Rauf Arifoğlu:
Radikal reytinqi sıfır həddində,
Düzəliş gözlənmir İsa qəddində,
Qüsuru axtarma əbey-cəddində,
İfratlar tiri-tap yıxılıb yaman,
Dərdinə bir əlac tapmaz heç şaman,
Radikallar niyə etmir əlman?!
Arif Hacıyev:
Meyliniz enişə, yolumuz dikdir,
Fikir-xəyalınız, paslıdır, çirkdir,
İfratlar içində başımız dikdir,
Biz Qərb bossundan da ummuruq aman.
Rauf Arifoğlu:
Əlinin gözünə çəkilibdi mil,
Əvəz Laləsini eyləyibdi şil,
Günahın çoxusu İsadadı, bil,
Müsavat üstünə çökübdü duman.
Arif Hacıyev:
Vüsəti süquta yozanlar çoxdu,
Bizdə Aruzlar və Qazanlar çoxdu,
Ayaqlar altını qazanlar çoxdu,
Sən də su altından az yerit saman.
Rauf Arifoğlu:
İsa qulağı da heç qut olarmı?
Alma ağacında armud olarmı?
Söylə, bundan artıq süqut olarmı?
Məgər başınamı uçmalı koman?
Arif Hacıyev:
On il sarsaqlayıb, sərəyə qaçdın,
Sən elə zənn etdin gərəyə qaçdın,
Qəzeti götürüb dərəyə qaçdın,
Elə həmin andan açıldı siman.
Rauf Arifoğlu:
İsa qərargahdan çölə oturub,
"DUİ", "Azadlıq", "QAT" melə oturub,
Hazırda Müsavat milə oturub,
Əlçatmaz uzaqda qalıbdı liman.
Arif Hacıyev:
Özünü yüksəldib, lider, şah etdin,
Sən şaqqanaq çəkdin, çox qah-qah etdin,
Vosmoyda qəzeti qərargah etdin,
Deyilsənmi tənha kədərə cuman?
Rauf Arifoğlu:
Atını dördnala yortsa da İsa,
Bossun süfrəsində artsa da İsa,
Nə qədər yuxarı dartsa da İsa,
Kəmər daralıbdı, düşməkdə tuman.
Arif Hacıyev:
Müsavat gözündə irin, qan olub,
Xoruz banlamamış dedin dan olub,
Dedim Hacı İsa müsəlman olub,
Səndə yox ondakı xurafat, iman.
Rauf Arifoğlu:
Müsavat üstünə sən gənə düşdün,
Gələndən quruma məngənə düşdün,
Ay zavalı Arif, nə günə düşdün,
Eşitdim başqanın öz çmon olub.
Arif Hacıyev:
Qane eləmədi səni Müsavat,
Çoxmu zəif düşüb yəni Müsavat?
Vəbana çevrilib "Yeni Müsavat",
İsa bəy taunun, həm çuman olub.
Rauf Arifoğlu:
Ömründə açmadın düz daroqa sən,
Döndün Müsavatçün qoşa roqa sən,
Kəsmik söyləyirsən tvaroqa sən,
Smetan da dönüb pak xaman olub.
Arif Hacıyev:
Saxladın qəzetdə kür müxbir kimi,
Sevib-əzizlərdin dürr müxbir kimi,
Başına and içdin bir müxbir kimi,
Sənə şıllaq atan ilk Ləman olub.
Rauf Arifoğlu:
Yatdın qərargahda yanda Lizalar,
Şah damarda axan qanda Lizalar,
İsaya mız qoydu Kondalizalar,
Sənə təpik vuran ilk Riman oldu.
Arif Hacıyev:
Qəfil tormozlandı həm cürət gözün,
Həm çıxdı sıradan o sürət gözün,
Qapandı siyasi bəsirət gözün,
Başqan da başına açdı min roman.
Rauf Arifoğlu:
İsa siyasətə qoymaqdadı son,
İndi get Əlinin blokuna qon,
İsaya əl etdi London, Vaşinqton,
Onu xəcil etdi Parisin, Roman.
Arif Hacıyev:
İtmişdin labirint içrə düyündə,
Ağrılar-acılar ürəkdə kündə,
İsaya yön alıb zavalı gündə,
Qaysavadan səndin gəlib pay uman.
Rauf Arifoğlu:
Moskvadan çıxıb it söyləmişdi,
Kremldən sürüş get söyləmişdi,
İsaya acı bir net söyləmişdi,
Sənin Medvedevli-Putinli Duman.
Arif Hacıyev:
Bir addım irəli, haydı, avara,
Çinli məhəllədə toydu, avara,
Yuri Lermontovu qoydu avara,
Sənin çox sevdiyin ecazkar Taman.
Rauf Arifoğlu:
İsaya nə etdi, Ohud eylədi,
ABŞ-dan alınan o bud eylədi,
Nəhayət, Müsavat süqut eylədi,
Tapıldı sənin də ağzını yuman.
Arif Hacıyev:
Ağlın, əqidənin yamanı başda,
Sünbülün saralmış samanı başda,
Dumanlı göylərin dumandı başda,
Çökməkdə başına dayaqsız səman.