PDF Oxu

Köşə

  • 10

Rəsul Quliyev pulla blok yaratmaq istəyir

Rəsul Quliyev pulla blok yaratmaq istəyir

Rəsul Quliyev:

Okeandan o tayda olsam da bu gün,
400 min dolları götürüb bütün,
Xərclərdim ən yaxşı radikal üçün,
Qoy gəlsin Müsavat, həvəsi varsa,
Mirmahmud təklifi, eşitsin, karsa,
Sevinərdim pulu İqbal aparsa.

Akif Şahbazov:

Bir gəl kəlməsinə qəfil duraram,
400 minə yüz partiya vuraram,
Kimlə desə əməkdaşlıq quraram,
Rəsul məni sayıb yenə çağırsa.

Rəsul Quliyev:

Akif, Vaqif versin bu gün səs-səsə,
Mənə qoşulanlar girişsin bəhsə,
Radikallar məni dəstəkləməsə,
Mən ağız açaram ruslara, farsa.

Akif Şahbazov:

Bəndəniz Rəsulçün işləyən gəldi,
Bu gün partiyada mənəm ən cəldi,
"ACP"-nin sədri Vaqif əfəldi,
Sevinərdim, kimlə əlaqə qursa.

Rəsul Quliyev:

Pul verib çağırdım, quruma girdin,
İstefa verəndə, özün itirdin,
İşləyən idinsə, niyə gedirdin?
Getdiyin yerdə qal məsləkin zırsa.

Akif Şahbazov:

Lalənin cibinə yüz çökdürərəm,
"DUİ"-yə, "Ümid"ə biz çökdürərəm,
İsanı önündə diz çökdürərəm,
Məni bağışlarsan, sifətin nursa.

Rəsul Quliyev:

Hələ də Nyu-Yorkda səbr alıram,
Mən sığınmaq üçün çətir alıram,
Nağd pul da ödəyib, sədr alıram,
Qəbul edərəm, kim yanıma varsa.

Akif Şahbazov:

Sən məni rədd etsən, mən şok gətirrəm,
İstəsən pop ulduz, ya rok gətirrəm,
Sənin pullarınla blok gətirrəm,
Gəlməzlər yanına liderlər hırsa.

Rəsul Quliyev:

Bakıda özümə bir yer alıram,
Satılan spiker, həm mer alıram,
Pul verib özümə lider alıram,
Pulu götürməzlər liderlər korsa.

Akif Şahbazov:

İndi cibim boşdu, çmo gedirəm,
Əgər pul yoxdusa, mimo gedirəm,
Pula mən özüm də sino gedirəm,
Əli, İsa, İqbal yaxasın cırsa.

Rəsul Quliyev:

Darıxıb düşmüşəm haldan-hala mən,
Gəlmək istəyirəm indi yola mən,
400 min verərəm radikala mən,
Mən lider olardım, bəd bəxtim yarsa.

Akif Şahbazov:

Pulla blokları əsir gətirrəm,
İsanı, İqbalı yesir gətirrəm,
Bütün liderləri bir-bir gətirrəm,
Bu, bağlı qapına əla açarsa.

Rəsul Quliyev:

Pulu müftə versəm, səhv eyləyərəm,
Məni aldadanı məhv eyləyərəm,
Hər arzu edəni əfv eyləyərəm,
Xoş niyyətlə gəlib qapımı qırsa.

Akif Şahbazov:

Pul ver, düşmənini bir-bir dəf eylə,
Səni lider edim, sən də kef eylə,
Məni də onlara qatıb məhv eylə,
Bir pul alan lider zənciri qırsa.

Rəsul Quliyev:

Qoymayın ki, yadlar məni uçurda,
Arzu eyləyirəm, qayıdam yurda,
İstərdim ki, udam birinci turda,
Dözərəm, əgər lap beşinci tursa.

Akif Şahbazov:

Qarınquluları qoyun əyəcək,
"DUİ"-ni, "Ümid"i oyun əyəcək,
İsa, Lalə pula boyun əyəcək,
Uğur qazanarsan, boğazın gursa.

Rəsul Quliyev:

Cibinə pul basıb dər birisini,
Pul verim, sən gətir nər birisini,
Pulum əridərdi hər birisini,
Əgər radikallar saqqızsa, qırsa.

Akif Şahbazov:

Koroğlu yox, Həmzə, Bolu radikal,
Pul burax, burada dolu radikal,
Gətirrəm şirəli, sulu radikal,
Heç pula da gəlməz radikal xarsa.

Rəsul Quliyev:

Pul versən müsbət jest, qəlb eyləyərsən,
İşi pulsuz görsən, qəlp eyləyərsən,
Yanına daha çox cəlb eyləyərsən,
Dodağından qopan "Qatar"sa, "Şura"sa.

Akif Şahbazov:

Dinənin başına lom, balta sallam,
Onlarla ifratı lap alta sallam,
Onları çox hamar asvalta sallam,
Kələ-kötür yolun çınqılsa, xırsa.

Rəsul Quliyev:

Pulu çox olsaydı, doymazdı biri,
Gəlib gündəmi də yaymazdı biri,
Pulum olmasaydı, saymazdı biri,
Pul alanlar cumar ayıya, xırsa.

Akif Şahbazov:

Dəf etmə, mənim tək pulun acını,
Qoyaram başına ifrat tacını,
Biri göstərsəydi onun ucunu,
Pul üçün gedərdim Rusetə, Qarsa.

Digər xəbərlər