PDF Oxu

Köşə

  • 27

Rusiyada bitən Lex və Mariya romanı

Rusiyada bitən Lex və Mariya romanı
O, Rusiyaya keçən əsrdə qətlə yetirilmiş polyakların ruhlarını ziyarət etmək və bunun Rusiya tərəfindən edildiyini dünyaya çatırmaqla, heç vaxt xoşu gəlmədiyi Kremli bir növ utandırmaq üçün gəlirdi. Amma səmada uçarkən heç ağlına da gətirmirdi ki, cəmi bir neçə saatdan sonra onun özü Smolenskdə qəzaya uğrayıb, parça-tikə olacaq və bununla da, bütün tarix boyu polyakların ruslara bəslədikləri dəhşətli nifrətin memarına çevriləcək! Həyatın fəlsəfəsi budur.
Amma bu, hələ bir neçə saatdan və bir neçə dəqiqədən sonra olacaqdı. İnsan başına gələcək hadisələrdən tam bixəbərdir. Heç kim Allah-Talanın alnına və ömür səhifəsinə yazdığı qisməti bilmir. İNSAN ÖVLADI ALNINA YAZILAN BU QİSMƏTİ VƏ TALEYİ YALNIZ YAŞAMAĞA MƏHKUMDUR, VƏSSALAM! Bu bir qədər yazısı və tarixi həqiqətdir. Bəzilərinin sanki heç vaxt ölməyəcəkləri haqqındakı mülahizələri sanki bu dünyanın quyruğundan əbədi tutub yaşayacaqları obrazını yaratmaları, əslində, cahilliyin bir nümunəsidir. O da başına gələcək hadisələrdən və tale yazısından tam xəbərsiz idi. Həyatının 61-ci baharında heç vaxt xoşu gəlmədiyi və bütün polyakların daima ağız büzdükləri Rusiyada tam faciəli bir şəkildə bu dünyaya əlvida dedi. Həm də bütün ömrü boyu canı qədər sevdiyi və məhəbbət dastanı olan Mariya Kaçinski ilə birlikdə. Onlar birlikdə sevdilər və birlikdə də bu dünyanı tərk etdilər. Bu, bütün dünyada və Avropada bir sevgi romanıdır, amma faciəli bir roman.
Onun Rusiyada faciəli ölümü ilə bütün polyakların tam bir tarix boyu Rusiyaya dəhşətli NİFRƏT ERASI başladı. Fakt budur və bunu artıq nəyləsə dəyişmək mümkün deyil. O, həm də Avropanın ikiüzlü və riyakar siyasəti fonunda bütün varlığı ilə SAF olan, hər kəsə qarşı məhz DÜŞÜNDÜYÜ KİMİ münasibət bəsləyən bir insan idi.
Bu, Lex Kaçinski idi. O, artıq bir əfsanə kimi tarixə köçdü. Bu fakt nə qədər acı olsa da, belədir. Kim idi L.Kaçinski? Daima yeni Avropa uğrunda mübarizə aparan, siyasətçidən daha çox ictimai xadim kimi ürəyindəkiləri olduğu kimi dilə gətirən və bir az da Rusiyaya ehtiyatla, Leninin uyuduğu Kremlə hələ də imperiya qalası kimi baxan Polşa lideri. Yadıma gəlir, 2008-ci ilin avqustunda Rusiya qoşunları Gürcüstanın başının üstünü alanda, o da Kondaliza Raysa, Angela Merkelə, Nikolay Sarkoziyə qoşulub Qafqaza gəlmişdi. Mən o zaman bu Qərb lierlərinin qızmar avqust istisində Qafqaza "təşrif buyurmasını" ayrı-seçkilik əlaməti adlandırmışdım və belə bir hadisənin Azərbaycanın başına gələ biləcəyi təqdirdə, avropalıların bizim hayımıza çatmayacaqlarını yazmışdım.
İndi Rusiya rəhbərləri heç vaxt tarix boyu arzulaya və ağıllarına da gətirə bilməyəcəkləri duruma düşüblər. L.Kaçinski məhz Rusiyada faciəyə uğradı. Avropanın anti-Moskva ruhlu liderlərindən biri Rusiyada həyatını faciəli şəkildə Əzrayıla tapşırırsa, bunun artıq nə demək olduğunu izah etməyə və kimlərisə bunun belə olmadığına inandırmağa dəyməz! İndi sən gəl neçə əsrlərdir ki, Rusiyaya qaşqabaqla baxan polyaklara başa sal ki, bəs bu faciə, Anadolu türkləri demişkən, bir "trafik qəzasıdır".
Bütün dünyanın onun üçün yas saxladığı bu məqamda, bir həqiqət tam çılpaqlığı ilə ortadadır ki, L.Kaçinski bir növ Qərblə Rusiya arasında başlanan yeni "soyuq müharibə"nin dramatik qurbanı oldu, vəssalam! Yox, qətiyyən mən iddia etmirəm ki, L.Kaçinskinin təyyarəsi Smolenskdə qəsdən partladılıb, yaxud prezidentin pilotları hansısa xüsusi xidmət orqanı tərəfindən "satın alınıb". Qətiyyən. Sadəcə, ABŞ-la Rusiya arasındakı bu diplomatik və kifayət qədər sürətli şəkildə "soyuq müharibə"yə çevrilən gərginlik L.Kaçinskinin faciəli məhvi ilə bir növ start götürdü, arxasınca Bişkekdə "Moskva inqilabı" baş qaldırdı. Bu, bəlkə bir zəncirin halqalarıdır. Bunu tarix deyəcək. Ortada açıq görünən odur ki, iki nəhəng keçən əsrin NATO və Varşava təşkilatındakı kimi bir-biri ilə nüfuz dairələrini bölmək üstündə, sözün əsil mənasında, döyüşürlər. Yaşadığımız günlərdə görünəni budur, arxasını bircə BÖYÜK ALLAH BİLİR!
2010-cu ilin apreli isə Kaçinskilərin faciəli dramı və ac qırğızların əllərinə silah götürüb Bakiyevin qəsrlərini və mağazalarını talan etmələri ilə yaddaşlara köçür. Amma siz bu yazını oxuyanda, hələ aprelin on altısıdır. Deməli, hələ aprelin qurtarmasına bir ömür var. Çünki hər saniyənin bütün tarixi dəyişəcək qədər hökmlü olduğu bu dünyada hər an hər şey baş verə bilər!

Digər xəbərlər