlər biri.
Tahir Kərimli:
Əlli ifrat xidmət edər çulçu tək,
Düz otuzu qazanardı falçı tək,
Yüzü bossa əl uzadar yolçu tək,
Onu yesə, cəmisi işlər biri.
Əvəz Temirxan:
Qurumları biri-birinə qatsan,
Bir guşədə sakit marıqda yatsan,
Min ifratı çıxdaş edib azaltsan,
Cəlb edərdi özünə güclər biri.
Tahir Kərimli:
Bədnəzərdən qorxub da göz işlətməz,
Obşi peçdə bir şəxsi köz işlətməz,
Heç onu da ağıllı söz işlətməz,
Göz açaraq, əlbəttə, giclər biri.
Əvəz Temirxan:
Sözsüz, ixtilafçün onlar aranıb,
Dik durmaqçün paya kimi daranıb,
İfratlar uçurmaq üçün yaranıb,
Güman etmə, nə vaxtsa dəclər biri.
Tahir Kərimli:
Alardı yüz mini "na" desə əgər,
Geri çəkilməzdi "no" desə əgər,
İkisi Kremlə "da" desə əgər,
Dərhal Vaşinqtona tez "yes"lər biri.
Əvəz Temirxan:
Düşsə təsadüfən içinə tifil,
Radikal tifildən düzəldər səfil,
Üç lider kürsüyə göz diksə qəfil,
Stul, skamyalar, həm mizlər biri.
Tahir Kərimli:
Birisi diqqətlə qulaq assa da,
Onu yatmayacaq yuxu bassa da,
İkisi boss yemi yeyib qussa da,
Daha çox yeməkçün hey bizlər biri.
Əvəz Temirxan:
Hər lider ikiyə paralansa da,
Ürəyi bossundan yaralansa da,
Üç nəfər küsərək aralansa da,
Yüz döngə-dalanda hey izlər biri.