Əli Əliyev:
Mənim nəzərimdə Lalə və Əli,
Qoşulub İsaya olublar dəli,
Mənim özümə də gəlir gülməli,
İndi hər ikisi açaraq qanad,
Deyirlər lazımdı bizə Müsavat,
Orada sürərik azad, şən həyat.
Qabil Hüseynli:
Doğru, Lalə, Əli gəldiyi qərar,
Buna "VİP" sədrinin şübhəsimi var?
Bu "üçlük" birləşib verəcəkdi bar,
Dərhal radikallar olacaqlar şad.
Əli Əliyev:
Vallah, qoşulmaqçün min bir yerim var,
"Azadlıq" tək azman bir əsərim var,
Mənim də birləşən qüvvələrim var,
Əlini, Laləni edərəm bərbad.
Qabil Hüseynli:
"VİP" Əli haraya və huya gedir,
Müsavat tək iri saraya gedir,
Lalə, Əli bilər haraya gedir,
Sən get öz bildiyin yerə lövbər at.
Əli Əliyev:
Qoy olsun Laləyə, həm Əliyə ar,
Didsin gözlərini qartal, quzğun, sar,
Vaxtında geriyə qayıtmasalar,
Onlara bosslar da verməzlər qrant.
Qabil Hüseynli:
Əgər ağrıyırsa, çəkdir dişi sən,
Niyə gördün bilmədiyin işi sən?
Sən onlardan əl çək, yekə kişisən,
Qaysaq bağlamayan qəlbi az qanat.
Əli Əliyev:
Bir qədər ruhani pir katib idim,
Adım Əli kimi dür katib idim,
"Azadlıq"da adi bir katib idim,
İndi dönüb oldum müdrik bir fanat.
Qabil Hüseynli:
Səndə çox olubdu yalanlar, nəhslər,
Bihudə yerədi qovğalar, bəhslər,
Birlik yaradacaq dediyin kəslər,
Qəssab yanına get, sümüyü sanat.
Əli Əliyev:
İsanı özünə bir şef saydılar,
Onun nüfuzunu özəl yaydılar,
Əgər "Azadlıq"dan qaçmasaydılar,
Əliyə, Laləyə verərdim xalat.
Qabil Hüseynli:
Sən qal öz yerində, Əli, lal həddə,
Əli, Lalə öndə, sənsə mal həddə,
Onlar görüşərlər qlobal həddə,
Sənsə "Azadlıq"da edərsən vəfat.
Əli Əliyev:
Rəzalət ifratda, insaf haqdadı,
Boss gözündə İsa bir qıraqdadı,
Siyasi reytinqin azaltmaqdadı,
Sənsə falçıya get, vaxtını sınat.
Qabil Hüseynli:
Mən xoş gün görərəm bossun əliylə,
İsa öyünməkdə qərənfiliylə,
Müsavat bağında Lalə Əliylə,
"Azadlıq" içində sən qüssəyə bat.
Əli Əliyev:
Xoş təklif çıxmamış hələ dilindən,
İçdən özün yandın, çoxu çölündən,
İsa baş açınca sənin felindən,
AMİP-i satdığın kimi, onu sat.
Qabil Hüseynli:
Demə, indiyədək xoş ifan oldu,
Səni yerə vuran boş qafan oldu,
"Azadlıq" dağılıb dırrahan oldu,
"VİP"-inin özü də verməkdədi çat.
Əli Əliyev:
Başqanın olmadı heç qərənfil də,
Ona əlac etməz ən azman fil də,
Mandat almayacaq İsa bu il də,
Əbədi qaçmaqda ondan həm mandat.
Qabil Hüseynli:
İçki iç, sən giriş xaşına tezcə,
"VİP" bostanında cum xışına tezcə,
Get sürt qatığını başına tezcə,
Pis olmaz üzünə sürtsəydin tamat.
Əli Əliyev:
Əli, Lalə etdi özünü cında,
Müsavat tezliklə olacaq banda,
Şahmatda vəziri yıxılan anda,
Sənin İsa bəyin olacaqdı mat.
Qabil Hüseynli:
İldızdan keçəcək bir qıl olaram,
Xarici bosslara lap qul olaram,
Bol qrantdan hayıl-mayıl olaram,
Bu gündən yuxuna sən get haram qat.
Əli Əliyev:
Xaric ürəyinə sancacaq kürzü,
Çəksə tərəfinə kim yanar közü,
İpə-sapa yatsın İsanın özü,
Sən də, gəl ay Qabil, etmə çox inad.
Qabil Hüseynli:
Siyasi meydanlar görüb az səni,
Katiblik, əlbəttə, edib daz səni,
Dost fili yaxına buraxmaz səni,
Sən get yad fillərin qulağında yat.
Əli Əliyev:
İçəri buraxmır çox səsi meydan,
Əfv etməz uğursuz bir kəsi meydan,
İsayçün qapanıb siyasi meydan,
O, mat olmasa da, olacaqdı pat.
Qabil Hüseynli:
Sən heç "VİP"-inə də tutmamısan şam,
Sənin kimilərin qəlbinə qadam,
Sən sıfır həddində olan bir adam,
Məndə, başqanda var fitri istedad.