Rauf Arifoğlu:
Başqan gözlərindən qanlı yaş tökür,
Ömrünü vurğunlar, ariflər sökür,
İsa Müsavatla birlikdə çökür,
Mən də çox gecəmi qatdım gündüzə,
Çox İsa bəylərlə gəldim göz-gözə,
"Yeni Müsavat"ı çıxartdım üzə.
İsa Qəmbərov:
Siyasi meydanda udan deyilsən,
Nə qartal, nə quzğun, qutan deyilsən,
Düzü, çox hürsən də, tutan deyilsən,
Daim güc vermisən quruca sözə.
Rauf Arifoğlu:
Geysən də əyninə don, gedişindi,
"Yeni Müsavat"a qon, gedişindi,
Artıq siyasətdən son gedişindi,
Azar-bezarını töksən də düzə.
İsa Qəmbərov:
Baxmadım bir dəfə nə tərs, kəm sənə,
Allah əta etsin kədər-qəm sənə,
Həmişə yaxşılıq etmişəm sənə,
Mız-mız danışınla mız qoydun bizə.
Rauf Arifoğlu:
Götürə bilmirsən, ağırdı kisə,
Lənət sənin kimi əskiyə, pisə,
Əgər faydalı iş görməmisənsə,
Hörmət etməliyəm niyə mən sizə?
İsa Qəmbərov:
Avara görmədim, Rauf, sənin tək,
Sənin partiyanı yeyəcək böcək,
"Yeni Müsavat"ın dirçəlməyəcək,
Özünü vursan da çox oda-közə.
Rauf Arifoğlu:
Rombsanmı, kubsanmı, kürəmisən sən?
Bitmi-sirkəmisən, birəmisən sən?
Bıçağı sümüyə dirəmisən sən,
115-ə dözən dözməzmi yüzə?
İsa Qəmbərov:
Sizləri daşıyan taçkan olsam da,
Gözündə kiçilib çuşkan olsam da,
Mən nə qədər zəif başqan olsam da,
Səni oturdaram yanımda mizə?
Rauf Arifoğlu:
Yaralar bədəndə açıb şırım iz,
Saçınızın tükü olubdu biz-biz,
Dalana dirənib probleminiz,
Çətin ki, onları kimlərsə çözə.
İsa Qəmbərov:
İçimizdə öküz, qoyun, xər artıb,
Müsavat içində şeytan-şər artıb,
Radikal durumda təzyiqlər artıb,
Sizlər bu təzyiqə, çətin ki, dözə.
Rauf Arifoğlu:
Müsavatda səsin kəsilməkdədi,
Siyasi həvəsin kəsilməkdədi,
Sənin son nəfəsin kəsilməkdədi,
Hələ də dilində tutubsan məzə.
İsa Qəmbərov:
Lalə İvan deyir, "Yurd" Əli də Sem,
Qərbin bossları da məndən qaçır gen,
Artıb çoxalmaqda bizdə problem,
Sizdə də naqislik çıxıbdı dizə.
Rauf Arifoğlu:
Riyadan min hiylə toxudacaqsan,
Bütün Müsavatı qoxudacaqsan,
Timsah göz yaşını axıdacaqsan,
Səni bürüsə də bossların xəzə.
İsa Qəmbərov:
Hətta beş qəpiyə dəyməz, öz dərin,
Arzum bu ki, yaran verməsin irin,
Təki artsın sənin əlaqələrin,
İstərsən bizlərdə qırılsın guzə.
Rauf Arifoğlu:
Uğursuzluq yeli qalıb canında,
Azalıb damarda milli qanın da,
Dağılıb Müsavat xanimanın da,
Köksünə dirənib şeşpərli nizə.
İsa Qəmbərov:
Qəzetdə üzümə qarşı söysən də,
Əyninə ən ucuz libas geysən də,
20 il yanımda mürgü döysən də,
Səndən eşitmədim nə isə təzə.
Rauf Arifoğlu:
Deyirdin, qurumda iç-bayır, İsa,
Küçələr, meydanlar, çöl-çayır, İsa,
Deyirim, sonunu yaşayır İsa,
Sənsə inanmırdın Müsavat çezə.
İsa Qəmbərov:
Kimlərsə mənfəət güdə də bilər,
Gedənlər sənin tək edə də bilər,
Müsavat səhnədən gedə də bilər,
Ancaq çətin onu Rauflar əzə.
Rauf Arifoğlu:
Çəkişmələri sən bildin asan ki,
Bizlərçün qaynatdın iri qazan ki,
Onunçün süquta uğramısan ki,
Səhvsən, ilişibsən mənim tək düzə.
İsa Qəmbərov:
Yerində çevrilib qaxa, qalmısan,
Sən elə bilirsən "düha" qalmısan,
Gedib Müsavatdan, tənha qalmısan,
Yaman ilişibsən itiuc bizə.
Rauf Arifoğlu:
Qərbinə cibləri dolu yeridin,
Başını dik tutub, ulu yeridən,
Qocalıb, liberal yolu yeridin,
O andan sən düşdün pis yola, izə.
İsa Qəmbərov:
Qurumun güclənmir, verib dəm qəzet,
Qurumun bir vərəm, bir vərəm qəzet,
"Yeni Müsavat" həm qurum, həm qəzet,
Get, öz qurumunu, KİV-ini bəzə.