PDF Oxu

Köşə

  • 23

“Azadlıq", yoxsa Müsavat daha çox casusdur?

“Azadlıq", yoxsa Müsavat daha çox casusdur?

Nurəddin Məmmədli:

İsa "Azadlığ"ı alıb nəzərə,
Rus, İran casusu dedi bizlərə,
Fəqət, bu iddia bənzər həzərə,
Başqan nahaq yerə salır səs-səmir,
Axı onun özü bol qrant əmir,
İsa Vaşinqtona, Qərbə işləmir?

Arif Hacıyev:

İsaya iftira yaxma bu qəbil,
Sən şər tuluğusan, deyəsən, əsil,
Məgər Qərb demokrat carçısı deyil?
Sizin qarınlılar qrant dişləmir?

Nurəddin Məmmədli:

Boss əlilə kalan, həm tuz sizsiniz,
Özünüz bədəməl, həm puç sizsiniz,
Doğru desək, elə casus sizsiniz,
Arif, sən get barmağını üt, gəmir.

Arif Hacıyev:

ABŞ-ın səfiri çağıran zaman,
Əlidi birinci oraya cuman,
Sən də yaxa cırıb, etmə əlaman,
Bəd söz söyləməsən, almazsan çimir.

Nurəddin Məmmədli:

ABŞ, Avropada qaldırsa əsa,
İkinci yüyürən olacaq İsa,
Eldar Namazovsa üçüncü kasa,
Guya ki, bunları kütlələr bilmir.

Arif Hacıyev:

Bizlərdən xətaya, əsla, gediş yox,
Kütləyə də zərər verən bir iş yox,
Guya sizdə qrant kəsən bir diş yox,
"Yurd" Əli boss verən şampanda çimir.

Nurəddin Məmmədli:

Mətbuatda İsa hey qan-qan deyir,
Bizlərə o, casusi-İran deyir,
Lalə ona Əvəz Temirxan deyir,
Siz onu etmisiz Əvəzxan Temir.

Arif Hacıyev:

Tərəkəmə Qərbi sizlər tat sayır,
Əli minmək üçün Qərbi at sayır,
İsa Vaşinqtonu demokrat sayır,
Siz Nurəddin farsı etmisiz dəmir.

Nurəddin Məmmədli:

Sən get başqanınçün dalağı qatda,
O, casusluq edib balağı qatda,
İsa sürünməkdə aşağı qatda,
Siz onu çevirib etmisiz əmir.

Arif Hacıyev:

Başqanınkından pis Əli niyyəti,
Onunkundan azdı, bil, qətiyyəti,
İsanın dərdini çəkməyin qəti,
Sınmış "Azadlığ"ı eyləyin təmir.

Nurəddin Məmmədli:

Biz qurban gedərdik əzəli bossa,
Başqan yapışmaqda bir zəli, bossa,
Qulluq göstərsə də "Yurd" Əli bossa,
İsa bir casus ki, sifəti kömür.

Arif Hacıyev:

Bosslar daim deyir bəli İsaya,
Çox bossun yetişmir əli İsaya,
Daim şıllaq atmış Əli İsaya,
İsa həmkarına atmır daş, çəmir.

Nurəddin Məmmədli:

İsada lider tək lap çoxdu kəsir,
Birincilik üçün o gedir yesir,
Rəqibin başını pambıqla kəsir,
Əli opponenti zülmətə gömür.

Arif Hacıyev:

Xaricdə başqanın pulu oynayır,
Sənin Əlininsə çulu oynayır,
İsa yaxşı casus rolu oynayır,
Əli pis casusdu neçə var ömür.

Nurəddin Məmmədli:

Əli sino getmir adi qol üçün,
Tədarük də görmür, hətta yol üçün,
İsa bəy yalmanır bossa pul üçün,
Onu casus edib pis maya, xəmir.

Arif Hacıyev:

"Yurd" Əli qrantı tut kimi çırpır,
İsa bəy bosslara gözünü qırpır,
Əli İsadan çox vəsait qırpır,
Cibiboş evə get, əlini sümür.

Nurəddin Məmmədli:

İsa qalmaqala, həm küyə qalxır,
Bişmiş istəyirik, o, çiyə qalxır,
Əli siyasətdə yüksəyə qalxır,
Sizin başqanınız zülmətə enir.

Arif Hacıyev:

İsa siyasətdə, nataraz, ağır,
Əlinin ağzından söz güclə çıxır,
Sizinki daim boss əlilə baxır,
Bizimki boss özü dinəndə dinir.

Nurəddin Məmmədli:

Sizin Müsavatda gön sıradadı,
Bizdə ağıl, kamal, gen sıradadı,
İsa qalmaqalda ön sıradadı,
Bizim Əli bəydən gəlmir heç hənir.

Arif Hacıyev:

Lalənin, Əlinin tökülür əti,
Müsavat həmişə sözündə qəti,
İsanı dost sözü, dost məsləhəti,
Sizin "Yurd" Əlini boss sözü yenir.

Nurəddin Məmmədli:

"Azadlığ"ın təbi qaydasındadı,
İsanın qəzəbi qaydasındadı,
Əlinin əsəbi qaydasındadı,
Yerində olmamış İsada sinir.

Arif Hacıyev:

Lalə pis, ya yaxşı "Madam"dı, görən?
Demir ya püstədi, badamdı, görən?
Əli necə normal adamdı, görən?
Qabağına çıxan hər bossu minir.

Digər xəbərlər