Araz Əlizadə:
Əli Vaşinqtonda pisləyir bizi,
İsa yerli-yersiz izləyir bizi,
Etibar nədənsə gözləyir bizi,
Görsün ucalmağa varmı bir macal?
Pulla yaratmağa varmı bir vüsal?
Bizdə də konstruktiv varmı radikal?
Qabil Hüseynli:
İfratı qorxutmaz heç xortdan-xoxan,
Zirvəyə yüksələr hissini boğan,
Başını istidən soyuğa soxan,
Gərək bağlayaydı pambıqdan bir şal.
Araz Əlizadə:
Radikallar rəzil, cığal olurlar,
Xaric qarşısında sual olurlar,
Çoxlu pul alanda xoşhal olurlar,
Bossu qınayırlar verəndə az yal.
Qabil Hüseynli:
Bossların pulunu ulu tutanlar,
Özünü onların qulu tutanlar,
20 il ifratlıq yolu tutanlar,
Başları ağrıyıb, olublar həm çal.
Araz Əlizadə:
Radikallıq edib, küncdə yatanlar,
Azalıb tükənib Şollar dadanlar,
On illər avro və dollar dadanlar,
Konstruktiv mövqeyə çevirməkdə dal.
Qabil Hüseynli:
Bərəkət "Azadlıq" "VİP"-lərindədi,
Liderlər enişin diblərindədi,
Gözümüz bossların ciblərindədi,
Bizi sevindirir, düzü, bu cür hal.
Araz Əlizadə:
Hər lider olubdu radikal Məmiş,
Hətta tərəqqiyə qoydular qəmiş,
Sizi mənəviyyat düşündürməmiş,
Məşğul etməkdədi əmtəələr, mal.
Qabil Hüseynli:
Pisləməsək, bossdan aman olarmı?
Bizə yaşamağa güman olarmı?
Boss pulu yeməyə imkan olarmı,
Əgər ağzımıza biz açsaydıq fal?
Araz Əlizadə:
İsa çatmaq istər rahat nöqtəyə,
Əli, Lalə gedir azart nöqtəyə,
Radikallıq çatsa ifrat nöqtəyə,
İşin mahiyyəti olarmı şümal?
Qabil Hüseynli:
Bloklar kütləni azdırsa əgər,
Pul üçün tələlər qazdırsa əgər,
Şəhərdə konstruktiv azdırsa əgər,
Necə artırmalı onları mahal?
Araz Əlizadə:
Radikal yönümlü işiniz nədi?
Sizi qızışdırır bossların bədi,
Qalan qurumunuz sürünməkdədi,
İnşallah, tezliklə olacaq pamal.
Qabil Hüseynli:
Bosslar başlarına tökməkdədi dür,
Deyirik, İsa, ye, get ömrünü sür,
İsanı, Əlini pul düşünüdürür,
Yalnız pul qazanmaq olubdu amal.
Araz Əlizadə:
Normal olmaq üçün yox sizdə istək,
Siyasi meydanda qalmısınız tək,
Sizə fayda verməz siyasi dəstək,
Çətin kömək etsin sizlərə rəmmal.
Qabil Hüseynli:
Opponent rəqibi daim gic görər,
Ən ağıllı işi yalnız bic görər,
Boş yerə, de, kimlər yaxşı iş görər?
Gətirdim mən sənə lap adi misal.
Araz Əlizadə:
Radikal bloku alaq basıbdı,
Basıbdı, özü də, qalaq basıbdı,
Qazanc ehtirası aşıb-daşıbdı,
Bu, yaxşımı haldı, yoxsa ki, pis hal?
Qabil Hüseynli:
Əli də, Lalə də solub qalacaq,
İsa bulud kimi dolub qalacaq,
Radikal, radikal olub qalacaq,
Deyirəm, ay Araz, yumayaq babal.
Araz Əlizadə:
Nə qədər girmisiz ifrat köşkünə,
Düşmüsüz o qədər miskin, pis günə,
Sizə o pul verən bossun eşqinə,
İndi siz götürüb çalın tar-qaval.
Qabil Hüseynli:
Pul üçün radikal ölümə gedər,
Qərb özü pulunu daim sərf edər,
ABŞ qrant verir kifayət qədər,
Yardım göstərəcək İsaya Şimal.
Araz Əlizadə:
Qərbdə və ABŞ-da goplamısınız,
Qarın yoğunladıb uflamısınız,
Çox mənfi enerji toplamısınız,
Odur ki, olmusuz hamınız bihal.
Qabil Hüseynli:
Çox olub liderlər qusa yerində,
Bəzisi tərs durur qısa yerində,
Möhkəm dayanıbdı İsa yerində,
Səhnədən çıxırlar Sərdarla İqbal.
Araz Əlizadə:
İşi əl altdan gör, həm zərif eylə,
Çalış başqanı tez hərif eylə,
Sən gəl öz İsanı az tərif eylə,
Artıq boşalmaqda radikal çuval.
Qabil Hüseynli:
Qərbdə, Vaşinqtonda yalayıb qabı,
Odur ki, tükənib başqanın tabı,
Hələ mükəmməldi İsa mizrabı,
Sən də bu mizrabla vurmaqdasan xal.