Həsən Kərimov:
Radikallar içrə, de, bu, nə sirdi?
Rəqiblər nə zaman araya girdi?
AXCP (i)-nin mövqeyi birdi,
Boss təmin eləsin onu qrantla,
Sonra dost eyləsin tək Müsavatla,
Axırda da çapsın... çatla ki, çatla.
Arif Hacıyev:
Gözünüz bizdəki ziyada qalıb,
O vaxta, macala ziyada qalıb,
Əli bu yollarda piyada qalıb,
Müdrik başqanımsa çapmaqda atla.
Həsən Kərimov:
Durumun bar kimi partlamaqdadı,
Başqan da şar kimi partlamaqdadı,
Müsavat nar kimi partlamaqdadı,
Hara gedirsiniz bu dərin çatla?
Arif Hacıyev:
Önünüzdə dəniz möhkəmlənməyib,
Sizdə adi kəniz möhkəmlənməyib,
Hələ bünövrəniz möhkəmlənməyib,
Kimə gərəksiniz bu nazik qatla?
Həsən Kərimov:
Meydanın qaymağı, filizləri biz,
Milli azadlığın hərisləri biz,
Sözsüz, Məmmədəmin varisləri biz,
Tanınan olmadı sizlərdə zatla.
Arif Hacıyev:
Görənlər sizləri dişi görübdü,
Gözünüz bizlərdə kişi görübdü,
"Yurd" Əli, de, hansı işi görübdü?
Əgər bilirsənsə, tez barmaq qatla.
Həsən Kərimov:
İsa yaradıbdı Müsavatda mif,
Bu gün hamınızı basmaqdadı kif,
Şahmat oyununda hamınız zəif,
Çox Əli bəyləri yolmuşuq matla.
Arif Hacıyev:
Daim dərrakədə uşaq oldunuz,
Dubinka görəndə qaçaq oldunuz,
Nə vaxtdan meydanda qoçaq oldunuz?
İsa hər bir işi qurtardı patla.
Həsən Kərimov:
Qoruduq kütləni öz çəpəriylə,
İsa bəy göründü böhtan, şəriylə,
Cəbhə ad çıxardı şiri-nəriylə,
İsa da tanındı bir yaman adlı.
Arif Hacıyev:
Məhvə sürükləyib Əli Məclisi,
Vurubdu İsanın yeli Məclisi,
Sən bərbad qoymusan Ali Məclisi,
Ay Həsən Kərimov, yanıma adla!
Həsən Kərimov:
Sizlərə çayxana, məzə yaraşar,
İsaya viskili guzə yaraşar,
Vahid namizədlik bizə yaraşar,
İsa vidalaşsın gərək bu dadla.
Arif Hacıyev:
Durum alqı-satqı, indi bəy nədi?
Lüzumsuz tər töküb, zəhmət, səy nədi?
Dərdinin əlacı İsa bəydədi,
Sənin nə alverin kənarla, yadla?
Həsən Kərimov:
İsa elə salıb səni qəmişə,
Başından çıxıbdı tüstün həmişə,
Cəbhə Müsavatdan üstün həmişə,
Oynamaqdasan sən, ay Arif, odla.
Arif Hacıyev:
Bossla olmalıdı şahid, namizəd,
Mümkündür olaydı zahid namizəd?!
Daim İsa olub vahid namizəd,
Cəbhə razılaşsın gərək bu xodla.
Həsən Kərimov:
Namizəd postuna dart, Əli olsun,
Həmkarı İsa bəy, qurd, Əli olsun,
Namizəd bir dəfə "Yurd" Əli olsun,
İsa da köklənsin, nolar bu notla.
Arif Hacıyev:
Həsən, sən yarılan, sözsüz, mən, yaran,
Qanqrenaa edərik, olar tən yaran,
İrin verməkdədi, deyəsən, yaran,
İsa onu yuyar göynədən yodla.
Həsən Kərimov:
İsanın adı yox, dəlidən başqa,
Ona ad verməzlər zəlidən başqa,
Sizə həyan olmaz Əlidən başqa,
Gəlin ayaqlaşın bizim bu modla.
Arif Hacıyev:
Qərargah önünə Hətəm qoysanız,
Əli ürəyinə sitəm qoysanız,
İsa meydanına qədəm qoysanız,
Sizi qarşılarıq kamanla, udla.
Həsən Kərimov:
"Yurd" Əli namizəd" dedik biz xorla,
Bunu təkrar edin bu gün siz xorla,
Əliyə namizəd desəniz xorla,
Sizi qarşılarıq xarici budla.
Arif Hacıyev:
Nə olar İsada üz çirk olanda?
Namizədlik ona düz kürk olanda,
Sizin aranızda yüz türk alanda,
Yola gedəsiniz gərək bir tatla.
Həsən Kərimov:
Yayda partiyanda böyük çat olar,
Bir zaman İsa da sənə yad olar,
Bizdən dörd-beş nəfər deputat olar,
Arif, Müsavatda semiçka çıtla.
Arif Hacıyev:
Müsavatda masa namizəd olar,
Salma basa-basa, namizəd olar,
Payızda da İsa namizəd olar,
Get, Əliylə xəngəl ye, sən qurudla.