Araz Əlizadə:
İtiribdi ifrat qibləgahını,
Xaricə bağlayıb öz pənahını,
Radikallar daşqının günahını,
Təkrar-təkrar iqtidarda görürlər,
Özlərini daim darda görürlər,
Günləridi dərd-azarda, görürlər.
Vurğun Əyyubov:
Sollar deyir boss göndərər gəmilər,
O andanca məhsul verər zəmilər,
Araz, Fazil, Asim, Tahir kimilər,
Özlərini dar bulvarda görürlər.
Araz Əlizadə:
İsa burada, Əli orda dirəşib,
Müəmmalı radikallar sirləşib,
Ələkçiyə qıl verənlər birləşib,
Bərəkəti boz xalvarda görürlər.
Vurğun Əyyubov:
Uçub başlarına zorba kərənlər,
Radikaldan dönən boş-boş çərənlər,
Zirzəmisi olmayan "bəy ərənlər",
Özlərini bir talvarda görürlər.
Araz Əlizadə:
Hər birisi deyir mənəm bəy, ağa,
Xoşlayırlar dərin fikrə dalmağa,
Boss ardınca xaricdən pul almağa,
Hər uğuru boz şalvarda görürlər.
Vurğun Əyyubov:
Namizədlik düşməz yosun puluna,
Molla dikər göz bir yasin puluna,
Biz möhtacıq, düzdü, bossun puluna,
Onlar kefi yalnız barda görürlər.
Araz Əlizadə:
Fəth ediblər bossun qəlp zirvəsini,
İtiriblər həm də qəlb zirvəsini,
Radikallar pullu Qərb zirvəsini,
Oğrun-oğrun, xırda-xırda görürlər.
Vurğun Əyyubov:
On illərlə "cırtdan"larda boşdu cib,
Bu uçrumda görünəndən dayaz, dib,
"SİDSUH" kimi qurum adı eşidib,
Onu tufan, boran, qarda görürlər.
Araz Əlizadə:
Hər birisi çıxıb Qərbə şikara,
İstəyirlər qazanalar çox para,
Bəyənməyib helikopter, təyyarə,
Mənfəəti balon, şarda görürlər.
Vurğun Əyyubov:
Qəlblərində pas atıbdı qəzəb, kin,
Qorxurlar ki, tapmayalar təzə şin,
SDP-də bəyənmirlər limuzin,
Möhkəmliyi köhnə "Ford"da görürlər.
Araz Əlizadə:
Bunların yox bir sağ olu, bəlisi,
Quyruqlayır hirslənəndə milisi,
Qudurubdu, həm İsası, Əlisi,
Nicatı da bir boz qurdda görürlər.
Vurğun Əyyubov:
Qabar olub dirsəkləri, dizləri,
Yolda qalmır ləpirləri, izləri,
İndiyədək doymayıbdı gözləri,
Özlərini bol bir yurdda görürlər.
Araz Əlizadə:
Tərs liderlər məhəl qoymur yüzünə,
Heç qızarmaz şillə vursan üzünə,
Məlul-məlul baxıb sənin gözünə,
Xilası da elə burda görürlər.
Vurğun Əyyubov:
Hər birinin xidmətində dul qarı,
Məskən edib çayxananı, bulvarı,
Bəyənməzlər uzunbalaq şalvarı,
Özlərini gödək şortda görürlər.
Araz Əlizadə:
Heç birində görünməzdə yox kiriş,
Çənə əyri, dodaq sallaq, mırıq diş,
Oyaq vaxtı əllərindən gəlməz iş,
Xilası da ölüb gorda görürlər.
Vurğun Əyyubov:
Liderlərin əllərində sınıq saz,
Hər birisi etməkdədi bizə naz,
"Cırtdan"larda sürət nə çox, nə də az,
Sürəti də ləngər, orta görürlər.
Araz Əlizadə:
Soruşanda niyə siman qaralıb?
Deyirlər ki, göydə duman qaralıb,
Gözlərinin altı yaman qaralıb,
Önlərində şişkin morda görürlər.
Vurğun Əyyubov:
Forvard xoşlar çoxlu qolla getməyi,
Çoxu istər yasa molla getməyi,
Bacarmırlar hamar yolla getməyi,
Özlərini ağac tarda görürlər.
Araz Əlizadə:
Etibar bəy bağlanmaz puç həyata,
Yorulubdu Vurğun həddən ziyada,
Əli, Lalə "Azadlıq"da piyada,
Şirinliyi yorta-yortda görürlər.
Vurğun Əyyubov:
Çox "cırtdan"lar indi həddi keçibdi,
Yəqin orda çox braqa içibdi,
Mütəllibov Moskvanı seçibdi,
Rahatlığı yəqin şorda görürlər.
Araz Əlizadə:
Əllər qalıb sehirli bir çıraqda,
İşləri yox, Türkiyədə, İraqda,
Həm Bəhreyn, Dubay qalıb qıraqda,
Özlərini kənar portda görürlər.
Vruğun Əyyubov:
Arzulamır yerlərində qalmağı,
Məhzun-məhzun baxıb fikrə dalmağı,
İstəmirlər vahid lider olmağı,
Özlərini bağlı bortda görürlər.
Mirzə QƏRƏNFİL