Vurğun Eyyubov:
Çoxları özünü yormasın hədər,
Bizlərin başının üstündə Qədər,
Müsavat seçkiyə blokla gedər,
Hələ nə qədər ki, külək, şaxta var,
Bina tikmək üçün kubik, taxta var,
Seçkiyə gedərik, hələ vaxta var.
Əvəz Temirxan:
Biz elektoratla, siz kəniz ilə,
Bizi sevindirin siftəniz ilə,
Biz asvalt yol ilə, siz dəniz ilə,
Onsuz da sahildə çoxlu yaxta var.
Vurğun Əyyubov:
İsasız radikal səman nə lazım?
Dəstəkçimiz bossa, saman nə lazım?
Böyük Müsavata liman nə lazım?
Bizim önümüzdə nəhəng buxta var.
Əvəz Temirxan:
Lalə "Azadlıq"da tutmaqda qərar,
Seçkidə udacaq, tale ona yar,
ALP, "MBH" yüksəkdə durar,
Neçə ki, Müsavat, ölgün, tuxta var.
Vurğun Əyyubov:
Öncə, biz içərik araq doyunca,
Yüz-yüz sayarıq, sən bir-bir sayınca,
Bizi dəstəkləyən ölkə boyunca,
Şəkidə, Şirvanda, hətta Qaxda var.
Əvəz Temirxan:
Bizimlə getsəniz, sizlərə şərik,
Sizin yolunuzu tutub gedərik,
Biz adı sizlərə təqdim edərik,
Adımız azda yox, ancaq çoxda var.
Vurğun Əyyubov:
Siz yoxsuz, nə qədər aşkar varıq biz,
Laləni yerindən qopararıq biz,
Sizi arxamızca apararıq biz,
Neçə ağzınızda dəmir noxta var.
Əvəz Temirxan:
Yel udub, mədəyə yel açırsınız,
Ac-ac cükküldəyib, dil açırsınız,
Sizlər ac bosslara əl açırsınız,
Lalənin ünvanı yüz-yüz toxda var.
Vurğun Əyyubov:
Sizlər xəstə düşüb can udarsınız,
Sübhü dirigözlü dan udarsınız,
Siz az hücrənizdə qan udarsınız,
Sözsüz, önünüzdə qandan laxta var.
Əvəz Temirxan:
Bizlər dincələrik sonsuz irmaqda,
Müsavat çabalar daim qarmaqda,
Sizin elektorat barmaq sormaqda,
Dəstək Lalə kimi mahda, şuxda var.
Vurğun Əyyubov:
Müsavatın işi məqbul eyləmək,
Digər blokları bir qul eyləmək,
Rəqibi düşmən tək qəbul eyləmək,
Əvəz Temirxan tək nadan loxda var.
Əvəz Temirxan:
Taleyin yazısı bir alındadı,
İflic qurumunuz it halındadı,
Lalə dişi aslan timsalındadı,
Sizin qərargahda hamı axta var.
Vurğun Əyyubov:
Ölüsüz, deyirsiz amma canlısız,
Biz inanarıq ki, ikicanlısız,
Deyirsiniz, guya çox imkanlısız,
Nə var Müsavat tək, səfil yoxda var.
Əvəz Temirxan:
Sizlər kasıb bossun cibindəsiniz,
Yalnız səs toplamaq dəbindəsiniz,
Bizsiz bir dərənin dibindəsiniz,
Hələ önünüzdə dərin şaxta var.
Vurğun Əyyubov:
Müsavat yenə də adda-sandadı.
Lalə də, Əvəz də həyəcandadı,
Bizim mex papaqlar asılqandadı,
Sizin papağınız torba, mıxda var.
Əvəz Temirxan:
Beş-üç adam qalıb dörd yanımızda,
Qaralıb, durulmaz heç qanımız da,
Bəlayla üzləşib başqanınız da,
Laləsə bəxtiyar, xoşbəxt, baxtavar.
Vurğun Əyyubov:
Laləniz Kremlə işləyən "Madam",
Liçni hamınızın üstünə qadam,
Sizlər taleləri dönmüş bir adam,
Ay Əvəz, yola gəl bizim baxta var.
Əvəz Temirxan:
Hər biriniz üçün ağır durumdu,
Sizin başqanınız şurum-burumdu,
"MBH", ALP saf bir qurumdu,
Müsavat meydanda yenə saxta var.
Vurğun Əyyubov:
Pis oyundaşsınız, oyun əyirsiz,
Oxunu gizləyir, yayın əyirsiz,
Siz pul istəyəndə, boyun əyirsiz,
Ancaq bilmirsiz ki, nə var maxda var.
Əvəz Temirxan:
Müsavat aşağı, "MBH"-di pik,
Qismət olmayacaq bu il sizə dik,
Yaxşı gündə deyil sizin çimərlik,
Gözəl plyaj ancaq bizim Şıxda var.
Vurğun Əyyubov:
İsa indi-indi qanmaq üzrədi,
Reytinq cədvəliniz yanmaq üzrədi,
Sizin kamanınız sınmaq üzrədi,
Ən sərrast hədəflər bizim oxda var.
Əvəz Temirxan:
Gücsüzsüz, min dəfə yoxlanmısınız,
Bir görün özünüz sağalmısınız?
Ay yazıq, maddəyə bağlanmısınız,
Axı bilmirsiniz, bizdə ruh da var.