Əli Orucov:
"Yurd" Əli həmişə bizə lazımdı,
"MBH" Laləsi alın yazımdı,
Yalnız o "VİP" Əli kiçik tazımdı,
Bu adam həmişə "Azadlıq"da dəm,
Laləylə "Yurd" Əli görməsinlər qəm,
AMİP katibiyəm, Etibar qibləm.
Əhməd Oruc:
AMİP saya bilər "VİP" Əlini nəhs,
Mirmahmud lider tək salmaqdadı səs,
"Azadlıq"da düzlük axtarmaq əsəb,
Yaxşılar "DUİ"-də olubdular cəm.
Əli Orucov:
Yenə də duyğumda dindi sarı sim,
"Azadlıq" "VİP" üçün olubdu yağ-çim,
AMİP-də Etibar zil demiş daim,
"VİP" Əli son vaxtlar vurmaqdadı bəm.
Əhməd Oruc:
Kimlərsə axtarır özünə kirvə,
Bununçun gedirlər Hələbə, Mərvə,
Mənim "Azadlığ"ım "DUİ"-də zirvə,
"Azadlıq" bloku ondan xeyli kəm.
Əli Orucov:
Hər şeydən əl üzər gendə duranlar,
Yox vahid nöqtəyə zərbə vuranlar,
Bizə zərər vuran blok quranlar,
Başqa bir-ikisi, "VİP" Əlidi həm.
Əhməd Oruc:
Əsil ifratçündü bu hazırkı çağ,
Radikal qəlblərə çəkməkdədi dağ,
Hazırda "DUİ"-di yaşayan ancaq,
Bir vaxt iflas etdi "Demblok", "SİDSUH", "MƏM".
Əli Orucov:
Geri qalacaqsan, bassan da qaza,
Qoymağın yeri yox, özünü naza,
"Azadlıq" başqanı verdi güdaza,
Ay Əli, blokda qüssə-kədər əm.
Əhməd Oruc:
Liderlər vecsizdi kolda duranda,
Çoxusu boss keçən yolda durandı,
"Azadlıq", Müsavat dalda durandı,
"DUİ"-dən göylərə yüksəlsin ələm.
Əli Orucov:
Artıbdı ətrafda xata-şər lider,
Düzü, "MBH"-də Lalə nər lider,
Əli Etibara bərabər lider,
"Azadlıq" Əliyə verəcək sələm.
Əhməd Oruc:
Casus liderləri desant yeyəcək,
Talantsızdı, ancaq talant yeyəcək,
"DUİ"-də Mirmahmud qrant yeyəcək,
Çoxu blokunda yeyəcək kələm.
Əli Orucov:
Xeyli məriz-naçaq danışmaqdasan,
Yaman alçaq-alçaq danışmaqdasan,
Bizdən çox baş-ayaq danışmaqdasan,
İstərəm "DUİ"-də bağrını dələm.
Əhməd Oruc:
Lap yüksək pilləni öyüşlər tutub,
Küçədə daşatma, döyüşlər tutub,
Dilim mərtəbəli söyüşlər tutub,
Əlimi "DUİ"-də etmişəm qələm.
Əli Orucov:
Deyəsən, Mirmahmud söz çıxarıbdı,
Neştər gözünüzü köz çıxarıbdı,
"DUİ"-də on-on beş göz çıxarıbdı,
Etibarla mənim ağırdı şələm.
Əhməd Oruc:
Qıyqacı baxmayın bizə sarı da,
Sizə bəxş etmişəm dərd, azarı da,
Qoymaz tərpənməyə Etibarı da,
AMİP-ə əlimlə qoyduğum tələm.
Əli Orucov:
İsaya baxaraq, naçar Mirmahmud,
Dördayaq, bil, qanad açar Mirmahmud,
Adımı eşitsə, qaçar Mirmahmud,
DUİ-ni partladar ən cüzi giləm.
Əhməd Oruc:
Radikal saçının dənində durar,
Çoxları dananın gönündə durar,
"DUİ" blokların önündə durar,
Yalan deyirəmsə, topalam-şiləm.
Əli Orucov:
Siz xoruz yanında bir düjün beçə,
Çətin ki, sizləri kimlərsə seçə,
"DUİ" səhralıqda adi gölməçə,
Xəzərdən də böyük dərin bir göləm.
Əhməd Oruc:
Etibar bildimi nədi vətən, yurd?
Heç nə bacarmazsan, min çalış, yüz yort,
Mirmahmud meydanda yenilməz boz qurd,
Sizlərin hamısı adi bir köləm.
Əli Orucov:
"DUİ"-nin başına çevrilməkdə taxt,
Yəqin küskünləşib həm taleyin, baxt,
Sənin tək acizlər önündə heç vaxt,
Heç əmin olma ki, yıxılıb öləm.
Əhməd Oruc:
İfrat durğunluğu görən mat olar,
Tezcə "Azadlıq"da iri çat olar,
Növbəti hədəfim Müsavat olar,
Artıq Etibarı yandırıb şöləm.
Əli Orucov:
Bəziləri deyir uddan yarandım,
Belə deyən də var: buddan yarandım,
Mən etiraf etdim - oddan yarandım,
Sən isə deyirdin torpağam, giləm.
Əhməd Oruc:
Müsavat çökübdü, bənzərdi filə,
Çökəcək "Azadlıq" bürünsə tülə,
Küləyim AMİP-i dağıdıb hələ,
Tornado gücündə olan bir yeləm.